Dünya bazarında neftin bir barelinin qiymətinin 30 ABŞ dolları səviyyəsindən xeyli dərəcədə aşağı düşəcəyi inandırıcı görünmür.
“Report” xəbər verir ki, bu barədə nüfuzlu “Fitch” beynəlxalq reytinq agentliyinin açıqlamasında bildirilir. Açıqlamaya görə cari ilin II yarısında tələbatın tədricən artması və təklifin azalması nəticəsində bazarda istehsalat kəsirinin yaranma ehtimalı böyükdür.
“Fitch”in qənaətinə görə, OPEC+ çərçivəsində neft hasilatının rekord həddə azalmasını (9,7 mln. barel/gün) daha bir ay uzatmaqla bağlı əldə edilən razılaşma nəticəsində bazardakı tarazlıq bərpa edilməlidir. Lakin neft qiymətlərinin hazırkı artımının nə qədər davam edəcəyi hələlik bəlli deyil. Belə ki, qeyri-OPEC ölkələrində, xüsusilə də ABŞ-da hasilatın həcmi bazarda tələbatla təklif arasındakı tarazlığa mühüm təsir edəcək. Agentliyin proqnozuna görə, ilin I yarısında yaranan neft ehtiyatlarının əriməsi bir neçə ay uzana bilər.
Neftin bir barelinin qiymətinin 40 ABŞ dolları səviyyəsinə çıxması ABŞ şirkətlərinin hasilat həcmini artıra bilər ki, bu da bazarda qiymətlərin əvvəlki səviyyəyə qayıtmasını əngəlləyəcək. Qiymətlər 30 ABŞ dolları olsa isə, hasilatı sabitləşdirməyin mümkün olacağı qeyd edilir.
“Fitch”ə görə, OPEC+ formatının iştirakçı ölkələri may ayında hasilatı marta nisbətən 7,5 mln barel azaldıblar, iyun ayında isə məcmu ixtisarın həcmi 9 mln bareli ötməlidir.
Aprel ayında “Fitch” “Brent” markalı neftin orta illik qiymətinə dair proqnozunu 35 ABŞ dolları səviyyəsində saxlamışdı. Qiymətin 45 ABŞ dollarınadək artımı 2021-ci ildə, 53 ABŞ dollarınadək artımı isə 2022-ci ildə gözlənilirdi.