Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Avstraliyaya ilk səfəri başlayıb.
Komitədən bildiriblər ki, səfər çərçivəsində F.Muradovun Sidney, Melburn, Kanberra, Balarat, Brisben və Qold Kost şəhərlərində yaşayan Azərbaycan icmalarının üzvləri ilə görüşləri keçiriləcək, buradakı Azərbaycan diaspor təşkilatlarının Koordinasiya Şurasının yaradılması məsələsi müzakirə ediləcək.
Səfər proqramında Azərbaycana dost ölkələrin Avstraliyadakı icmalarının üzvləri, eyni zamanda, ölkənin bir sıra rəsmi şəxsləri ilə görüşlər də nəzərdə tutulub.
Qeyd edək ki, hazırda Avstraliyada Azərbaycan diaspor təşkilatlarının sayı 5-ə çatıb və minlərlə soydaşımız bu təşkilatlar ətrafında sıx birləşib. Burada məskunlaşan həmvətənlərimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq yaxşı təşkilatlanmağa maraq göstərir və ölkəmizin haqq səsinin yaşadıqları cəmiyyətlərə çatdırılması üçün fəallıq göstərirlər.