Əhalinin sosial gəlirlərinin artırılması, vətəndaşların maddi rifahının yaxşılaşdırılması gələn ilin büdcəsində diqqətdə saxlanılıb.
Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə 2024-cü ilin dövlət büdcəsi ilə bağlı parlamentdə keçirilən plenar iclasda deyib.
Deputat vurğulayıb ki, Zəfərimizin qazanılmasına, Qarabağdakı erməni separatizminin kökünün kəsilməsinə məhz güclü iqtisadiyyatımızın hesabına nail olunub.
Bərpa və quruculuq işlərinə, ümumiyyətlə, Böyük Qayıdışa indiyədək 11 milyard manat vəsaitin xərcləndiyini diqqətə çatdıran M.Abbaszadə bu istiqamətdə işlərin davam etdirildiyini bildirib. Qeyd edilib ki, gələn ilin büdcəsində bu vəsait 4 milyard manat müəyyənləşdirilib.
“2024-cü ildə illik inflyasiyanın 5,3 faiz olacağının proqnozlaşdırılması dövlətimizin əhalinin illik gəlirlərinin qorunmasına diqqət yetirdiyini deməyə imkan verir. Büdcə ilə bağlı qanun layihəsi sosial sahədə aparılan siyasətin bundan sonra da davam etdiriləcəyi əsasını yaradır”, – deyə M.Abbaszadə vurğulayıb.
Deputat bildirib ki, gələn il üçün dövlət büdcəsinin gəlirlərinin 50,2 faizinin qeyri-neft sektorunun payına düşməsi Prezident İlham Əliyevin bu istiqamətdə yürütdüyü siyasətin nəticəsidir.