Stanislavski deyirdi ki, “teatr asılqandan başlanır”.
Teatr həm də aktyorlardan başlanır.
Paytaxt teatrlarının yaradıcı kollektivlərində öz ixtisasının nəzəri və praktiki bilən aktyorlar var.
Amma rayon teatrlarında bununla bağlı vəziyyət dramatikdir.
Bu günlərdə rayon teatrlarının zəif repertuarı və çağdaş trendlərlə ayaqlaşa bilməməsi barədə bir sıra yazıları oxudum.
Rayon teatrlarından böyük uğur gözləyənlər nədənsə bu sənət məbədlərinin peşəkar aktyor baxımından nə qədər əziyyət çəkdiklərini gözardı edirlər.
Mədəniyyət Universitetinin aktyorluq ixtisasını bitirənlər Bakıda qalmaq üçün min yola əl atırlar, amma rayon teatrına getmək istəmirlər.
Niyə?
Yəqin paytaxtın parıltlı həyatında pespektiv və karyeraya ümid edirlər. Necə deyərlər “Paytaxtda beşinci olmaq, əyalətdə birinci olmaqdan yaxşıdır” prinsipi…
Amma…axı bütövlükdə teatr və mədəniyyətimiz uduzur.
Sovet dövründə Azərbaycan teatrında Şəki, Lənkəran, Ağdam və digər dram teatrlarının gözəl təcrübələri var idi.
Lənkəran Dövlət Dram Teatrının “Nikbin faciə”, “Ölülər” və digər tamaşaları televizyanın “Qızıl Fondu”na düşmüşdü…
Çünki bu teatrlarda aktyor heyəti güclü idi…
Şəki teatrında Vaqif Abbasov, Lənkəranda Baba Rzayev və digərləri səhnədə peşəkar aktyor heyəti formalaşdırmışdılar.
İncəsənət Universitetini bitirənlər təyinatla rayon teatrlarına göndərilirdi.
Baza yaranırdı.
Amma bu sistem ləğv ediləndən sonra rayon teatrları həvəskar və istedadlı uşaqların çiyinində qalıb.
Bu gün də həmin teatrlarda aparıcı xətt həmin dövrdə formalaşmış peşəkar aktyorların üzərindədir.
Rayon teatrlarında çox istedadlı gənclər var. Amma…onların əksəriyyəti ixtisası üzrə ali təhlsil almayıb, oxumayıblar. Ən müxtəlif sahələr üzrə oxuyan bu istedadlı gənclərin içindəki aktyorluq həvəsi onları teatra gətirib.
Axı nəzəri biliklər, məşhur teatr rejissorlarının və pedaqoqlarının rəhbərliyi altında bu ixtisasın incəliklərini öyrənmək də mühümdür.
Mədəniyyət Nazirliyi ali təhsilli aktyorları rayonlara işləməyə göndərə bilmir, yerlərdə isə həvəskarlar öz istedadları ilə bu işi aparır.
Bunun bir yolu tapılmalıdır.
Həmin həvəskar və istedadlı gəncləri Mədəniyyət Universiteti ya öz siniflərinə qəbul etməlidir, ya da nazirlik onların aktyor təhsili alması üçün bir “yol xəritəsi” qurmalıdır.
Məncə, bu, rayonlarda teatr səhnələrində peşəkar aktyor heyətinin formalaşmasına böyük kömək edə bilər.
Xaqani SƏFƏROĞLU