Gənclər və İdman Nazirliyində yeni layihə başlayıb

Azərbaycan Gənclər və İdman Nazirliyində (AGİN) təkmilləşdirmə layihəsi start götürüb.

Bu barədə AGİN-in Kadr Hazırlığı Sektorunun baş məsləhətçisi və layihənin rəhbəri Ramil Cabbarov məlumat verib.

Onun sözlərinə görə, layihənin əsas həqsədi həm nazirlik əməkdaşların kompetensiyalarının daha da yüksəldilməsi, həm də onların daxili təlimçi kimi formalaşmasına şərait yaratmaqdır: “İlk mərhələdə 15 nəfər idman, eyni sayda əməkdaş isə gənclər istiqamətindən seçilib. 30 nəfərlik kollektiv üçün 15 fərqli mövzuda təlimlər təşkil olunur. Birinci mərhələ 2 ay davam edəcək. Bundan sonra həmin əməkdaşlar Azərbaycanın bütün regionları üzrə məsul şəxslər olacaq”.

Cabbarov ikinci mərhələdə hər regiona 2 əməkdaşın yollanacağını söyləyib: “Onlardan biri Gənclər Evinə, digəri isə idman qurğularına gedərək, öyrəndiklərini oradakı əməkdaşlara çatdıracaqlar. Bir növ özləri də təlimçi fəaliyyəti göstərəcəklər. Üçüncü mərhələdə isə həmin bölgələrdə keyfiyyət tapşırıqları veriləcək. Bunlara komplekslərin mükəmməl idarə edilməsi, kadr siyasətinin aparılması, ünsiyyətin qurulması və bu kimi digər məsələlər daxildir. Layihənin 3-cü mərhələsi bu ilin sonunda yekunlaşacaq. Ümumi proses isə daimi olaraq, il ərzində davam edəcək. Yekunu reytinq sistemi müəyyənləşdirəcək. Bundan sonra hansı regionların daha yaxşı keyfiyyət göstəricilərinə imza atdıqları bəlli olacaq”.

Layihə rəhbəri yekunda əməkdaşların peşəkar təlimçi sertifikatı alacaqlarını vurğulayıb: “Amma bu layihə 30 nəfərlə yekunlaşmayacaq. Həmin şəxslərin özləri də daxildə yeni təlimçilər yetişdirəcəklər. Biz bununla daxili təlimçi resurs bazamızı yaratmaq istəyirik”.

Cabbarov layihənin gənclər və idman naziri Fərid Qayıbovun bir müddət öncə söylədiyi mümkün kadr islahatları ilə bağlı olmadığını əlavə edib: “Bu, sırf bizim işimizin gedişatı, kadr hazırlığı ilə bağlıdır. Layihənin yekununda hər hansı qərarların verilməsi nəzərdə tutulmayıb”.

Əvvəlki məqalə

Turin Politexnik Universitetinin rektoru ilə görüşüb-

Sonrakı məqalə

Kanada Ukraynaya daha 195 milyon dollar kredit verəcək