Bu gün həyatımızı internetsiz təsəvvür etmək olmur. Onlayn rejim fəaliyyətimizin tənzimlənməsində və işlərin qurulmasında vacib amilə çevilib.
Azərbaycanda İnternet 1993-cü ildən inkişaf etməyə başlayıb. İlk sayt 1994-cü ildə Azərbaycan Elmlər Akademiyasında yaradılıb, ilk dövlət orqanının saytı isə 1997-ci ildə yaradılmış Azərbaycan Respublikası Prezidentinin saytı olub. 1993-cü ildən yüksək səviyyəli milli AZ domeninin inzibatçılığı həyata keçirilir.
Bu ötən illərdə ölkəmiz mərhələlərlə internet dünyasında öz yerini tutmağa çalışıb.
“SpeedTest”in hesabatına görə, 2023-cü ilin mart ayında Azərbaycan mobil internetin sürətinə görə 140 ölkə arasında 39.46 MB/S sürətlə 54-cü yerdə qərarlaşıb. Hazırda ölkəmizdə internetin sürəti ötən illə müqayisədə 7 pillə yaxşılaşıb. Belə ki, ötən il Azərbaycan mobil internet sürətinə görə dünyada 61-ci yeri tutub.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəsmi məlumatına görə, Azərbaycanda hər 100 nəfərə düşən internet istifadəçinin sayı 85 nəfərdir. Dünya üzrə orta göstərici 63, o cümlədən Avropa üzrə orta göstərici 83 nəfərdir.
Azərbaycanda sabit genişzolaqlı internet istifadəçilərinin təxminən 70 %-i şəbəkəyə ADSL texnologiyası ilə qoşulur. Fiber-optik kabel üzərindən qoşulma göstəricisi isə 19 %-dir. Hazırda bu nisbət Gürcüstanda 93 %, Rusiyada isə 68 %-dr.
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyidir. (İKTA)
Qeyd edək ki, İKTA-nın Nizamnaməsi Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2022-ci il tarixli 1861 nömrəli Fərmanı ilə təsdiqlənib. Agentlik ölkədə informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Qurum internet operator və provayderlərin uçota alınması elektron sistem vasitəsilə aparır. Bu günə kimi artıq 107 internet operator və provayder, o cümlədən host provayder uçota alınıb.
Uçota durmamaq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 370-1-ci maddəsinə əsasən uçot qaydalarının pozulmasına görə inzibati məsuliyyətə səbəb ola bilər.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün sözlərinə görə, sürətli internet üçün bir sıra işlər aparılır.
Belə ki, 2021-ci ilin sonlarından etibarən “Onlayn Azərbaycan” layihəsinə başlanılıb: “Prosesi sürətləndirmək üçün özəl provayderlər də layihəyə cəlb edilib. Yalnız yeraltı deyil, yerüstü GPON şəbəkəsinin qurulmasına, əlavə resurslardan, elektrik dirəklərindən də istifadəyə qərar verilib. Ötən müddət ərzində təkcə “Aztelekom” operatoru Bakı ətrafında, Abşeron, Şəmkir, Cəlilabad, Tovuz, Qazax daxil olmaqla 60 rayon və şəhərdə, çoxsaylı podratçıları layihəyə cəlb etməklə GPON və digər genişzolaqlı internet infrastrukturunu qurmağa başlayıb. Digər özəl provayderlər də Bakıətrafı və regionlarda bu istiqamətdə işlər aparırlar. Müşahidələr göstərir ki, ötən müddətdə əvvəlki illərlə müqayisədə keyfiyyətli internetə əlçatanlıqla bağlı hədsiz çox işlər görülüb. Nazirliyin operatorları, həmçinin dövlət-özəl tərəfdaşlıqla çalışan özəl provayderlər təkcə 2021-2022-ci il ərzində birgə 422 min müştərini GPON və digər texnologiyalarla sürətli internet şəbəkəsinə qoşub. Yalnız Bakı ətrafında 200 mindən çox istifadəçi üçün keyfiyyətli internetə əlçatanlıq təmin edilib. Bu, hətta son 5 il ərzində bu tip internet xidməti ilə təmin olunanların sayından dəfələrlə çoxdur”.
“Nazirlik 2024-cü ilin sonuna qədər minimum 25Mbit/s internet sürəti ilə bütün ölkə üzrə internet məsələsini birdəfəlik həll etməyi hədəfləyib. Müşahidələr göstərir ki, bu istiqamətdə ciddi işlər aparılır, hələlik görülən işləri qənaətbəxş hesab etmək olar”.
Ekspert bildirib ki, amma problemlər də var. Bəzən podratçılar dirəkləri basdırıb, kabelləşmə aparsalar da, uzun müddət, hətta bir neçə ay istifadəçiləri şəbəkəyə qoşa bilmirlər, yəni son nöqtə problemi həll olunmur. “Apardığımız müşahidələr həm də onu deməyə əsas verir ki, bölgələr üzrə rəqəmsal torpaq kadastr xəritələrinin olmaması da prosesləri xeyli ləngidir. Torpaq mülkiyyətçiləri ilə problemlər, bəzi yerli qurumların dəstəyinin yetərli olmaması da ləngimələrə səbəb olur.
Osman Gündüz qeyd edib ki, dünyanın hər yerində ölkə üzrə vahid bir telekommunikasiya qurumu var: “Yəni, dünyanın heç yerində “Ankara telekom”, “Tbilisi telekom” kimi qurumlar yoxdur. Yalnız bizdə Aztelekom-la yanaşı Baktelekom da var.Görünür ki, keçmişdə kimisə vəzifəyə qoymaq üçün, yaxud da daha gəlirli olanı ayırmaq üçün vahid formada olan qurumu iki yerə parçalayıblar.Əlbəttə, hər ikisi təbii inhisarçıdır. Amma bunların vahid bir qurumda birləşdirilməsi, gücləndirilməsi və gələcəkdə özəlləşdirilməyə də vahid bir formada çıxarılması daha doğru addım olardı. Fikrimcə, Antiinhisar bu məsələləri nəzərə almalıdır”.
Osman Gündüzün sözlərinə görə, ümumi baxdıqda Azərbaycanda internetin surəti, bəlkə də, 5-6 dəfə artıb: “Dövlət qurumu deyir ki, əvvəl 5-10 meqabit verilirdi, indi isə 1 giqabit verə bilir. Ümumiyyətlə, statiktikalara baxanda da görünür ki, Azərbaycanda internet trafiki artıb”.
İT məsələləri üzrə ekspert Vahid Qasımovun fikrincə, Azərbaycanda internetin əsas problemi monopoliyadır. O bildirib ki, internet xidmətləri göstərən provayderlərin böyük hissəsi nazirliyin tabeliyindəki provayderlərdir: “Bu da internetlə bağlı məsələlərin inkişafını ləngidir, çünki onlar inkişafa meyilli deyillər. Hələ də internetə qoşulmaq üçün telefon kimin adınadırsa, həmin şəxs gedib ərziə yazmaq məcburiyyətindədir. İnternetə qoşulmaq üçün onlayn xidmət hələ də yaradılmayıb. Bu sahədə rəqabət mühitinin olmamasını mən başlıca problem olaraq görürəm”.
2023-cü ilin ilin iyun ayında Azərbaycan sabit genişzolaqlı internetin median sürətinə görə 180 ölkə arasında 29,47 Mb/s sürətlə 116-cı yerdə qərarlaşıb. Sabit genişzolaqlı internetin sürətinə görə birinci yeri Sinqapur (247,29 Mb/s), sonuncu yeri isə Kuba (1,96 Mb/s) tutub.
İnternet məsələləri üzrə ekspert Vahid Qasımov açıqlamasında bildirib ki, Azərbaycanda internetləşmənin əsas problemi ölkənin cəmi bir iri şəhərdən-Bakıdan ibarət olması ilə bağlıdır. Yerdə qalan bütün regionlar isə prosesdə xeyli geri qalır. Onlar hündür mərtəbəli binalar və əhali sayına görə Bakıda xeyli geridədirlər. Ekspertin sözlərinə görə, bu səbəbdən də regionları yüksək sürətli optik internetlə təmin etmək provayderlərə sərf etmir. Çünki optik kabel baha başa gəlir. Ona görə də provayderlər üçün hündürmərtəbəli və çoxsaylı əhalinin yaşadığı bir binaya optik kabel çəkmək daha sərfəlidir. Belədə onlar bir kabellə xeyli sayda mənzili yüksək sürətli internetlə təmin edə bilirlər. Bu mənada onlara eyni xərclə regionlardakı həyət evləri və ya az insanın yaşadığı ikimərtəbəli binalara optik kabel çəkmək sərf etmir. Məhz bu səbəbdən regionların optik internetlə təmin olunma prosesi ləng gedir.
İKT üzrə ekspert Kamil Məmmədov qeyd edib ki, internetin zəif olması provayderlərin birbaşa günahı deyil. Onun fikrincə, problem daha çox telefon xətti üzərindən internet alan abonentlərdə olur. Azərbaycanda telefon vasitəsilə çəkilən internet hələ ki öz aktuallığını qoruyur. İnfrastruktur köhnə olduğuna görə, internetin sürəti aşağı olur, provayder internet ötürən zaman müəyyən itkilər yaranır. Kabellərdə calaqların olması, köhnə olması, üzərinə su və ya digər təsiredici vasitələrin düşməsi internetin sürətində kifayət qədər problemlər yaradır.
K.Məmmədov qeyd edib ki, bölgələrdə özəl şirkətlərin işə daxil olması məhdud çərçivədədir: “Yəni dövlət balansında olan ərazilərin internet və yaxud telefonlaşdırılması hər hansı özəl şirkətə tapşırılsa, müəyyən müddət həmin şirkətin işləməsinə icazə verilsə, bölgələrdə kifayət qədər sürətli və daha dayanqlı internet və ya telefon rabitəsi əldə etmək olar”.
Ekspert vurğulayıb ki, bölgələrdə və Bakının bəzi yerlərində internetin zəif olması infrastrukturun köhnə və aşağı səviyyədə olmasından qaynaqlanır.
Deputat Naqif Həmzəyevin sözlərinə görə, Azərbaycanda internetin sürəti və qiyməti ilə bağlı vəziyyət yaxşı deyil. O bildirib ki, müsbətə doğru irəliləyişlər olsa da, problemin həll edilməsi ilə bağlı xərclər çox vaxt vətəndaşların üzərinə qoyulur: “Şirkətlər xəttlərin dəyişdirilməsi, avadanlıqların alınması üçün vətəndaşlardan vəsait istəyir. Düşünürəm ki, büdcədən vəsait ayrılır, ancaq tam nəticə əldə edə bilmirik. Bu sahədə nəzarət artırılmalıdır”, – deputat əlavə edib.
“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası”nın (AİKTSA) İdarə Heyətinin sədri, ekspert Elvin Abbasovun sözlərinə görə, artıq ölkənin 50 faizi fiber-optik internet şəbəkəsinə qoşulub: “Azərbaycan digər ölkələrlə müqayisədə mobil internet sahəsinə böyük həcimdə investisiya yatırıb. “Onlayn Azərbaycan” layihəsi çərçivəsində 2024-cü ilin sonuna qədər 50 mbit/s internet sürəti ilə bütün ölkəni əhatə edən genişzolaqlı şəbəkə qurulacaq. Bu isə o deməkdir ki, artıq hava şəraitindən aslı olmayaraq internetin pisləşməsi qeyri-mümkündür.
Bundan öncə internet çəkilişi zamanı ilk olaraq rabitə dirəkləri basdırılırdı, daha sonra mis kabellərdən istifadə olunmaqla xətlər çəkilirdi. Nəticədə anomal hava şəraiti zaman internetin verlişində problemlər yaşanırdı. Amma fiber-optik kabellər yerin altından keçir və havanın mənfi təsirinə məruz qalmır. Məhz kabellər yerin altından keçdiyindən daha mis kabellerə ehtiyyac da qalmır.
Elvin Abbasov bildirib ki, ötən illərlə müqayisədə internetin kəsilməsi ilə bağlı kütləvi narazılıqlar xeyli azalıb.
Nazirlik Azərbaycanın internetdən istifadə sahəsində digər ölkələrdən geri qalması ilə bağlı iddialara cavab verib.
Qurumun rəsmi açıqlamasında deyilir ki, internet istifadəçilərinin xüsusi çəkisi ilə yanaşı digər 2 amilə də nəzər yetirmək lazımdır: “Bunlardan biri penetrasiya, yəni internetə çıxış almaq üçün texniki imkanlar, şəbəkənin fiziki əlçatanlığıdır. Bu kateqoriyaya daxil olan bəzi göstəricilər üzrə Azərbaycan dünya və Avropa ölkələri ilə müqayisə oluna bilər. Məsələn, 3G və daha yüksək şəbəkənin əhatə dairəsi 97 %-dən yuxarıdır. Dünya üzrə orta göstərici 93 %-ə bərabərdir.
İkinci amil internetin surətidir. Azərbaycanda sabit genişzolaqlı internet istifadəçilərinin təxminən 70 %-i şəbəkəyə ADSL texnologiyası ilə qoşulur. Fiber-optik kabel üzərindən qoşulma göstəricisi isə 19 %-dir. Hazırda bu nisbət Gürcüstanda 93 %, Rusiyada isə 68 %-dr.
ADSL texnologiyasının isə saniyədə 10 MB yuxarı həddi var. Deməli yeganə həll yolu infrastrukturun yenilənməsinə, daha sürətli internet texnologiyalarına böyük məbləğdə investisiya yatırılmasıdır. Nazirliyin son 1 ildə üzərində çalışdığı iş məhz budur. Nəticə olaraq 3 şirkətin – “Aztelekom”, “Baktelekom” və “Azeronline” MMC-lərin dövlət-özəl tərəfdaşlığı əsasında ölkədə fiber-optik kabelin yenilənməsinə birgə investisiya qoymaq qərarı var”.
“Aztelekom”un rəsmi açıqlamasına görə, hazırda həyata keçirdiyi layihələrin məqsədi ölkənin telefonlaşdırılmayan, o cümlədən internet xidmətlərinin verilməsi imkanlarının hələ də mövcud olmadığı ərazilərdə şəbəkənin qurulması, əsas magistralların və paylayıcı şəbəkənin yenidən qurulması, köhnəlmiş mis kabel xətlərinin yeni fiber-optik xətlərlə, köhnəlmiş rabitə avadanlıqlarının dünya standartlarına cavab verən yeni avadanlıqlarla əvəzlənməsidir. Məqsəd relyefinə görə rabitə xətlərinin çəkilməsi çətinlik törədən və ya böyük sərmayə tələb edən ərazilərdə son nəsil simsiz rabitə texnologiyasının qurulması və bütün bunların nəticəsində əhalini dayanıqlı rabitə, yüksəksürətli internet və digər multimedia xidmətləri ilə təmin etməkdir.
Bu layihələr Azərbaycan Respublikası Prezidentinin 06 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə “Azərbaycan Respublikasında telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi”ndə müəyyən edilmiş istiqamətlərdən irəli gəlir.
“Uzun müddətdir xidməti ərazilərimizdə istifadə olunan paylayıcı şəbəkə (rabitə xətləri, avadanlıqlar və s.) kifayət qədər köhnəlmiş və müasir tələblərə cavab vermir. Hazırkı xətlər köhnəlmiş mis kabellərdir ki, bu da istər sabit rabitə xidmətlərinin verilməsində, istərsə də yüksəksürətli internet xidmətlərinin verilməsində ciddi problemlərə səbəb olur. Hazırkı şəbəkə öz başlanğıcını Elektron ATS-lərdən götürür. EATS-lərdən isə abunəçilərə məsafə uzaq olduğundan, yüksəksürətli internetin verilməsində maneələr yaranır və abunəçilərin haqlı narazılığına səbəb olur”-deyə açıqlamada vurğulanır.
“Aztelekom” xidmətlərdə olan problemləri aradan qaldırmaq, onları yüksək standartlara uyğunlaşdırmaq üçün paylayıcı şəbəkəni yeniləyir, müasir avadanlıqlar quraşdırır. Bu məqsədlə artıq Gəncə və Sumqayıt şəhərlərində, habelə Abşeron və Masallı rayonlarında işlər başlanıb və uğurla davam etdirilir. Əlavə olaraq bildirək ki, hazırda köhnə şəbəkənin yenilənməsi nəticəsində NGN (Next Generation Networks) avadanlıqları (yeni nəsil avadanlıqlar) quraşdırılır ki, bu da çəkilən xərclərə qənaət etmək imkanı yaradır. Eyni zamanda əvvəlkindən bir neçə dəfə sürətli və keyfiyyətli internet, o cümlədən dayanıqlı rabitə və digər yeni xidmətləri vermək imkanı yaradır.
Müqayisə üçün bildiririk ki, yeni rabitə şəbəkəsinin qurulması üçün böyük həcmdə vəsait tələb edildiyindən, Qərbi Avropa ölkələrinin rabitə infrastrukturunda ənənəvi mis kabel xətlərindən hələ də geniş istifadə edilməkdədir. Son hesabatlara əsasən, Avropa ölkələrində internet istifadəçilərinin 61%-i xDSL (Digital Subscriber Lİne) texnologiyası üzərindən xidmət alırlar. Azərbaycan Respublikasında isə artıq rabitə şəbəkəsini yeni, müasir standartlara uyğunlaşdırmaq üçün yenidənqurma işləri başlanmış və mərhələli şəkildə aparılmaqdadır. Layihələrin həyata keçirilməsi nəticəsində region telekommunikasiya şəbəkəsində optik kabelin çəkisi 80%-ə çatdırılacaq.
Hazırda “Aztelekom” tərəfindən aparılan işlər nəticəsində yenilənəcək şəbəkə vasitəsilə əhalinin tələblərini qarşılamaq mümkün olacaq.
G.Hüseynova
Yazı MEDİA-nın dəstəyi ilə “informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” mövzusunda hazırlanıb