Milyonlarla il ərzində Yer kürəsinin iqlimi müəyyən dövrlərlə dəyişmiş, bu dəyişikliklər fırtınaların tezliyinə və gücünə də təsir göstərmiş ola bilər. Tədqiqatçılar xüsusilə güclü fırtına fəallığının təxminən hər 405 min ildən bir təkrarlandığını müəyyən ediblər.

Azpost.info bildirir ki, bu barədə “ScienceAlert” portalı məlumat yayıb.

Alimlər bu qanunauyğunluğun mümkün izahını Günəş sistemindəki digər planetlərin cazibə qüvvəsinin təsiri altında Yer kürəsinin orbitində baş verən dövri dəyişikliklərlə əlaqələndirirlər. Tədqiqatçılar Çinin Sıçuan hövzəsindəki çöküntü süxurlarını araşdırıblar. Bu süxurlarda təxminən 500 milyon il əvvəl həmin ərazidə mövcud olmuş qədim tropik dənizin izləri qorunub saxlanılıb.

Güclü fırtınalar zamanı nəhəng dalğalar və sualtı axınlar dənizin dibindəki qumu, lil və digər çöküntü materiallarını hərəkətə gətirərək başqa ərazilərə daşıyıb. Nəticədə yeni çöküntü qatları yaranıb. Zaman keçdikcə bu materiallar sıxlaşaraq süxurlara çevrilib. Belə çöküntülər elmi ədəbiyyatda tempestitlər adlanır. Onlar fırtınaların və bununla bağlı geoloji proseslərin izlərini yüz milyonlarla il ərzində qoruyub saxlaya bilir.

Tədqiqatçılar çöküntü süxurlarında təkrarlanan strukturları müəyyənləşdirməyə və onları Yer orbitindəki dəyişikliklərlə əlaqələndirməyə imkan verən dövri stratiqrafiya metodundan istifadə ediblər. Bu yolla bölgənin təxminən 24 milyon illik geoloji tarixini bərpa ediblər. Təhlil nəticəsində hər biri təxminən 405 min il davam edən 59 təkrarlanan dövr aşkar olunub. Alimlər müəyyən ediblər ki, ən güclü fırtına fəallığı hər 405 min illik dövrün yüksəliş mərhələsinə və zirvə nöqtəsinə təsadüf edib. Həmin dövrlərdə daha qalın və iri dənəli çöküntü qatları yaranıb. Digər mərhələlərdə isə daha nazik, xırda dənəli və az rast gəlinən süxur qatları üstünlük təşkil edib.

Alimlərin fikrincə, Kembri dövrünün isti iqlim şəraitində Yer orbitindəki dəyişikliklər tropik okeanların daha çox isinməsinə, su ilə atmosfer arasında enerji mübadiləsinin güclənməsinə və nəticədə güclü fırtınaların yaranmasına şərait yaratmış ola bilər. Lakin bu əlaqə hələlik tam sübuta yetirilməyib. Çöküntülərin formalaşmasına dəniz səviyyəsinin dəyişməsi, çöküntü materiallarının həcmi və onların qorunub saxlanılması şəraiti də təsir göstərə bilərdi.

Bu dövriliyin müasir iqlim şəraitində də davam edib-etmədiyi hələ məlum deyil. Çünki indiki Yer kürəsinin iqlim və geoloji şəraiti Kembri dövründəkindən xeyli fərqlənir. Bununla belə, kəşf alimlərə planetimizin iqlim tarixini daha dərindən öyrənməyə və yüz milyonlarla il əvvəl baş vermiş təbii dəyişiklikləri bərpa etməyə kömək edə bilər.

N.Talıblı