Alimlər müntəzəm çay içməyin damar sağlamlığının yaxşılaşması ilə əlaqəli olduğunu müəyyən ediblər.

Lakin araşdırmaya görə, çayın faydası onun nə dərəcədə isti və tünd olmasından da asılıdır.

Azpost.info bildirir ki, bu nəticə Çində 485 934 nəfərin iştirakı ilə aparılan və “Journal of Internal Medicine” jurnalında dərc olunan tədqiqatda üzə çıxıb.

“EatingWell” nəşrinin jurnalın araşdırmasına istinadən yaydığı məlumata görə, alimlər çayın damar sağlamlığına təsirini müəyyən edən bir neçə amili araşdırıblar. Bunlara içilən çayın miqdarı, temperaturu və dəmlənmə dərəcəsi daxildir.

Tədqiqatın nəticələrinə əsasən, həddindən artıq isti çay damarlar üçün daha az faydalı ola bilər. Eyni hal çox tünd dəmlənmiş çaya da aiddir. Belə çay da içkinin sağlamlığa müsbət təsirini azalda bilər.

Çayın temperaturunu və dəmlənmə müddətini düzgün müəyyənləşdirmək üçün “EatingWell” mətbəx termometri və taymerdən istifadə etməyi tövsiyə edir. Bu, suyun həddindən artıq isti olmasının və çayın normadan artıq dəmlənməsinin qarşısını almağa kömək edir.

Tədqiqatda Çində yaşayan 485 934 yetkin insan iştirak edib. Onlar orta hesabla 9,05 il ərzində müşahidə olunublar. Bu müddətdə 14 863 nəfərdə damar xəstəlikləri qeydə alınıb.

Araşdırma göstərib ki, müntəzəm çay içənlərdə damar xəstəlikləri riski çay içməyənlərlə müqayisədə 11 faiz aşağıdır. Ən aşağı risk isə gündə təxminən 6-8 fincan çay içənlər arasında müşahidə olunub.

Qara çay damar xəstəlikləri riskinin azalması ilə yaşıl çaydan daha sabit əlaqə nümayiş etdirib. Halbuki hər iki çay eyni bitkidən – Camellia sinensis – əldə olunur. Fərq onların emal üsullarındadır.

Alimlər həmçinin müəyyən ediblər ki, çay içmək vərdişini siqaretdən imtina və yüksək fiziki aktivliklə birləşdirən insanlarda damar xəstəlikləri riski daha aşağıdır.

Tədqiqatın nəticələrinə görə, müntəzəm çay içənlərin onu mütləq qaynar su ilə dəmləməsinə və uzun müddət saxlamasına ehtiyac yoxdur. Bir qədər soyudulmuş su və nisbətən açıq dəmlənmiş çay damar sağlamlığı üçün daha faydalı ola bilər.

N.Talıblı