Oyandıqdan bir-iki saat sonra səhər yeməyi yemək gün ərzində qanda şəkərin səviyyəsini daha sabit saxlamağa kömək edə bilər. Mütəxəssislər bunu insulinin fəaliyyəti və orqanizmin daxili bioloji saatının xüsusiyyətləri ilə izah edirlər.

Azpost.info bildirir ki, bu barədə “Health” nəşri məlumat yayıb.

Günün ilk yarısında orqanizm adətən qanda qlükozanın miqdarını tənzimləyən insulin hormonuna daha həssas olur. Buna görə səhər erkən saatlarda qidalanmaq şəkərin daha səmərəli mənimsənilməsinə və onun səviyyəsində kəskin dəyişikliklərin azalmasına kömək edə bilər.

Digər səbəb isə orqanizmin daxili orqanlarının fəaliyyətini tənzimləyən sirkadiyalı ritmlərlə bağlıdır. Mədəaltı vəzi, qaraciyər və əzələlər yuxu, işıqlandırma və qidalanma vaxtından təsirlənən bioloji saatlara uyğun fəaliyyət göstərir.

Hər gün təxminən eyni vaxtda səhər yeməyi yemək bu mexanizmlərin uzlaşmış fəaliyyətini qorumağa kömək edir. Bundan əlavə, gecə ərzində uzun müddət qida qəbul etməyən orqanizm səhər beyin və əzələlərin fəaliyyəti üçün zəruri olan qida maddələrini əldə edir.

7 mindən çox insanın iştirakı ilə aparılan araşdırmada gec səhər yeməyi, qanda şəkərin yüksək səviyyəsi və insulin müqavimətinin artması arasında əlaqə aşkarlanıb. İnsulin müqaviməti hüceyrələrin insulinə həssaslığının azalması deməkdir. Bu zaman orqanizm qanda qlükozanın normal səviyyəsini qorumaqda çətinlik çəkir.

Bununla belə, bütün insanlar üçün universal səhər yeməyi vaxtı mövcud deyil. Bəzi tədqiqatlar müəyyən şəraitdə ilk qida qəbulunun daha gec saatlara keçirilməsinin də qanda şəkərin göstəricilərini yaxşılaşdıra biləcəyini göstərir.

Nəticə yuxunun müddəti və keyfiyyətindən, hormonal xüsusiyyətlərdən, genetikadan, xroniki xəstəliklərdən və fərdi bioloji ritmdən asılıdır. Buna görə erkən oyanan insanlara verilən tövsiyələr gec yatıb gec oyanmağa öyrəşənlər üçün uyğun olmaya bilər.

Səhər yeməyini müntəzəm buraxsaq, nə baş verər?

Səhər yeməyini bir dəfə buraxmaq, adətən, sağlam insan üçün dərhal təhlükə yaratmır. Lakin araşdırmalar səhər yeməyindən sistematik imtinanı artıq çəki, piylənmə, eləcə də bəzi ürək-damar və metabolik xəstəliklərin yaranma ehtimalının artması ilə əlaqələndirir.

Xüsusilə 2021-ci ildə aparılan tədqiqatda həftədə üç dəfədən çox səhər yeməyi yeyən insanlarda ikinci tip diabet, yüksək qan təzyiqi, ürək xəstəlikləri və insult riskinin daha aşağı olduğu müəyyən edilib.

Bununla belə, belə müşahidələr səhər yeməyinin sadalanan xəstəliklərin qarşısını birbaşa aldığını sübut etmir.

Səhər yeməyində hansı qidalara üstünlük vermək lazımdır?

Qanda şəkərin sabit qalması üçün yalnız səhər yeməyinin vaxtı deyil, onun tərkibi də əhəmiyyətlidir. Mütəxəssislər mürəkkəb karbohidratları, zülalları, lifli qidaları və faydalı yağları birləşdirməyi tövsiyə edirlər.

Mürəkkəb karbohidrat mənbələrinə yulaf, tam taxıllı çörək, qəhvəyi düyü, kinoa və batat daxildir. Bu məhsulların tərkibindəki liflər onların rafinə edilmiş karbohidratlarla müqayisədə daha yavaş mənimsənilməsinə kömək edir. Nəticədə qanda qlükozanın səviyyəsi sürətlə yüksəlmir.

Səhər yeməyinin zülal hissəsini yumurta, yunan yoqurtu, pendir, soya məhsulları, qoz-fındıq və toxumlarla təmin etmək olar. Zülal toxluq hissini artırır və qidalanmanı daha balanslı edir.

Səhər yeməyini tərəvəzlər, giləmeyvələr və doymamış yağ mənbələri ilə tamamlamaq məsləhətdir.

Məsələn:

Zeytun yağı ilə hazırlanmış omlet;

Avokadolu tam taxıllı tost;

Qoz və toxumlarla hazırlanmış yulaf sıyığı.

Diabetdən əziyyət çəkən, xüsusilə insulin və ya qanda şəkərin səviyyəsini aşağı salan dərmanlar qəbul edən insanlar qidalanma vaxtını müalicə rejiminə uyğunlaşdırmalıdırlar. Dərmanların təsirini nəzərə almadan qidalanma rejimini dəyişmək hipoqlikemiya, yəni qanda şəkərin normadan artıq azalması riskini artıra bilər.

Sunay Aydın