Avropa Komissiyası Rusiyaya qarşı yeni – 22-ci sanksiyalar paketini təqdim edib.
Azpost.info bildirir ki, təklif olunan məhdudiyyətlər Rusiya bank sektoruna, kriptovalyuta platformalarına, enerji infrastrukturuna, neft daşımalarına, idman və mədəniyyət sahələrinə şamil olunur.
Yeni paket çərçivəsində təxminən 60 Rusiya bankına qarşı əlavə məhdudiyyətlərin tətbiqi, onların maliyyə əməliyyatlarının qadağan edilməsi və SWIFT beynəlxalq banklararası ödəniş sistemindən tamamilə ayrılması nəzərdə tutulur.
Sanksiyaların kriptovalyuta platformalarına və mövcud məhdudiyyətlərdən yayınmaq üçün istifadə edilən ödəniş şəbəkələrinə qarşı da sərtləşdirilməsi təklif olunur. Bu tədbirlər üçüncü ölkələrdə fəaliyyət göstərən müvafiq strukturları da əhatə edə bilər.
Avropa şirkətlərinin Rusiyanın enerji infrastrukturunun, o cümlədən neft emalı zavodlarının tikintisində, istismarında və təmirində iştirakına qadağa qoyulması da paketin əsas müddəalarındandır.
Neft daşımalarına və hərbçilərə qarşı məhdudiyyətlər
Təklifə əsasən, Rusiyanın “kölgə donanması”na aid daha 70-dən çox gəminin sanksiya siyahısına daxil edilməsi planlaşdırılır. Bundan əlavə, Rusiyada sığortalanan bütün tankerlərə qarşı qadağa tətbiq olunması təklif edilir.
Ukraynada döyüş əməliyyatlarında iştirak etmiş keçmiş və hazırkı Rusiya hərbçilərinin Avropa İttifaqına girişinin qadağan edilməsi də yeni paketin müddəaları sırasındadır.
Digər bir məhdudiyyət Avropa İttifaqı vətəndaşlarının Rusiyada fəaliyyət göstərən şirkətlərin idarəetmə orqanlarında vəzifə tutmasına qadağa qoyulmasını nəzərdə tutur.
Rusiya idmançılarına və təşkilatlarına da məhdudiyyətlər
Sanksiyalar idman sahəsini də əhatə edir. Təklifə görə, Rusiya komandaları və idmançıları Avropa İttifaqı ərazisində keçirilən yarışlarda Rusiya bayrağı altında çıxış edə bilməyəcəklər. Həmçinin yarışlarda Rusiyanın rəsmi rəmzlərinin nümayişinə qadağa qoyulması nəzərdə tutulur.
Bundan başqa, Rusiya sponsorlarından Avropanın idman və mədəniyyət təşkilatlarına yönələn maliyyə axınlarının məhdudlaşdırılması, eləcə də Rusiya vətəndaşlarının Avropa idman federasiyalarında rəhbər vəzifələr tutmasına qadağa tətbiq edilməsi təklif olunur.
Qeyd edək ki, bunlar Avropa Komissiyasının təqdim etdiyi 22-ci sanksiyalar paketinin müddəalarıdır. Təklif olunan məhdudiyyətlərin qüvvəyə minməsi üçün müvafiq Aİ prosedurlarından keçməsi tələb olunur.
Nadir