Günəşlə evə axan işıq –Pespektiv nə vəd edir?   

Hazırda dünyanın 70-ə yaxın ölkəsində günəş enerjisindən istifadə olunur və bunun daha da artırılması istiqamətində perspektiv layihələr hazırlanır.

Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) hesabatına əsasən, 2020-ci il üzrə dünyada günəş elektrik stansiyalarının ümumi qoyuluş gücü 714 GVt (24.3%) təşkil etmiş, həmçinin yeni istifadəyə verilən günəş elektrik stansiyalarının gücü 127 QVt olub. Belə ki, 2020-ci ildə dünyada ən böyük bərpa olunan enerji mənbələri bazarı olan Çində 49 QVt gücündə, ABŞ-da isə 15 QVt gücündə günəş enerjisi stansiyaları quraşdırılıb.

Dünya üzrə günəş enerjisi gücünə malik olan ölkələrin ilk beşliyi sırasına Çin (255 QVt), ABŞ (75 QVt), Yaponiya (68 QVt), Almaniya (53 QVt) və Hindistan (39 QVt) daxildir.

Günəş enerjisinin istifadəsinin üstünlüyü ondadır ki, günəş qurğuları işləyən zaman parnik effekti yaranmır, havanın çirklənməsi baş vermir, istilik aşağı atmosfer qatlarına yayılmır.

Əsasən günəşli ölkələrdə tətbiq olunan günəş panelindən istifadə Azərbaycanda da inkişaf etdirilməkdədir. Ölkəmizdə il ərzində ən azı 300 günəşli gün olması bu sahənin inkişafı üçün böyük perspektivlər açır.

Artıq bir neçə il öncə ölkəmizdə bu sahədə ilk addım atılıb. 2012-ci ilin aprel ayında cənab Prezident İlham Əliyevin də iştirakı ilə Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin Sumqayıtda inşa etdiyi Azgüntex zavodunun açılışı olub.

Azərbaycan bərpa olunan enerji mənbələri (BOEM) üzrə yüksək potensiala malik olan ölkələrdəndir. Belə ki, ölkəmizin iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən, külək enerjisi üzrə 3 000 MVt, Günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir.

Bərpa olunan enerji üzrə mütəxəssis Elçin Tarquliyev bildirib ki, Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə etmək üçün əsas qanunverici akt “Elektrik enerjisinin istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanunudur.

Vətəndaşların Günəş panelləri alıb quraşdırmaq istəyinə dövlət müəssisəsi müdaxilə etmir, vətəndaş istəsə, özü və ya hər hansı bir bərpa olunan enerji şirkəti ilə müqavilə imzalayaraq, bu panelləri və digər qurğuları quraşdıra bilər.

“Burada qiymətlər bir çox şeydən asılıdır. Məsələn, panellər damda, yoxsa yerdə quraşdırılacaq? Damda quraşdırılacaqsa, damın gücləndirməyə ehtiyacı varmı, ağırlığa və bu ağırlığın gətirdiyi əlavə yüklənməyə dözə bilərmi? Yerdə quraşdırılacaqsa, quraşdırılan yer hamar və ya nahamardırmı? Hansı panellərdən istifadə ediləcək, hansı inverter istifadə olunacaq və s. kimi məsələlər qiymətə təsir edir. Bu kimi hallarda tövsiyə olunan variant özəl şirkətlərlə müqavilə imzalayaraq ilkin olaraq qiymət və enerji istehsalı ilə bağlı hesabatların hazırlanması, ondan sonra panel və digər qurğuların quraşdırılmasıdır”.

Günəş panelləri satan “Helind Energy” MMC şirkətinin rəsmisi Kamil Məmmədov deyir ki, hazırda Azərbayanda Günəş panellərindən ən çox kənd təsərrüfatında, fermalarda istifadə olunur. Bu panellərdən tədricən evlərdə də quraşdırılmağa başlanılıb. Panellərin qiyməti elektrik sərfiyyatından asılı olaraq dəyişir. Yəni, bir panel özlüyündə yararsız bir qurğudur. Lakin sistemlə birgə o yararlıdır. Sistemin növündən asılı olaraq o ya iki, ya da dörd qurğudan ibarət olur. Sistemlər özləri isə 3 növ olur: “on grid”, “off grid”, hibrid.

Şirkət rəsmisi bildirir ki, “On grid” akkumlyatorsuz sistemdir. Burada yalnız panel və invert – yəni enerjiçevirici olur: “”On grid” yalnız şəbəkə olan ərazidə qoşulur: “Off grid”də isə panel, kontrol, akkumlyator və invert. Bu isə şəbəkə olmayan ərazilərdə qoşulur. Digəri – hibrid sisteminə Günəş paneli, külək durbini, şəbəkəni, generatoru qoşmaq mümkündür. Gələcəkdə “yaşıl tarif” olduğu halda artıq vətəndaş enerjini dövlətə də sata biləcək.

Kənd təsərrüfatını çıxmaq şərti ilə Günəş panellərinə tələbat çox azdır. Bunun da əsas səbəbi elekrtik enerjisi qiymətlərinin sistemin özünün xərci ilə müqayisədə daha az olmaısıdır. Elektrik şəbəkəsinin qiymətləri alternativ enerji qiymtələrindən 1 kilovatta görə daha azdır. Məsələn, şəxs aylıq olaraq işıq üçün 25 manat ödəyir. Bunu kilovatta çevirsək, 300 kilovatt hesablanacaq. Müqayisə etsək, görərik ki, məhsulun qiyməti yüksəkdir.

Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov mediaya açıqlamasında deyib ki, bu gün istənilən vətəndaş öz evində günəş panellərindən istifadə edə bilər. Hazırda ölkədə 150 kilovat  gücünədək günəş elektrik sistemlərinin istifadəsi üçün heç bir icazə tələb olunmur. Lakin 150 kilovat həddən çox böyük həcmdir. Bir yaşayış evinin elektrik enerjisi ilə təmin edilməsi üçün 2-5 kilovatt gücündə günəşlə elektrik qurğularının quraşdırılması kifayətdir. Bazarda 200-380 vatlıq günəş panelləri mövcuddur. Öncə evin elektrik enerjisinə olan tələbatı müəyyənləşdirilməli, daha sonra tələbata uyğun günəş paneli əldə edilməlidir. “Ola bilsin ki, günəş panellərinin ilkin investisiya dəyəri, kapital qoyuluşu bahadır, ancaq bu qurğuların 20-25 il istismar müddəti var. Günəş panellərinin qiyməti müxtəlifdir”, – deyə o qeyd edib.

Günəş panelləri 18-22 faiz faydalı iş əmsalı ilə işləyir. Bu, o deməkdir ki, qurğunun üzərinə düşən günəş radiasiyasının 18-22 faizi elektrik enerjisinə çevrilə bilir. Məsələn, 200 vatlıq günəş panelinin 1 kvadratmetrinə 1000 vat günəş radiasiyası düşdükdə o maksimum, yəni 200 vat-saat elektrik enerjisi istehsal edəcək.

Azərbaycanda hazırda günəş panellərinin quraşdırılması, satışı ilə bağlı kiçik şirkətlər yaranmaqdadır. Dünyada günəş panellərinin müxtəlif qiymətləri var. Qiymətlər istehsalçıdan, təchizatçıdan asılıdır. Azərbaycanda şirkətlərin yaranması o deməkdir ki, artıq günəş panellərindən istifadə edənlər var.

Böyük həcmli günəş elektrik stansiyalarının özəl investisiya hesabına reallaşdırılması təcrübəsi də artıq formalaşır. Belə ki, ölkəmizdə Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən 230 meqavat gücündə günəş elektrik stansiyası quraşdırılacaq. Artıq müvafiq sənədlər imzalanıb. Bu da onu deməyə əsas verir ki, kommersiya cəhətdən artıq günəş enerjisi rəqabətqabiliyyətli hesab edilə bilər.

Azərbaycanda günəş radiasiyasının miqdarı kifayət qədər yüksəkdir. Ölkəmizdə günəş enerjisinin potensialı 23 min meqavat ətrafında qiymətləndirilir. Ümumi potensialı isə 27 min meqavatdır, bunun 23 min meqavatı günəş enerjisinin payına düşür.

Ötən il ölkədə “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun qəbul edilib. Bu qanun çərçivəsində alt qanunvericilik aktları da hazırlanmaqdadır. Burada bir çox mexanizmlər – investisiyaların cəlbi, bərpa olunan enerji hərraclarının keçirilməsi, aktiv istehlakçının dəstəklənməsi nəzərdə tutulur.

Energetika Nazirliyinin açıqlamasına görə, hazırda Azərbaycanda günəş elektrik stansiyaları işləyir. Onlar hazırda elektrik enerjisi istehsal edirlər. Məsələn, Qobustanda, Samuxda, Suraxanıda, Naxçıvanda fəaliyyət göstərən günəş elektrik stansiyalarını nümunə göstərmək olar.

Günəş panelinin quraşdırılması qiyməti standart deyil, evdə işlədilən elektrik avadanlıqlarına görə hesablanma aparılmalıdır. Ekspetlərin fikrincə, evdə hansı elektrik avadanlıqlarından istifadə olunursa, bunlar hesablanmalı və ondan sonra qiymət müəyyənləşdirilməlidir. Məsələn, birmərtəbəli kiçik ev üçün günəş panellərinin quraşdırılması təxminən 5 min manata başa gəlir. Günəş panellərinin çatdırılması, quraşdırılması həmin məbləğin içərisində gedir. Zəmanət 1-5 illikdir. Ümumiyyətlə, günəş panellərinin quraşdırılması qiyməti sabit deyil, istifadə edilən kilovatt-saatdan asılıdır.

Alternativ enerjidən böyük ərazilərdə istifadə edilməsi daha səmərəlidir. Kiçik ərazilər üçün isə maliyyə tutumu çoxdur. Yarım hektar sahə üçün bunu quraşdırmağa ehtiyac yoxdur. Əgər fermerin 10 hektardan çox sahəsi varsa, bunu quraşdıran zaman daha effektiv olur. Böyük ərazisi olan, təxminən 10-50 hektar ərazisi olan fermerlər buna maraq göstərirlər.

Məsələn, Qubada müasir texnologiyaların tətbiqi ilə yaradılan “Ağıllı bağ”da Günəş panelləri və örtük sistemi quraşdırılıb. “Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun “Ağıllı bağ” layihəsi çərçivəsində salınan meyvə bağının becərilməsi tamamilə avtomatlaşdırılıb. Su mənbəyi üçün qazılan subartezian quyusu günəş panellərindən alınan elektrik enerjisi ilə çalışır. Bu, elektrik enerjisi olmayan ərazilərdə effektiv fəaliyyət növüdür.

Elə ərazilər var ki, oraya elektrik xətləri çəkmək çətindir. Həmin yerlərdə günəş panellərinin quraşdırılması vasitəsilə günəşdən elektrik enerjisi alaraq bağların suvarılması mümkündür. Alternativ enerjiyə keçmək üçün fermerlərin maarifləndirilməsi həyata keçirilir.

Enerji məsələləri üzrə ekspert İlham Şaban deyib ki, burada fermer kommersiya müqayisəsi aparmalıdır: “Fermer bilməlidir ki, ənənəvi enerji üçün xərci nə qədərdir, alternativ enerjidən istifadə edərsə, xərci nə qədər olacaq. Bundan sonra qərar verməlidir. Məsələn, bağ evlərinə günəş panellərini quraşdırmaq kommersiya baxımından sərfəli deyil. Burada günəş panellərinin keyfiyyət məsələsinə də diqqət etmək lazımdır. Texniki parametrlərinə görə keyfiyyətli mal olmalıdır”.

Avtomatlaşdırılmış texnologiyalar vasitəsilə istehsal olunan günəş modullarının üstünlüyü möhkəmliyi, yüksək faydalı iş əmsalının olması, son model polikristallik hücrə texnologiyasından istifadəsi ilə seçilir. Modullara 25 il zəmanət verilir, istifadəyə yararlılıq müddəti 30-40 ildir.

Azərbaycanda insanlar fərdi olaraq evlərinin damında günəş panelləri yerləşdirmək üçün ilk növbədə bir çox mexanizmlər təmin olunmalıdır.

Ölkəyə elektrik enerjisi mənbələrinin gətirilməsi elektrik qiymətindən asılıdır. Azərbaycanda elektrik enerjisi nisbətən aşağıdır və bunu təbii ki, ehtiyatla tənzimləmək lazımdır. Çünki bu, orta maaşa görə uyğunlaşdırılır. Azərbaycan enerji sərvəti olan ölkədir.

Hazırda yenilənə bilən enerji mənbələrinin subsidiyalaşdırılması və maliyyələşdirilməsi həyata keçirilir.

2021-ci ilin 3 iyun tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp arasında Zəngilan/Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb. İcra Müqaviləsi çərçivəsində əməkdaşlıq günəş enerji layihəsinin texniki və kommersiya aspektində qiymətləndirilməsini, stansiyanın layihələndirilməsini, maliyyələşdirilməsinin təmin edilməsi və yekun investisiya qərarının qəbulu kimi istiqamətləri əhatə edir.

4 iyun 2022-ci il tarixində Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp arasında Cəbrayılda 240 MVt gücündə günəş elektrik stansiyası layihəsinin birgə həyata keçirilməsi ilə bağlı növbəti addımların atılması məqsədilə 2021-ci ilin iyun ayında bağlanmış İcra Müqaviləsinə Əlavə imzalanıb.

Artıq günəş elektrik stansiyası üzrə ilk hərrac da elan olunub. Energetika Nazirliyi 100 MVt gücündə Qobustan Günəş Elektrik Stansiyasının layihələndirilməsi, maliyyələşdirilməsi, tikintisi və istismarı üzrə hərrac keçirilməsini elan edir. Stansiyada istehsal olunacaq elektrik enerjisinin satın alınmasına “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada dövlət tərəfindən təminat verilir.

Müasir dünyada günəş enerjisi bərpa olunan enerjinin ən perspektivli və ən böyük potensiala malik olan növü hesab olunur. Azərbaycan da belə potensialı olan ölkələr sırasındadır.

G. Hüseynova

Yazı MEDİA-nın dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb

Əvvəlki məqalə

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış edirlər

Sonrakı məqalə

“Aİ-də Putinin inauqurasiyası ilə bağlı parçalanma yaranıb”