Bu gün Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış hissəsində insident baş verib.
APA-nın yerli bürosunun Gürcüstanın İctimai telekanalına istinadən verdiyi xəbərə görə, insident zamanı bir nəfər Gürcüstan vətəndaşı odlu silahdan istifadə etməklə Gürcüstan sərhəd keşikçilərini hədələyərək Azərbaycanla razılaşdırılmamış hissələrə keçməyə cəhd göstərib.
İnsidentin qarşısının alındığı bildirilir.
Gürcüstan Daxili İşlər Nazirliyi baş verən insidentlə bağlı məlumat yayıb. DİN-in Sərhəd Polisi əməkdaşları qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və girov götürmə ittihamları ilə Gürcüstan vətəndaşı G.İ-ni saxlayıb. Bildirilib ki, yanvarın 14-də Gürcüstan vətəndaşı G.İ. odlu silah və qumbaradan istifadə etməklə hədələyərək Gürcüstan sərhəd keşikçilərini Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış bölgəsinə keçməyə məcbur edib. İnsident zamanı G.İ.-nin bir neçə dəfə atəş açdığı da bildirilib. Məlumata görə, Gürcüstan sərhəd keşikçilərinin səmərəli işi nəticəsində silahlı şəxs saxlanılıb.
Faktla bağlı cinayət işi başlanıb. Gürcüstan DİN azərbaycanlı həmkarlarına hadisə ilə əlaqədar səmərəli əməkdaşlığa görə təşəkkür edib.