Gürcüstan və Rusiya diplomatik münasibətləri bərpa edir- Sensasion İDDİA

Gürcüstan və Rusiya hökumətləri diplomatik münasibətləri bərpa etmək üçün fəal işləyirlər.

Azpost.info xəbər verir ki, bu barədə Gürcüstanın “Mtavari Arkhi” telekanalına məlumatlı mənbələr bildiriblər.

Onların sözlərinə görə, artıq Gürcüstanın Moskvadakı səfirliyinə işçilərin seçimi gedir.

Gürcüstan 2008-ci ildə Rusiya ordusunun işğalı və Moskvanın Cənubi Osetiya və Abxaziyanı müstəqil dövlət kimi tanımasından sonra Rusiya ilə diplomatik münasibətləri kəsib. Rusiya və Gürcüstanın maraqlarını o vaxtdan İsveçrənin Moskva və Tbilisidəki səfirlikləri təmsil edir.

2019-cu ildə Rusiya birtərəfli qaydada Gürcüstanla birbaşa uçuşları dayandırıb. 2023-cü ilin mayında Rusiya prezidenti Vladimir Putin Rusiya aviaşirkətləri üçün Gürcüstana uçuşlara qoyulan qadağanı ləğv edən fərman imzalayıb. Eyni zamanda o, Gürcüstan vətəndaşları üçün viza rejimini də ləğv edib.

Gürcüstan prezidenti Salome Zurabişvili birbaşa uçuşların bərpasını və viza rejiminin ləğvini Moskvanın növbəti təxribatı adlandırıb. Onun sözlərinə görə, Rusiya Gürcüstanın ərazisini işğal etdiyi və Ukraynada müharibə apardığı bir vaxtda bu qəbuledilməzdir.

İyunun əvvəlində xarici agentlər haqqında qanunun qəbulundan sonra Tbilisinin Vaşinqtonla münasibətləri xeyli pisləşib. Co Bayden administrasiyası Gürcüstan parlamentinin bir sıra üzvlərinə və bu qanunun qəbulunda iştirak edən ölkə rəsmilərinə viza məhdudiyyəti qoyub. Buna cavab olaraq Gürcüstan hakimiyyəti Vaşinqtonu daxili siyasi sabitliyi pozmağa çalışmaqda ittiham edib.

Azpost.info

Əvvəlki məqalə

Qurban Qurbanov AFFA-nın baş məşqçi ilə bağlı iclasına qatılmayıb

Sonrakı məqalə

“Qafqaz Qartalı – 2024” birgə təlimi başa çatıb