“Həlak olmuş hərbçilərin siyahısının sosial şəbəkəyə necə sızması araşdırılır” –DSX-nın Aparat rəhbəri qəza ilə bağlı yayılan iddialara cavab verdi

“Qaraheybətdə qəzaya uğramış helikopterdə həlak olan hərbi qulluqçuların siyahısının rəsmi məlumat açıqlanmadan KİV-ə və sosial şəbəkəyə sızması ilə bağlı araşdırma aparılır. Hazırda müvafiq xidmətlər bununla bağlı təxirəsalınmaz tədbirlər görür”.

Azpost.info bildirir ki, bu sözləri Dövlət Sərhəd Xidmətinin Aparat rəhbəri, general-mayor Elçin İbrahimov Haqqın.az-a müsahibəsində bildirib.

DSX-nın aparat rəhbəri qəzaya uğramış helikopter ətrafında yaranmış bir sıra sualları cavablandırıb. Onun sözlərinə görə, helikopterin uçuşu illik döyüş planına uyğun həyata keçirilib: “Təlimata uyğun olaraq uçuşdan əvvəl istənilən uçuş maşını tam yoxlamadan keçməlidir. Helikoperə uçuşdan əvvəl mütəxəssislər tərəfindən texniki baxışdan keçirilib. Helikopterdə hər hansı problem müəyyən olunmayıb. Vertalyot təcrübəli ekipaj tərəfindən idarə edilib”.

Elçin İbrahimov bildirib ki, 20136 bort nişanlı Mİ-17 helikpoteri 2012-ci ildə Azərbaycanın Dövlət Sərhəd Xidməti üçün istehsal olunub və həmin ilin dekabrında DSX-da istismara qəbul olunub.  İstismar müddəti 25 ildir: “2020-ci ilin avqustunda ilkin qarant müddətinin bitməsi ilə əlaqadar planlı kapital təmir üçün istehsalçı zavoda göndərilib. Təmir 2021-ci ilin aprelində başa çatıb və bütün bu proses sənədləşdirilib”.

Generalın sözlərinə görə, istənilən hava qəzası zamanı onun mümkün səbəbləri içərisində ilk növbədə hava şəraiti, texniki problem və insan faktoruna diqqət yetirilir. “Daha bir neçə belə vəziyyət nəzərə alına bilər. Amma onların hamısı mümkün versiyalardan başqa bir şey deyil. Qəzanın əsl səbəbi “qara qutu”nun oxunmasından sonra məlum olacaq”. 

Aparat rəhbəri 14 zabitin eyni helikopterdə uçması ilə bağlı müzakirələrə də aydınlıq gətirib.

E.İbrahimov deyib ki, noyabrın 30-da Qaraheybət poliqonunda döyüş atışlı təlimlər planlaşdırılmışdı. Bu təlim təkcə uçuş ekipajının deyil, uçuşa rəhbərlik edənlərin, təlimatçılar, mütəxəssislərin iştirakını tələb edir. “Qəzaya uğrayan helikopter təlim uçuşlarına cəlb olunmuş şəxsi heyəti Səngəçaldakı bazamızdan Qaraheybət poliqonuna gətirirdi. Belə uçuşlar mütəmadi aparılır. Helikopertdə 16 və daha çox zabitlərin, hətta DSX generallarının olması adi iş situasiyasıdır”. 

General helikopertin kənar təsirlə vurulması barədə ittihamları rədd edib: “Baş verənlərin ilik analizi, hadisə yerinə baxış, yaralı zabitlərin ifadələri, peşəkar pilotların rəyinə əsaslanaraq əminliklə demək olar ki, helikopterə kənar təsirin olması tam istisna olunur”.

E.İbrahimov deyib ki, qəza ilə bağlı cinayət işi açılıb və təhqiqat gedir. “DSX qəzanın səbəblərinin tez bir zamanda müəyyən olunmasında maraqlıdır ki, müəyyən edilmiş səbəb vertalyotların sonrakı istismarında nəzərə alsın”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Qəzaya uğrayan helikopterin “qara qutu”su harada açılıb?

Sonrakı məqalə

“Azərbaycan məktəbi”nin sabiq baş redaktorunun barəsində cinayət işi başlanıb