Azərbaycan müstəqillik əldə etdikdən bəri dövlətin qarşısında duran əsas vəzifələrdən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. Ötən illər ərzində diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi önə çəkilib.
Dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, Azərbaycanın milli maraqlarının qorunması istiqamətində diasporun potensialını səfərbər etmək, bir sözlə, Azərbaycanı gerçəkdən 50 milyon azərbaycanlının and yerinə çevirmək, dünyanın hər bir guşəsində yaşayan soydaşlarımızın mədəni-siyasi hüquqlarını müdafiə etmək bu siyasətin qayəsini təşkil edib.
2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycançılıq ideologiyasının beynəlxalq əhəmiyyət qazanması baxımından önəmli bir hadisəyə çevrildi. Dünyanın 36 ölkəsindən 200-dən çox müxtəlif təşkilatı təmsil edən 406 nümayəndənin və 63 qonağın iştirak etdiyi bu tədbir Azərbaycan diaspor quruculuğu tarixində yeni bir mərhələnin başlanğıcı oldu.
Sonrakı dönəmlərdə də keçirilən Dünya azərbaycanlılarının qurultayları Azərbaycanın hüdudlarından soydaşlarımızın ümumi məqsəd, vahid ideya ətrafında birləşməsi yolunda böyük addımlar idi.
Milli Azərbaycançılıq ideyası ətrafında soydaşlarımızın birlik və həmrəyliyi diaspor təşkilatlarımızın gücünü ortaya qoyur. Dünyanın ayrı-ayrı ölkələrindəki soydaşlarımızla aparılan sistemli iş, azərbaycanlıların milli birliyinin möhkəmləndirilməsi yönündə dövlətin yürütdüyü siyasət Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil qaydada əlaqələndirilməsi, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təminatı baxımından səmərəli nəticələr verib.
Dünyada gedən sürətli inteqrasiya prosesləri, beynəlxalq məsələlərdə diaspor və lobbi təşkilatlarının rolunun artması bu sahəyə diqqətin daha da artırılmasını tələb edir. Diasporla İş üzrə Dövlət Komitəsi əslində bu zərurət nəzərə alınaraq yaradılıb.
Tarix elə gətirib ki, 70 ildə kommunist ideologiyası altında mövcud olmuş Azərbaycan özünün xaricə olan bağlarından tamamilə məhrum olub. Bizim diaspora tarixşünaslığımız öyrənilməyib və o illərdə əcnəbi ölkələrdə yaşayan azərbaycanlılar arasında “sələflər və xələflər” zənciri formalaşmayıb.
Bu gün Azərbaycan diasporu özünün formalaşma dövrünü yaşayır.
Son onilliklərdə Avropada, Rusiyada, Amerika Birləşmiş Ştatlarında, Türkiyədə olan diaspora təbəqəmiz mövqelərini möhkəmləndirir. Xarici ölkələrdə yaşayan və işləyən soydaşlarımız getdikcə bu yöndə təsirli imkanlara yiyələnirlər. Bu baxımdan yürüdülən dövlət siyasətinin ardıcıllığı və prioritetliyi diaspora quruculuğunda nəticələr əldə edilməsinə imkan yaradıb.
Prezident İlham Əliyevin diaspora siyasətinin əsas prioritetləri Azərbaycanın beynəlxalq müstəvidə təqdimatında xaricdə yaşayan, işləyən tanınmış, işgüzar soydaşlarımızın potensialından səmərəli istifadəni təşkil edir. Bunun üçün aparılan siyasət həm rəsmi, eləcə də qeyri-dövlət sektorunda, KİV-də, o cümlədən mədəni müstəvidə yürüdülür. Burada Heydər Əliyev Fondunun və onun rəhbəri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rolu xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın diaspor potensialı çox böyükdür. Müxtəlif ölkələrdə bu platforma ən parlaq insanları, böyük biznes dairələrini, elmi kəsimi əhatə edir. Hər bir soydaşımızın ana Vətənlə bağlarının möhkəm olması onlara yaşadıqları dövlətdə söz sahibinə çevrilmək şansını verir.
Əgər illər öncə diaspora yalnız mədəni-humanitar xarakter daşıyırdısa, bu gün onun siyasi mesajı daha böyükdür. İndi diaspora qurumları mövcud olduqları xarici ölkələrdə Ana Vətənin vizit kartı olmaqla yanaşı dövlətlərarası ictimai-siyasi münasibətlərin də mühüm həlqəsinə çevriliblər.
Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının gördüyü iş bu baxımdan kənarda qoyula bilməz. 15-20 il öncə Azərbaycanın kütləvi informasiya vasitələrində xaricdə yaşayan həmvətənlərimizlə bağlı məlumatlandırma özünün pərakəndəliyi ilə seçilirdi. Müxtəlif ambisiyalı, müəmmalı şəxslərin Azərbaycan adından xarici ölkələrdə bəyanatları və kütləvi informasiya vasitələrində müəyyən təmənnalı şərtlərlə onlar haqqında verilən yazılar bu baxımdan o dövrün xarakterik hallarından idi.
Lakin 2000-ci illərdən başlayaraq dövlət siyasətində diaspora xətti prioritet olaraq önə çıxmağa başladı. Xaricdəki həmvətənlərlə iş üzrə Diaspora Komitəsi yaradıldı. KİV-lərdə diaspora mövzusuna maraq artdı. Bu gün istər ənənəvi çap mətbuatında, istərsə də internet mediada diaspor təşkilatları ilə bağlı xəbərləri tez-tez oxumaq olur. Amma bu xəbərlərdə hələ ki, standart ifadələr, başqa ölkələrdə mövcud olan müəyyən qurumların təbliğatını aparma cəhdləri hiss olunur. Kütləvi informasiya vasitələrində diaspora mövzusu yalnız müxtəlif təşkilatların keçirdiyi tədbirlərdən, ənənəvi materialların təqdimatından o yana getmir. Diaspora hərəkatının siyasi mesajları və xarici ölkələrin ictimai həyatına bu təşkilatların təsir mexanizmləri barədə az məlumat var.
Diasporanın fəaliyyətinin geniş təbliği üçün yeni forma və üsullardan istifadə edilməlidir. Burada internetin, yeni medianın, və onlayn KİV-ləri mühüm rıçaqdır. Beynəlxalq şəbəkə bu baxımdan diaspora təbliğatı üçün əvəzsiz imkanlar yaradıb. Əvvəllər uzaq ölkələrdə yaşayan soydaşlarımız barədə yalnız məktub, faks və səfər təəsüratları əks olunmuş yazılar yazılırdısa, bu gün internetin sayəsində KİV-in diaspora quruculuğu prosesində bilavasitə iştirak etmək imkanları yaranıb. Bunun üçün unikal şərait var. Sosial şəbəkələr, saytlar, bloqlar bu istiqamətdə təbliğatın aparılmasında böyük rol oynayır.
Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diasporasının ictimai müstəviyə təsir imkanları, liderlik qabiliyyəti olan soydaşlarımızın təqdim olunması mühüm amildir. İkincisi, xarici dillərdə diaspora təşkilatlarımızın işinin effektiv təqdim edilməsi vacib məsələdir. Diaspora təşkilatları əlahiddə işləyən hər hansı brökratik bir aparat deyil. Bu təşkilatların gücü və nufuzu soydaşlarmızın real, canlı dəstəyindən bilavasitə asılıdır. Müxtəlif ölkələrdə yaşayan diaspora təşkilatlarımızın yaratdığı bir sıra saytlar hələ də pafos və şablon yazı tərzindən xali deyil. Qloballaşan dünya ilə ayaqlaşmaq üçün daha təsirli və çevik addımlara ehtiyac var. Xüsusilə informasiya əsri yeni şərtləri diqtə edir. Media proseslərin idarə edilməsində gözlənilməz üstünlük əldə edib. Odur ki, bu yeni şərtlər ənənəvi yanaşma sistemini tam dəyişdirməlidir.
Diaspora siyasətində ciddi nəticələrin əldə olunması üçün ilk növbədə xarici ölkələrdə yaşayan soydaşlarımız daha yaxşı təşkilatlanmalıdırlar. Bu ölkələrdə yaşayan ən yaxşı alimlər, jurnalistlər, ziyalılar, biznesmenlər diasporanın avanqardını təşkil etməlidirlər. Digər tərəfdən milli diaspora yaşadığı ölkədə öz liderini təqdim etməyi bacarmalıdır. Nufuzlu və yaşadığı ölkədə mövqe sahibi olmuş bu diaspora lideri orada yaşayan soydaşlarımızı təkcə ətrafında birləşdirməli deyil, onları eyni zamanda təsirli ictimai-sosial təsir rıçağı kimi yönləndirməyi bacarmalıdır.
Çünki öz ölkəsinin siyasi dəstəyini hiss etməyən diaspora heç bir halda hörmətli və nufuzlu qüvvəyə çevrilə bilməyəcək. Azərbaycanın strateji müttəfiqləri olan, dünya siyasətini həll edən ölkələrdə diaspora təşkilatlarını gücləndirmək əsas məsələ olmalıdır.
Diaspora quruculuğunda gənclərdən aktiv istifadə etmək lazımdır. Təşkilatlarda onlardan “ikinci skripka” kimi deyil, 10 ildən sonra diaspora qurumlarına rəhbərlik edəcək nəsil kimi yetişdirmək vacibdir. Hər il yüzlərə gənc oxumaq üçün əcnəbi ölkələrə üz tutur. Taleyini təhsil aldığı ölkə ilə bağlayan, oranı ikinci vətən kimi seçən gənclər də az deyil. Onlarla əlaqə kəsilməməlidir. Əcnəbi ölkədə karyera quraraq orada işləyən gənc soydaşlarımıza dövlət dəstəyi həmin gənci sabah güclü diaspora təşkilatı formalaşdırmağa aparacaq. Ən vacib olanı isə diaspora quruculuğunda nəsillərin bir-birini tamamlayacaq varisliyini formalaşdırmaqdır. Əsas hədəf mövqeyindən asılı olmayaraq hamını Azərbaycan dövlətinin maraqları ətrafında birləşdirmək və ölkələr arasında dostluq əlaqələrinə öz töhfələrini verməkdir.
Vətən Müharibəsi dövründə xaricdə yaşayan soydaşlarımızın necə böyük bir potensiala malik olduğunun şahidi olduq. Ölkənin ərazi bütövlyününü bərpası üçün işğalçı Ermənistanla döyüşən Ali baş Komandan İlham Əliyevə, qalib ordumuza xarici ölkələrdəki soydaşlarımızın böyük dəstək aksiyaları, tanınmış şəxslərin çıxışları böyük rezonans yaratmışdı. Bu müharibə həm də diaspora quruculuğu üçün yeni təkan oldu. İndi diaspora quruculuğunda yeni səhifəni açılması üçün yeni çağırışlar aktualdır. Bunun reallaşması isə diaspor təşkilatlarında cəmləşən soydaşlarımızın əzmkar işindən, bu yöndə səmimi, təmənnasız çalışmasından çox asılıdır.
Azərbaycanın hüdudlarından kənarda məskunlaşmış milyonlarla soydaşlarımızın vahid bir amal ətrafında birləşdirilməsi istiqamətində indiyədək əldə olunmuş bütün nailiyyətlər ümummilli liderimiz Heydər Əliyevin adı və məqsədyönlü fəaliyyəti ilə bağlıdır. Bu gün prezident İlham Əliyev diasporumuzun formalaşdırılması sahəsində nailiyyətləri yeni inkişaf mərhələsinə qaldıraraq daim diqqət mərkəzində saxlayır.
R.Həsənova
Yazı MEDİA-nın dəstəyi ilə “diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda hazırlanıb