Həbsdə olunan XİN-in sabiq rəsmilərinə şərti cəza verildi –QƏRAR

Xarici İşlər Nazirliyinin (XİN) İşlər idarəsinin sabiq müdiri Fərhad Mollazadə, Konsulluq idarəsinin sabiq vəzifəli şəxsi Səlim Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən iclasda son olaraq təqsirləndirilən Səlim Əlizadə son söz deyib.

Daha sonra prosesdə hökm elan olunub.

Hökmə əsasən, Fərhad Mollazadə və Səlim Əlizadə hər biri 6 il həbs cəzasına məhkum edilib. Lakin onların barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumluq) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti seçilməklə şərti cəza seçilib.

Hökmdə qeyd olunub ki, dəymiş maddi ziyanın ödənilməmiş hissəsi – 167 min manat Səlim Əlizadədən alınaraq Xarici İşlər Nazirliyinə ödənilməlidir.

F.Mollazadə və S.Əlizadə 2020-ci ilin iyulunda Dövlət Təhlükəsizliyi Xidmətinin XİN-də apardığı əməliyyat zamanı saxlanılıb və barələrində həbs qətimkan tədbiri seçilib. Lakin dekabrda məhkəmə onları ev dustaqlığına buraxıb.

İttihama görə, F.Mollazadə S.Əlizadə və digərləri ilə əlbir olub çoxsaylı şirkətlər vasitəsilə nazirlik üçün hədiyyələr, dəftərxana ləvazimatları, suvenirlər və s. alınması məqsədilə ümumilikdə 2 milyon 543 min 173 manat vəsaiti mənimsəyiblər. F. Mollazadə dəymiş ziyanın 2,3 milyon manatını ödəyib.

Qeyd edək ki, Səlim Əlizadə Azərbaycanın “Avroviziya-2010” təmsilçisi, müğənni Safura Əlizadənin atasıdır. O, həmçinin mərhum energetika naziri Natiq Əliyevlə quda olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

FHN-nin bir qrup hərbçisinə ali hərbi rütbələr verilib –

Sonrakı məqalə

Prezident İlham Əliyev İranın xarici işlər nazirini qəbul edib