Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı sosial şəbəkədə yayılan şəkilləri ilə bağlı üzr istəyib.
ÜST-ün Bakı nümayəndəliyindən daxil olan məlumatda deyilir:
“Əziz dostlar, Sosial mediada paylaşdığım və mənfi reaksiyaya səbəb olan şəkillərlə bağlı məsələyə aydınlıq gətirmək istəyirəm.
Bildiyiniz kimi, COVID-19 pandemiyası ilə əlaqədar REACT-C19 layihəsini həyata keçiririk. Layihə çərçivəsində Türkiyədə təhsil almış və çalışan 19 azərbaycanlı həkim hazırda ölkənin müxtəlif rayon və şəhərlərinə səfər edərək, yerli həkimlərə kömək edirlər.
İyunun 13-də həmin həkimlərlə birlikdə Quba və Qusar rayonlarına səfər etmişdik. Sosial mediada paylaşdığım şəkillər və video o zaman çəkilib.
Bu paylaşımı yanlış zamanda etdiyimi qəbul edirəm və buna görə sizdən üzr istəyirəm”.
Xatırladaq ki, H.Harmancı dünən istirahət zamanı foto və video çəkərək sosial şəbəkədə paylaşıb.