Hava marşrutları dəyişir- İstanbul təyyarələrin "yanacaqdoldurma qovşağına" çevrilir

Yaxın Şərqdə gərginlik hava nəqliyyatını dəyişdi, İstanbul yanacaq doldurma mərkəzinə çevrildi, uçuşlar yenidən planlaşdırılır, sərnişinlər çətinlik yaşayır, şirkətlər əlavə xərclərlə üzləşir

Yaxın Şərqdə baş verən gərginlik beynəlxalq hava daşımalarına ciddi təsir göstərib. Bu vəziyyət uçuş marşrutlarının dəyişdirilməsinə səbəb olub. AzPost Ekonomim saytına istinadla xəbər verir ki, bir çox hava şirkətləri artıq Türkiyənin İstanbul şəhərindən aralıq dayanacaq kimi istifadə edir.

Məlumata görə, təyyarələr son məntəqə olmasa belə, yalnız yanacaq ehtiyatını artırmaq üçün İstanbulda eniş edir. Bunun əsas səbəbi bəzi Avropa və Asiya ölkələrində hava yanacağı ilə bağlı məhdudiyyətlərin tətbiq olunmasıdır. Türkiyədə isə belə məhdudiyyətlərin olmaması ölkəni bu sahədə əlverişli mərkəzə çevirib. Nəticədə İstanbul qısa müddətdə beynəlxalq uçuşlar üçün mühüm yanacaq doldurma nöqtəsi kimi ön plana çıxıb.

Mütəxəssislər bildirir ki, bu dəyişikliklər hava daşımalarında tarazlığın pozulmasına gətirib çıxarır. Məsələn, İstanbul-London istiqamətində uçan təyyarələr geri dönüş üçün əlavə yanacaq götürmək məcburiyyətində qalır ki, bu da normaldan xeyli artıq sərfiyyata səbəb olur. Artan çəki isə digər məhdudiyyətlər yaradır.

Qeyd olunur ki, çəki limitlərini qorumaq üçün hava şirkətləri bəzi hallarda sərnişin yüklərini məhdudlaşdırır. Bəzi baqajlar uçuş məntəqəsində saxlanılır, hətta təyyarədə müəyyən oturacaqların satışı müvəqqəti dayandırılır. Bu da sərnişinlər üçün əlavə narahatlıq yaradır və xidmət keyfiyyətinə təsir edir.

Məlumata əsasən, Yaxın Şərqdəki böhran artıq 70 mindən çox uçuşun ləğvinə səbəb olub və regionun əsas hava limanlarının fəaliyyəti dayandırılıb. Turizm sahəsində itkilərin 55 milyard dollara çata biləcəyi bildirilir. İl ərzində beynəlxalq səfərlərin sayında isə təxminən 30 faiz azalma gözlənilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.