“Hazırda “Trendyol” platformasına qarşı tənzimləmə qərarı yoxdur” –Dövlət Xidmətindən AÇIQLAMA

Azərbaycanda rəqəmal bazarın çoxsaylı istifadəçiləri var və bunların sayı son illər kifayət qədər artıb. Müşahidələr göstərir ki, yerli şirkətlərlə yanaşı, Azərbaycandan satış üzrə ən yüksək paya Türkiyənin «Trendyol» şirkəti malikdir.

Bu barədə fevralın 23-də Bakıda Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin təşkil etdiyi «Heydər Əliyevin rəqabətədavamlı iqtisadiyyatın formalaşdırılmasında rolu» mövzusunda konfransda Xidmətin nümayəndəsi Cavid Süleymanov bildirib.

«Trendyol»un Azərbaycana, xüsusilə Türkiyə istehsallı məhsulların satışında yerli satıcılara qarşı haqsız rəqabət ehtimalları var və rəqabət narahatlıqları yarana bilər. Bununla bağlı məqaləmiz OECD –nin «Rəqabət» jurnalında dərc edilib»-deyə C.Süleymanov bildirib. 

O «Trendyol» tərəfindən yaradıla biləcəyi ehtimal olunan haqsız rəqabət prosesini belə təsvir edib:

«Fərz edək ki, «Trendyol» platformasında fəaliyyət göstərən bir «A» subyektiin Bakıda da pərakəndə satış mağazası var. Bakıdakı pərakəndə satış mağazası «Trendyol»da da satılan bu məhsulun satışını mağazasında həyata keçirir. Bu obyektin icarə xərcləri var, iqtisadiyyata qoyulan əlavə kapitalı və dəyər göstəriciləri var, bunun üzərinə gömrük rüsumu və əlavə dəyər vergiləri də gəlməklə formalaşmış bir qiyməti var.

Təbii ki, Azərbaycan bazarındakı bu pərakəndəçi, «Trendyol»dakı qiymətlə rəqabət apara bilmir. Bu vəziyyətdə bir rəqabət orqanı olaraq bizim, ölkədə yerləşən pərakəndə satış məntəqəsini qorumaq öhdəliyimiz var. Bir çox rəqabət qurumları bu cür hallara qarşı müvafiq tənzimləyici addımlar atırlar».

Xidmət nümayəndəsi bildirib ki, bu sahədə gələcəkdə rəqabət narahatlıqları olsa və belə hallarla bağlı siqnallar yaransa, rəqabət orqanı müəyyən addımlar ata bilər.

Onun sözlərinə görə, rəqabət orqanının atacağı addımlar aşağıdakılar ola bilər:

«Bu təkliflər ondan ibarətdir ki, (1) ümumiyyətlə «Trendyol» və Azərbaycanda böyük həcmdə satış həyat keçirən digər şirkətlərin birinci mərhələdə Azərbaycanda nümayəndəliyinin açılması, (2) Azərbaycanda ən çox satılan məhsulların ölkəmizdə 30-40%-lik stokunun mövcüd olması və (3) bu məhsullanrın da digər pərakəndə satış məntəqələrində olduğu kimi gömrük vergisi və digər vergilərin üzərində formalaşmış qiyməti ilə rəqabər aparması».

Cavid Süleymanov çıxışından sonra verdiyi açıqlamada bildirib ki, səsləndirdiyi tədbirlər hazırda müzakirə edilmir, sadəcə bunlar bu istiqamətdə beynəlxalq praktikada mövcud olan nümunələrdir.

«Azərbaycanda bunu gözləyirik, bu barədə mövqeyimiz var, daxili müzakirəyə çıxarılıbdır və ya bu istiqamətdə rəy-təklifimiz – olmayıb»-deyə ekspert bildirib.

«Sadəcə gələcəkdə əgər bu sahədə rəqabət narahatlıqları olduğuna dair siqnallar böyüyərsə, biz də hər hansı tənzimləyici tədbir görsək, beynəlxalq praktikadakı tədbirlərdən istifadə edə bilərik, deyə məqaləmizdə qeyd edilib».

Xidmət nümayəndəsi bildirib ki, hal-hazırda dövlət xidmətinin belə bir mövqeyi və ya hökumətə bu barədə rəy və ya təklifi yoxdur.

«Bu bazarda yarana biləcək rəqabət pozucu siqnallara qarşı bir requlyativ təklifdir və elmi bir jurnala göndərilmiş bir fikirdir»-deyə xidmət nümayəndəsi bildirib.

Əvvəlki məqalə

DYP hava şəraiti ilə bağlı müraciət edib

Sonrakı məqalə

Yeni Zelandiya Rusiyanın 87 vətəndaşını “qara siyahıya” saldı