2019-cu ildə Azərbaycanda qeyri-neft sektoru üzrə ümumi daxil məhsulun (ÜDM) artmasında (artım 3,5% olub) ticari sahələr əhəmiyyətli rola malik olub, qeyri-neft sənayesinin gözləntilərdən daha çox artacağı barədə Hesablama Palatasının ehtimalı təsdiqini tapıb.
“Report” xəbər verir ki, bu barədə qurumun “2019-cu il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinə və büdcənin icrasına dair illik hesabata verdiyi Rəydə bildirilir.
“Qənaətbəxş haldır ki, qeyri-neft sahələrinin artımı daha çox ticari sahələrin sayəsində mümkün olub, qeyri-neft sənayesi və kənd təsərrüfatı yüksək artım tempinə görə digər sahələrdən fərqlənib. Bununla belə, qeyri-ticari sahələrin əlavə dəyər istehsalına payı hələ də yüksək – 80%-dən çox olaraq qalır”, – deyə Hesablama Palatası bəyan edib.
Ticari sahələr dedikdə ölkənin icrac etdiyi məhsulların istehsalının həyata keçirildiyi sahələr nəzərdə tutulur. Bunlar isə sənaye və kənd təsərrüfatını özündə ehtiva edir.