Heydər Əliyev SSRİ-də Gəncə “İmamzadəsi”nə necə rəsmi ziyarətgah statusu verib?

Azərbaycan xalqı bu il Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Prezident İlham Əliyevin sərəncamı ilə 2023-cü il “Heydər Əliyev ili” elan edilib.

Mərhum Heydər Əliyev ömrü boyu insanın mənəvi dirçəlişində müqəddəs islam dinin rolunu yüksək qiymətləndirib.

Allahsız sovet rejimində yüksək siyasi vəzifələr tutan H.Əliyev üsul-idarənin sərt nəzarətində belə Azərbaycanın mənəvi gücünün, onun söykəndiyi məqamların qorunması üçün var-gücü ilə çalışıb.

Bu sırada maraqlı bir əhvalatın tarixçəsi də var.

Azərbaycanlı dindarlar üçün əziz sayılan bir məkanı –Gəncə İmamzadəsini dağıdılmaqdan Heydər Əliyev xilas edib.

Səudiyyə Ərəbistanı və İraqdan sonra Peyğəmbər nəslinin nümayəndələrinin ən çox məzarları Azərbaycandadır. Belə ziyarətgahlardan biri də Gəncədəki VIII əsrə aid tarixi memarlıq abidəsi – xalq arasında “Göy günbəz”, “Göy məscid” yaxud “Göy İmam” kimi tanınan “İmamzadə” dini–mədəniyyət kompleksi şəhərin və bütövlükdə ölkəmizin ən dəyərli memarlıq abidələrindən biri hesab edilir. Bu kompleksin ən qiymətli abidəsi türbədir. Burada beşinci imam Məhəmməd Baqirin oğlu İbrahim dəfn olunub.

Memarlıq quruluşuna görə türbənin XIV əsrin sonu – XV əsrin əvvəllərində, ətrafındakı kompleksin isə XVII əsrdə tikildiyi ehtimal edilir. Türbə sonralar ziyarətgaha çevrilib və onun ətrafında müxtəlif binalar inşa edilib. Azərbaycan memarlığının dəyərli nümunələrindən olan “İmamzadə” piri Şərqin qədim karvan-ticarət yolunun üzərində yerləşib. “İmamzadə” əsrlərdən bəri Azərbaycanın müxtəlif bölgələrindən, eləcə də başqa ölkələrdən gələn müsəlmanların ziyarətgahı olub.

Müxtəlif vaxtlarda dağıntılara məruz qalan “İmamzadə” ziyarətgahı 1946-cı ildən “İmamzadə” piri kimi fəaliyyət göstərib. 1970-ci illərdə “İmamzadə”nin idarə olunması Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin tabeliyinə verilib.

Məhz Heydər Əliyevin sayəsidə Gəncə İmamzadəsi SSRİ ərazisində ziyarətgah kimi qeydiyyatdan keçən və dövlət tərəfindən qorunan ilk məkan olub.

Bəs bunun tarixçəsi necədir?

Əhvalat belə olub: 1970-ci illərin sonlarında Gəncədən bir neçə kommunist İmamzadənin sökülməsi üçün Moskvaya –Siyasi Büroya məktub yazııblar. Səbəb kimi göstəriblər ki, nə qədər İmamzadə Gəncədədir, burada ideoloji işi effektiv təşkil etmək olmur, kommunizm prinsiplərinin təbliğatı maneə ilə üzləşir.

Buna cavab olaraq Moskvadan Azərbaycan Nazirlər Sovetinin Dini işlər üzrə müvəkkiliyinə məktub gəlir.

QMİ-nin sədri Allahşakar Paşazadə açıqlamasında deyib ki, o, bununla bağlı Müvəkkilliyə dəvət olunur.

Şeyxülislam burada öyrənir ki, müvəkkillikdə o zaman Kirovabad adlanan şəhərin kommunistlərinin həmin ərizəsinin müzakirəsi planlaşdırılıb. Məlum olub ki, həmin məktub Moskvadan, Siyasi Büronün üzvü Mixail Suslovun dərkənarı ilə baxılmaq üçün göndərilib. Kommunistlər həmin iclasda “İmamzadə” ziyarətgahını sıradan çıxarılmasını təklif edirlər. Qərara alınır ki, ziyarətgah təmir adı altında hasara alınsın, sonra gizli surətdə məhv edilsin.

Qərardan ciddi narahatçılıq keçirən gənc Şeyxülislam çıxış yolu axtramağa başlayır. O, nəyin bahasına olursa – olsun problemin Azərbaycan Kommunist Patiyasının Birinci katibi Heydər Əliyevə çatdırmağı qərara alır.

“Mənim o zaman gənc din xadimi olaraq, sovet dövlətinin qərarının qarşısını almaq səlahiyyətim yox idi. Bu xəbəri yasin oxutdurmaq üçün Təzəpir məscidinə göndərdiyi qohumu Validə xanımın vasitəsilə mərhum Zərifə xanıma, onun vasitəsilə isə Heydər Əliyev həzrətlərinə yetirməyi qərara aldım”-deyə A.Paşazdə danışıb.

O zaman din xadimi üçün çox təhlükəli olsa da, bu addımı atır:  “Zərifə xanım bu xəbərə yüksək diqqət göstərdi. Validə xanım vasitəsilə məndən İmamzadə haqqında, onun məqbərəsi ilə bağlı məlumatları yazılı şəkildə təqdim etməyimi istədi”.

Beləliklə, çətinliklə məsələ ilə bağlı H.Əliyev mərhum Zərifə Əliyevanın vasitəsi ilə məlumatlandırır. Heydər Əliyev məsələdən hali olur. “Heydər Əliyevin bu qərardan xəbəri olmamışdı. Zərifə xanım ona deyəndən sonra İmamzadənin dağıdılmasının qarşısını aldı” –deyə Şeyx xatırlayıb.

Məhz Heydər Əliyevin sayəsidə Gəncə İmamzadəsi SSRİ ərazisində ziyarətgah kimi qeydiyyatdan keçən və dövlət tərəfindən qorunan ilk məkan olur.

 Allahşükür Paşazadənin Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilməsində də Heydər Əliyev həlledici rol oynayıb.

On birinci Şeyxülislam, axund Mirqəzənfər vəfat etdikdən sonra  Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə yeni rəhbər seçmək üçün namizədlər müəyyən olunur. İrəli sürülən 6  namizədlərdən biri Daşkənd Ruhani İnstitutunun məzunu olan gənc A.Paşazadə idi.

O zaman mühüm dini vəzifələrə namizədliyi irəli sürülmüş din xadimlərinin sənədləri Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinə göndərilirdi. Burada QMİ-nin planlaşdırılan qurultayından əvvəl bu namizədlərin sənədlərinə baxılırdı.

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyev namizədlərin sənədləri ilə tanış olduqdan sonra görür ki, Şeyxülislam postuna namizədlərin hamısı yaşlı adamlardır. Onların içində yalnız bir gənc var. H.Əliyev anket məlumatlarını oxuduqdan sonra A.Paşazadənin qovluğunun götürərək “qoy bu cavan oğlan Şeyxülislam olsun” deyir.

Bu A.Paşazadə üçün də gözlənilməz olur. Özü də, digər namizədlər də onun Şeyxülislam seçiləcəyinə şübhə edirlər. Lakin QMRİ-nin qurultayında A.Paşazadə yekdilliklə sədr seçilir.

Çox illər sonra Heydər Əliyevin qəbulunda olarkən Ulu öndər bu tarixçəni QMİ sədrinə xatrıladıb.

Azərbaycan Prezidentinin andiçmə mərasimində Ana Qanun olan Konstitusiyamızla yanaşı, müqəddəs Kitabımız Qurani-Kərimin yanaşı qoyulma ənənəsinin əsasını Heydər Əliyev qoyub.

1993-cü ildə təntənəli andiçmə mərasimində Prezidentin öpüb and içdiyi həmin Quran kitabı uzun illər boyu Heydər Əliyevin iş otağında qoyulub, hal-hazırda da dövlətçilik tarixi muzeyində dəyərli eksponat olaraq qorunub saxlanılır.

Bibiheybət məscidinin Azərbaycan dindarları arasında xüsusi yeri var. Bu məscidin  təmir olunaraq Azərbaycan müsəlmanlarının istifadəsinə verilməsində Heydər Əliyev xüsusi rol oynayıb.

Məscidin taleyi isə çox ağır olub.

Sovet hakimiyyəti illərində Azərbaycanda fəaliyyət göstərən 1700 məsciddən 1683-ü məhv edilmişdi. Dağıldılmış məscidlərdən biri də XII əsrdə Şirvanşah II Fərruxun memar Mahmud ibn Sadın layihəsi əsasında tikdirdiyi Bibiheybət məscidi idi. 1936-cı ildə dağıldılan məscidin yerində Stalinin heykəli qoyulmuşdu.

1997- ci il iyulun 23-də Bibiheybət məscidinin tikintisinə başlanır, cəmi bir il sonra isə bərpa və tikinti işləri başa çatdırılır.

Prezident Heydər Əliyev tikintinin gedişinədək bütün məsələləri xüsusi diqqətdə saxlayıb. 1996-cı ildə təməlqoymada şəxsən iştirak edən Heydər Əliyev  1998-ci ilin 12 iyulunda məscidin ilk minarəsinin açılışında iştirak edib. Prezident İlham Əliyevin iştirakı ilə 2008-ci ilin 14 iyulunda Bibiheybət məscid ziyarətgahının artıq tam kompleks olaraq açılışı oldu.

Ümumilli lider Heydər Əliyev daim xalqın mənəvi gücü sayılan abidələrinin qorunmasının qayğısına qalıb. Müstəqil Azərbaycanın prezidenti seçildiyi gündən bu onun siyasətinin əsas prioritetlərindən olub.

A.ABBASOV

Yazı MEDİA-nın dəstəyi ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusunda hazırlanıb

 

 

Əvvəlki məqalə

Cəlilabadda yeni doğulmuş körpə ölüb

Sonrakı məqalə

“Tik-Tok”da “kreditlə qızıl vəd edən fırıldaqçılar saxlanılıb