Heydər Əliyev və Qafqaz müsəlmanları

Qafqaz Müsəlmanları İdarəsində mərhum prezident Heydər Əliyevin 100 illiyinə həs olunmuş “Ulu öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” adlı konfrans keçirilib.

 

Şeyxülislam Allahşükür Paşazadə çıxışında deyib ki, Heydər Əliyevin prezidentliyi dövründə dini-mənəvi dəyərlər xalqımızın həyatında layiqi yerini tutub, onun inkişafı üçün bütün imkanlar və münbit şərait yaradılıb. Qeyd olunub ki, müdrik dövlət başçısı kimi millətimizin yüksək amallar uğrunda sıx birləşməsində milli-mənəvi dəyərlərin önəmini gözəl bilirdi. QMİ sədri deyib ki, Ulu Öndərin fəaliyyətində müstəqil Azərbaycanın bütün dünya ölkələri, o cümlədən, İslam dünyası ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi hər zaman mühüm səciyyə daşıyıb.

O vurğulayıb ki, müasir Azərbaycan dövlətçiliyinin qurucusu olan Ulu Öndər Heydər Əliyevin ölkəmizi etnik separatçılıq, dini zəmində parçalanmaq, mənəvi cəhətdən zəiflətmək, məzhəb ayrı-seçkiliyi kimi bəlalardan qoruyub.

Mərhum Heydər Əliyevlə QMİ arasında münasibətlərin çox gözəl və yaddaqalan tarixi var. Bu əlaqələr 45 il əvvələ- H.Əliyevin sovet dönəmində Azərbaycana başçılıq etməsinə söykənir.

SSRİ dövründə yüksək dövlət postunu tutmuş Heydər Əliyev cəmiyyətdə mənəvi keyfiyyətinin formalaşmasında dinin rolunu vacibliyini qiymətləndirib. Ateist rejimin bütün sərtliyinə baxmayaraq o, Azərbaycanın minillik tarixi olan inancının qorunmasında öz köməyini əsirgəməyib.

Mərhum dövlət başçısı Heydər Əliyevlə Şeyxülislam Allahşükür Paşazadənin dostluq münasibətlərinin uzun illik tarixə söykənir. Bu münasibətlər təkcə Heydər Əliyevin Şeyxülislamla  şəxsi münasibətlərinin yox, dövlət başçısının ictimai-siyasi və şəxsi həyatında dinə, inanca olan münasibətinin bir indikatoru saymaq olar.

A.Paşazadənin Qafqaz Müsəlmanları İdarəsinin sədri seçilməsində Heydər Əliyev həlledici rol oynayıb. 70-ci illərin sonunda Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə yeni rəhbər seçmək üçün 6 namizədin içində A.Paşazadənin də adı var idi. Qurultaydan əvvəl bu namizədlərin sənədləri baxılmaq üçün Mərkəzi Komitəyə göndərilir.

A.Paşazadənin sözlərinə görə, QMRİ-nin qurultayı ərəfəsində Şeyxülislamlığa namizədlərin sənədləri Azərbaycan Kommunist Partiyasının Birinci katibi Heydər Əliyevə təqdim olunub:  “Sənədləri onun yanına aparan adam sonralar mənə danışırdı ki, anket məlumatlarından görünürdü ki, namizədlərin hamısı çox yaşlıdır. Heydər Əliyev də sənədlərlə tanış olduqdan sonra mənim anketimi oxuyub və əlini mənim sənədimin üstünə qoyaraq deyib ki, qoy bu cavan oğlan olsun Şeyxülislam”- deyə QMİ sədri açıqlamışdı.

Sovet dövründə QMİ-nin qapalı fəaliyyəti gənc Şeyxin seçilməsi ilə canlanmış oldu.

1993-cü ildə xalqın tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan Heydər Əliyevin siyasətində dini-mənəvi müstəvi prioritet oldu.

Heydər Əliyevin çıxışında “heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrdən istifadə edərək gələcəyimizi quracağıq” sözləri onun İslam dəyərlərinə sədaqətindən xəbər verirdi. Təsadüfi deyil ki, Ümummilli Lider hakimiyyətə qayıdandan sonra ilk addımlarından birini məhz ibadət məkanına atdı – Təzəpir məscidini ziyarətə gələrək dindarlar qarşısında çıxış etdi, “Allahın yolunda hamımız bir olaq” dedi.

Ulu Öndərin ilk sərəncamlarından biri nisgilli Bibiheybət məscidinin bərpası ilə bağlı oldu. Məhz Heydər Əliyevin rəhbərliyi  ilə Bibiheybət məscidi təmir olunaraq Azərbaycan müsəlmanlarının istifadəsinə verilmişdi. 1994-cü ildə bu məscid ziyarətgahın əvvəlki tarixi məkanda bərpa edilməsi barədə sərəncam verən Prezident Heydər Əliyev mütəmadi şəkildə buraya baş çəkərək, işlərin layihələndirilməsindən başlayaraq tikintinin gedişinədək bütün məsələləri xüsusi diqqətdə saxlayırdı. 1996-cı ildə təməlqoymada şəxsən iştirak edən Heydər Əliyev  1998-ci ilin 12 iyulunda məscidin ilk minarəsinin açılışında iştirak etdi. Prezident İlham Əliyevin iştirakı ilə 2008-ci ilin 14 iyulunda Bibiheybət məscid ziyarətgahının artıq tam kompleks olaraq açılışı oldu.

Mərhum dövlət başçısı Bibiheybət məscidinin açılışında çıxışı zamanı QMİ və onun sədrinin fəaliyyətinə də toxunub: “Bizim doğma islam dinimizin Azərbaycanda öz yerini tapmasında, insanların öz dini etiqadlarını yerinə yetirməsində, dinimizin özünəməxsus yer tutmasında Qafqaz Müsəlmanları İdarəsi və bu idarənin başçısı, Şeyxülislam Hacı Allahşükür Paşazadənin xüsusi xidmətləri var. Azərbaycanın Prezidenti kimi, mən bu fürsətdən istifadə edərək, insanlara vicdan azadlığının verilməsi sahəsində əldə etdiyi nailiyyətlərə, xalqın birliyinin, həmrəyliyinin möhkəmləndirilməsində, inkişaf etməsində göstərdiyi fəaliyyətə görə Qafqaz Müsəlmanları İdarəsinə və onun rəhbəri hörmətli Hacı Allahşükür Paşazadəyə hörmət və ehtiramımı bildirirəm…”

Prezident İlham Əliyev də Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə keçirdiyi iftar mərasimində bu dostluqdan danışmışdı: “Bu münasibətlərin təməlində ulu öndər Heydər Əliyev və Şeyx həzrətləri dayanırlar. Onların şəxsi dostluğu, bir-birilərinə olan hörməti dövlət-din münasibətlərinin inkişafına çox böyük təsir göstərmişdi. Mən onun şahidiyəm ki, Şeyx həzrətləri və ulu öndər Heydər Əliyev bir-birinə çox yaxın insanlar olmuşlar və onların xalq, Vətən qarşısında gördükləri işlər bugünkü Azərbaycanın uğurlu inkişafına şərait yaratmışdır”.

Heydər Əliyevin ilk gündən dini həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı apardığı bütün siyasətin əsasında QMİ ilə əməkdaşlıq başlıca yer tutub. Bunun nəticəsində Azərbaycanda müxtəlif şübhəli dini cəryanların təsiri altında olan qruplar baş qaldıra bilməyib. QMİ sədrinin məzhəb fərqi qoymadan bütün müsəlmanlar üçün vahid iman prinsiplərini rəhbər tutması ölkənin dini camesində həmrəyliyin yaranmasında mühüm rol oynayıb.

Odur ki, müxtəlif kənar cəhdlərə baxmayaraq Azərbaycandakı dini tolerantlıq beynəlxalq gündəlikdə həmişə yekdil mövqeyi ilə fərqlənib.

Bakı bu illər ərzində yürütdüyü siyasəti ilə dünyada tolerantlığın və multikulturalizmin yaxşı nümunəsini ortaya qoyub. Ölkənin hər tərəfində məscidlər, kilsələr, sinaqoqlar vahid Yaradana dua edən inanclı vətəndaşlar üçün qapılarını açır. Müsəlmanlar, xristianlar, yəhudilər heç bir maneə olmadan min illərdir etiqad göstərdikləri inamı açıq şəkildə ifadə edirlər, fitnəkarlıq cəhdlərinə qarşı birgə kəskin cavab verirlər. Mühüm dövlət tədbirlərində, dini bayramlarda Prezident İlham Əliyevin yanında Şeyxülislamla bərabər oturan digər dini konfessiyaların rəhbərləri dövlətin birgə əməkdaşlıq siyasətinin parlaq tablosunu yaradır.

Azərbaycanda dini narahatlıq doğuracaq hər hansı bir təhlükə yoxdur. İnsanlar inanclarında sərbəstdirlər və onların dini ritualları üçün bütün şərait yaradılıb.

Aparılan bu siyasət QMİ tərəfindən dəstəklənir və Şeyxülislam prosesin avanqardı kimi çıxış edir.

QMİ sədri özü çıxışlarında deyib ki, fəaliyyətində əldə etdiyi uğurlar, o cümlədən milli-mənəvi dəyərlərin bərqərarı və inkişafı, din-dövlət münasibətlərinin təkmilləşdirilməsə, dinlərarası əlaqələrin tolerantlıq müstəvisində gerçəkləşməsi sahəsində əldə etdiyimiz müsbət nəticələr bilavasitə Heydər Əliyevin ənənələri ilə bağlıdır.

Onun 80-ci illərdə yerli kommunistlərin müraciəti əsasında Moskvanın qəbul etdiyi Gəncə İmamzadəsini partlatmaq qərarının qarşısını ala bilməsi dövrünün mühüm hadisəsi sayıla bilər. Ümummilli lider, mərhum Prezident Heydər Əliyevə yol taparaq bu sərsəm qərardan onu xəbərdar etməsi Gəncənin bu gün bütün müsəlman dünyasında xüsusi ehtiram göstərilən dini ocağını barbar hucumdan xilas edə bilmişdi.

Heydər Əliyevin bu prinsipial siyasi irsi Azərbaycanda dövlət siyasətinin əsas prioriteti elan edilmiş tolerantlığın yaxşı nümunəsini yarada bilib. Məzhəb fərqlərini arxa plana atan Azərbaycan bütün dünyaya nümunə ola biləcək addımı ilə fərqlənir. Müqəddəs bayramlarda, əziz günlərdə məscidlərimizdə müxtəlif məzhəblərin nümayəndələri birgə namaz qılırlar.

Azərbaycan xalqı və dövləti dünyaya bəşərin xilas modeli olaraq  multikulturalizm, etnik, dini tolerantlıq modelini təqdim edir.

Bu modelinin təməli ümummilli liderimiz Heydər Əliyevin müdrik zəkasının məhsulu olan Azərbaycançılıq məfkurəsi ilə qoyulub  və bu gün Prezident İlham Əliyevin yürütdüyü siyasət sayəsində inkişaf edir, dünyaya təqdim olunur.

Məhz dövlət rəhbərimizin ardıcıl siyasi iradəsi və təşəbbüskarlığı sayəsində Bakı istər mədəniyyətlərarası, istərsə də dinlərarası dialoqa dair mötəbər beynəlxalq tədbirlərin, Qlobal və Humanitar Forumların ardıcıl keçirildiyi ənənəvi məkana çevrilib. Azərbaycan dövləti ölkələri, qitələri birləşdirən enerji layihələri ilə yanaşı, mənəvi layihələrini də dünyaya bəxş edir.

Azərbaycanın dini tolerantlığı süni və inzibati idarəetməyə əsaslanmır. Bu əməkdaşlıq minillik tarixdən boy alır. Azərbaycan dindarlarının bu günkü rəhbəri ölkənin mühüm ictimai-siyasi proseslərində dövlətlə əməkdaşlıq zəncirini qura bilib. Yad ideoloji təbliğatın, dini təfriqənin qarşısını almaqda öz töhfələrini verən QMİ sədri cəmiyyətin həyatında dini harmoniyanın, dostluğun və həmrəyliyin yaradılmasında mühüm fiqurdur.

Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra təməlində milli birlik, ictimai-siyasi sabitlik və vətəndaşların iradəsi dayanan vətəndaş birliyi yaratdı. Bu birliyin kökündə insanların əqidəsinə, mədəniyyətinə hörmət dayanır. O, dövlət-din münasibətlərinin nümunəvi modelini qurdu.

Heydər Əliyevin prezidentliyi dövründə dini-mənəvi dəyərlər xalqımızın həyatında layiqi yerini tutdu, onun inkişafı üçün bütün imkanlar və münbit şərait yaradıldı. Ulu Öndərin fəaliyyətində müstəqil Azərbaycanın bütün dünya ölkələri, o cümlədən, İslam dünyası ilə əlaqələrinin qurulması və inkişaf etdirilməsi hər zaman mühüm səciyyə daşıyıb.

Dövlət başçımız İlham Əliyevin uzaqgörən siyasəti sayəsində Azərbaycanda həm müsəlman, həm də digər dini icmaların fəaliyyəti ən yüksək səviyyədə dəstəklənir, onların maddi və mənəvi tələbatlarının ödənilməsi istiqamətində, ibadət məkanlarının inşası, təmir və yenidənqurulması sahəsində müvafiq addımlar atılır. Bütün bunlar Azərbaycanda mövcud tolerantlığın daha da dərinləşdirilməsinə şərait yaradır. Dövlət rəhbərimizin və Ulu Öndər Heydər Əliyevin irsini yaşadan Fondun fəaliyyəti, Mehriban xanımın səyləri sayəsində Azərbaycan mədəniyyətlərarası dialoq işinə böyük töhfələr verir.

44 günlük Vətən Müharibəsi bir daha tolerantlığımızın sınağı oldu. Azərbaycanın öz torpaqlarını azad etməsi uğrunda apardığı müharibə ölkəmizin bütün dini konfessiyaları tərəfindən dəstəkləndi. Azərbaycan dini icma rəhbərlərinin vahid mövqeyi düşmənə qarşı mübarizənin daha bir bir mühüm rıçağı oldu. Qələbə günü isə məscid, kilsə və sinaqoqlarda Azərbaycan Ordusuna edilən dualarla yadda qaldı.

Qədirbilən Azərbaycan xalqı bütün bunlara görə Heydər Əliyevin xatirəsini əziz saxlayır, onun bizə qiymətli miras kimi qalmış bu siyasətini dəstəkləyir.

Aydın ABBASOV

 

 

 

 

 

 

 

 

 

 

 

Əvvəlki məqalə

‘Süni intellekt’ Türkiyədə xəbər təqdim etməyə başladı –

Sonrakı məqalə

Bayden Makronla Fransa liderinin Çinə səfərini müzakirə edib