HEYDƏR ƏLİYEVLƏ CORC BUŞUN ATA EVİNDƏ GÖRÜŞÜ –Balıq tutarkən Buş Əliyevdən kimləri soruşub?  (STENOQRAM)

20 il əvvəl, 2000-ci ilin sentyabrında Azərbaycan prezidenti Heydər Əliyevlə ABŞ-ın eks–prezidenti, ata Corc Buş arasında maraqlı görüş olub. Qeyri–rəsmi keçirilən bu görüş zamanı Corc Buş Heydər Əliyevi öz rançosuna aparıb və orada şam yeməyi verib.

Azpost.info üstündən 20 il ötmüş bu səfəri yenidən xatırladaraq oxuculara təqdim edir. Bu görüş bir zamanlar iki süper dövlətin – SSRİ və ABŞ-ın rəhbərliyində olmuş siyasətçilərin təmasları baxımından maraqlıdır. Edilən söhbətlərdəki notlar, mesajlar və replikalar bunu bir daha göstərir…

Qeyd edək ki, Azərbaycan Respublikasının o zamankı prezidenti Heydər Əliyev ABŞ-ın keçmiş prezidenti Corc Buşun dəvəti ilə sentyabrın 9-da Nyu-Yorkdan Portlend şəhərinə yola düşərək oradan avtomobil karvanının müşayiəti ilə Kennibunkport şəhərinə gəlib. Corc Buş Heydər Əliyevin görüşünə gələrək onu böyük hörmət və mehribanlıqla qarşılayıb.

Bundan sonra onların arasında belə bir dialoq olub:

C o r c  B u ş: Cənab Prezident, Sizinlə görüşməyi özüm üçün şərəf hesab edirəm.

H e y d ə r  Ə l i y e v: çox məmnunam.

C o r c  B u ş: çox məmnunam ki, dəvətimi qəbul edib mənim görüşümə gəlmisiniz.

H e y d ə r  Ə l i y e v: Mən Sizinlə görüşməyimdən çox şadam.

C o r c  B u ş: Cənab Prezident, Men ştatına xoş gəlmisiniz.

H e y d ə r  Ə l i y e v: çox sağ olun.

C o r c  B u ş: Cənab Prezident, mənim şəxsi katerimə buyurun. Biz bununla gedəcəyik. Bu çox sürətli katerdir.

Bundan sonar prezident Heydər Əliyev və Corc Buş katerlə malikanəyə yola düşüblər. İki  dövlət xadimi XXI əsrin astanasında gələcək qarşılıqlı münasibətlərin və bərabərhüquqlu əməkdaşlığın prinsiplərinə dair məhz bu gün ətraflı fikir mübadiləsi aparacaqdılar.

…Ali qonağı gətirən kater malikanəyə yan alır. C.Buş prezident Heydər Əliyevi yaşadığı evlə tanış edir, hər gün balıq tutduğunu bildirir.

C o r c  B u ş: Görürsünüz, burada çoxlu balıqlar var. Mən indi onlardan birini tutmağa çalışacağam. Baxın, xırda balıqlar suda atılıb-düşürlər. Bu o deməkdir ki, böyük balıqlar kiçiklərin dalınca düşüblər, onlar da yaxalarını qurtarmaq istəyirlər. Deyəsən, birinci dəfə bir şey alınmadı. İndi tilovu yenə atıram, yəqin bu dəfə bir şey alınacaq. Burada gecələr çox gözəl olur. Cənab Prezident, indi Azərbaycanda havalar necədir?

H e y d ə r  Ə l i y e v: Azərbaycanda indi havalar hələ istidir.

C o r c  B u ş: Cənab Prezident, bizim balıq tutmaq «layihəmiz» alınmadı. Mənim oğlum, Amerika Birləşmiş Ştatları prezidentliyinə indiki namizəd Corc və digər oğlum Nil – hər ikisi Texasda yaşayırlar. Cənab Prezident, Siz özünüzlə bərabər bizə çox gözəl, günəşli bir gün də gətirmisiniz. Hörmətli Prezident, bizim bu görüşümüzdə Amerika tərəfdən milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir, general Brend Skoukroft da iştirak edəcəkdir. Səhv etmirəmsə, o, dünən gecə sizinlə görüşübdür.

H e y d ə r  Ə l i y e v: Bəli, biz dünən görüşmüşük. O, Azərbaycana da gəlmişdi.

C o r c  B u ş: ABŞ-ın sabiq dövlət katibi Lari İqlberger də bu gün bizimlə bir yerdədir.

H e y d ə r   Ə l i y e v: Bəli, o da bizim dostumuzdur.

C o r c  B u ş: Cənab Prezident, mənim bacım da bizim görüşümüzdə iştirak edəcəkdir.

H e y d ə r  Ə l i y e v: çox gözəl.

C o r c  B u ş: Xanım Ales Bostonda yaşayır. Gördüyünüz bu yerdə ev var idi. Ailə üzvlərimizdən biri yüksək vergiləri ödəmək istəmədiyinə görə, evi söküb burada hovuz düzəltdik.

H e y d ə r  Ə l i y e v: Sizin malikanənin üstündə Azərbaycan Respublikasının və Amerika Birləşmiş Ştatlarının dövlət bayraqları dalğalanır. Mən bundan çox böyük qürur duyuram.

C o r c  B u ş: Cənab Prezident, mən Sizə onu da söyləyim ki, 1920-ci ildə atamla anam evlənəndə bu evi onlara toy hədiyyəsi kimi bağışlamışdılar. Babam bu evi mənim anama, yəni öz qızına vermişdi. Biz hamımız bu evdə böyümüşük. Bu evin yuxarı mərtəbəsində bir otaq var, orada yeddi ədəd çarpayı qoymuşuq. Nəvələrim çoxalanda çarpayıların da sayını artıracağıq.

Cənab Prezident, indi biz Sizinlə otağa keçəcəyik. Əvvəlcə söhbət edəcəyik, gecə isə şam edəcəyik.

H e y d ə r  Ə l i y e v: Necə məsləhət bilirsinizsə, elə edək.

C o r c  B u ş: Cənab Prezident, bu bizim qeyri-rəsmi görüşümüzdür.

H e y d ə r  Ə l i y e v: Elədir.

C o r c  B u ş: Yəni mən hökumətdə işləmirəm, bu barədə hesabat da yazmıram. Cənab Prezident, bu dəvətimi qəbul edib, evimdə məni ziyarət etməyinizi özüm üçün ən böyük şərəf sayıram. Siz Nyu-Yorkdan xüsusi olaraq buraya gəlmisiniz, sonra Vaşinqtona gedəcəksiniz. Yenə deyirəm ki, buraya gəlməyinizi mənə göstərdiyiniz böyük şərəf kimi dəyərləndirirəm. Ona görə də Sizə çox böyük təşəkkürümü bildiri
rəm.

H e y d ə r  Ə l i y e v: Cənab Corc Buş, mən də bu imkandan istifadə edib, çox böyük təşəkkürümü bildirmək istəyirəm ki, Siz məni öz şəxsi evinizə dəvət etmisiniz. Siz Amerika Birləşmiş Ştatlarının ən dəyərli, ən hörmətli və tarixdə böyük hadisələrlə mühüm yer tutmuş prezidenti olmusunuz. Sizin vitse-prezident, prezident olduğunuz, ondan əvvəl Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik etdiyiniz, ondan da qabaq Çində işlədiyiniz vaxt mənim yaxşı yadımdadır. O vaxtlar mən Sovetlər İttifaqının rəhbərlərindən biri idim, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü idim. Biz Amerikada kimin kim olduğunu həmişə izləyirdik. Corc Buş həm vitse-prezident, həm Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri, həm də prezident kimi həmişə məşhur olmuşdur. Ona görə də o vaxtlar Sizin şəxsiyyətinizə çox böyük maraq var idi. Həmin dövrdə mən Sizinlə görüşə bilməmişdim. Amma indi çox məmnunam ki, Sizinlə görüşürəm. Mən bir daha Sizə təşəkkür edirəm ki, zəhmət çəkib məni öz evinizə dəvət etmisiniz. Əgər siz məni Ağ Evə dəvət etsəydiniz, mən bugünkü görüşümüzü ondan qiymətli hesab edərdim.

C o r c  B u ş: Doğrudur, bugünkü görüş qeyri-rəsmi bir görüşdür.

H e y d ə r  Ə l i y e v: Cənab Buş, mən Sizi şəxsi qonağım kimi Azərbaycana dəvət edirəm. Cənab İqlberger, cənab Skoukroft mənim qonağım olublar. Ancaq Azərbaycanda az bir müddətdə qalıblar. Mən xahiş edirəm ki, onlar yenə də Bakıya gəlsinlər. Cənab Corc Buş, mən Sizi xanımınızla, nəvələrinizlə birgə Azərbaycana dəvət edirəm.

C o r c  B u ş: Neçəsini gətirə bilərəm? Mənim 14 nəvəm vardır.

H e y d ə r  Ə l i y e v: Siz nəvənizin 14-nü də Azərbaycana gətirə bilərsiniz.

C o r c  B u ş: Nəvələrimdən birini gətirə bilərəm.

H e y d ə r  Ə l i y e v: Mənim 6 nəvəm vardır. Sizin isə 14 nəvəniz var. Hamısını Azərbaycana gətirin.

C o r c  B u ş: Yox-yox, nəvələrimdən birini Azərbaycana gətirə bilərəm. Həqiqətən, özümə böyük şərəf hesab edərəm ki, bir gün Azərbaycana gəlim.

H e y d ə r  Ə l i y e v: Bəli, bu Sizin üçün çox maraqlı olacaqdır. Siz bununla mənə də, Azərbaycan xalqına da böyük şərəf vermiş olarsınız. Siz bu yaxın vaxtlarda Türkiyədə oldunuz. Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl mənim şəxsi dostumdur. Siz Türkiyədə səfərdə olanda o mənə telefon etdi, görüşləriniz və bir yerdə mühazirə oxumağınız barədə söhbət açdı. Sizin oraya səfəriniz Türkiyə üçün böyük bir hadisə oldu. O vaxt mən düşündüm ki, bu, Azərbaycana nə vaxt nəsib olacaqdır.

H e y d ə r  Ə l i y e v: Süleyman Dəmirəl mənim çox böyük dostumdur. Mən Dəmirəl ilə 32 il bundan əvvəl tanış olmuşam. O çox böyük şəxsiyyətdir, mənim də yaxın dostumdur.

C o r c  B u ş: Bilmirsiniz, Süleyman Dəmirəl indi nə işlə məşğul olacaqdır?

H e y d ə r  Ə l i y e v: Mən onunla tez-tez telefonla danışıram. Onun yanına çox adam gedir. Amma güman edirəm ki, o, siyasətdən uzaqlaşmayacaqdır.

C o r c  B u ş: Mən də Sizinlə razıyam. Mənə belə gəlir ki, o, partiya siyasətinə qoşulacaqdır.

H e y d ə r  Ə l i y e v: Mən də belə düşünürəm. çünki o, ömrü boyu siyasətlə məşğul olub, indi siyasətsiz yaşaya bilməz.

C o r c  B u ş: Mənə belə gəlir ki, Siz doğru deyirsiniz. Cənab Prezident, Siz Türkiyənin keçmiş prezidenti Turqut özalı yaxşı tanıyırdınızmı?

H e y d ə r  Ə l i y e v: Bəli, Turqut özal mənim yaxşı dostum idi. Onun vəfatı məni çox sarsıtdı. Mən Türkiyəyə getdim, onun dəfnində iştirak etdim.

C o r c  B u ş: Siz çox yaxşı iş görmüsünüz.

H e y d ə r  Ə l i y e v: Turqut özal Türkiyənin iqtisadiyyatını qaldırmaq üçün çox işlər gördü.

C o r c  B u ş: Biz onu da çox sevirdik. Cənab Prezident, buyurun, evə keçək.

* * *

Daha sonra Azərbaycan prezidenti Heydər Əliyev ilə ABŞ-ın keçmiş prezidenti Corc Buş arasında görüş olub. Görüşdə Amerikanın sabiq dövlət katibi Lari İqlberger, milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşavir, general Brend Skoukroft iştirak ediblər.

Görkəmli dövlət xadimi Heydər Əliyev ilə görüşdən şərəf duyduğunu söyləyən cənab Buş Azərbaycan prezidentinin rəhbərliyi ilə ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu sahəsində həyata keçirilən islahatlara, respublikamız üçün ən ağrılı problem olan Ermənistan–Azərbaycan münaqişəsinin nizama salınması istiqamətində görülən işlərə böyük maraq göstərib.

Dəvətə və qonaqpərvərliyə görə təşəkkürünü bildirən prezident Heydər Əliyev bu görüşdə Amerikanın görkəmli siyasi xadimləri cənab İqlbergerin və general Skoukroftun iştirak etmələrindən çox məmnun qaldığını nəzərə çatdırıb. Azərbaycanda aparılan demokratik islahatlar nəticəsində əldə edilmiş uğurlardan, siyasi plüralizmin, söz azadlığının bərqərar olmasından bəhs edən respublikamızın rəhbəri qarşıdakı parlament seçkilərinin ölkəmizdə demokratiyanın inkişafında yeni mərhələ yaradacağına əmin olduğunu bildirib.

Prezident Heydər Əliyev ATƏT-in Minsk qrupu çərçivəsində və birbaşa aparılan danışıqların gedişindən söhbət açıb, bu münaqişənin tezliklə sülh yolu ilə aradan qaldırılması üçün beynəlxalq ictimaiyyətin, böyük dövlətlərin, xüsusən Minsk qrupunun həmsədri olan ABŞ, Rusiya və Fransanın səylərinin artırılmasına ehtiyac duyulduğunu bildirib.

Görüşdə Azərbaycan–Amerika münasibətlərinin daha da sıxlaşdırılması, bölgədə vəziyyət və bir sıra digər məsələlər barədə fikir mü badiləsi aparılıb. Prezident Heydər Əliyev cənab Corc Buşu bir daha Azərbaycana səfərə dəvət edib. Dəvət məmnunluqla qəbul olunub.

ABŞ-ın 41 -ci prezidenti olmuş Corc Buş 2018-ci ildə vəfat edib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Qalatasaray” “Beşiktaş”ın çempionluq iddiası ilə bağlı bəyanat yayıb

Sonrakı məqalə

Moskvada COVID-19 diaqnozu ilə ölənlərin sayı 2600-ü keçib