Hidayət Heydərov cüdo üzrə dünya çempionu olub

Abu-Dabi şəhərində keçirilən cüdo üzrə dünya çempionatında Azərbaycan yığması ilk medalını əldə edib.

Apasport.az xəbər verir ki, Hidayət Heydərov 11 ildən sonra ölkəmizə qızıl medal qazandırıb.

Müstəqillik qazandıqdan sonra cüdoçularımız ilk dünya qızılına 2013-cü ildə sahib çıxıb. Mundialın ən yüksək əyarlı medalını Braziliyada keçirilən yarışda Elxan Məmmədov əldə edib.

Heydərov Abu-Dabidə Kosovo, Braziliya və Almaniya təmsilçiləri üzərində qələbə qazanaraq finala yüksəlib. Hidayət həlledici görüşdə Asiya çempionu Tatsuki İşihara ilə qarşılaşıb və sona 10 saniyə qalmış rəqibini ipponla məğlub edib. Mükafatlandırma mərasimində cüdoçumuza qızıl medalı Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev təqdim edib.

Hidayət Heydərov 25 gün əvvəl Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında 4-cü dəfə fəxri kürsünün ən yüksək pilləsində yer alıb. O, bundan əvvəl Varşava (2017), Sofiya (2022) və Monpelye (2023) şəhərlərində təşkil olunan qitə çempionatlarında qızıl qazanıb.

İndi Hidayəti Paris-2024 Yay Olimpiya Oyunları gözləyir. Yığmamızın lideri Fransa paytaxtında ən yüksək əyarlı medalı qazanmağa real namizəddir. O, qələbə sayəsində tarixi uğura imza ataraq, ilin hər üç mötəbər yarışını qızılla başa vura bilər.

Əvvəlki məqalə

“İsrail liderlərinə qarşı həbs orderi tələbi təhqirdir” –

Sonrakı məqalə

Prezident Rəisinin olduğu helikopterin qəza yerindən ilk görünütülər –