Hikmət Hacıyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb- FOTO

Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib.

Görüşdə Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri, “Yüksəliş” müsabiqəsinin Təşkilat Komitəsinin sədri Fərəh Əliyeva, gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev də iştirak ediblər.

Prezidentin köməkçisi Hikmət Hacıyev ikinci “Yüksəliş” müsabiqəsinin qaliblərini müsabiqədə əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Hikmət Hacıyev hazırda müxtəlif sahələrdə mövcud olan məsələlərin araşdırılmasında və onların həlli yollarına dair təkliflər hazırlanmasında vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakının əhəmiyyətindən söz açıb, bu istiqamətdə qaliblərin suallarını cavablandırıb. Bundan əlavə, düzgün kommunikasiyanın qurulması və kommunikasiyanın idarəetmədəki mühüm rolu barədə fikir mübadiləsi aparılıb.

“Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyev Hikmət Hacıyevə iştirak üçün təşəkkürünü bildirərək gələcəkdə belə görüşlərin mütəmadi təşkil ediləcəyini deyib.

Xatırladaq ki, “Yüksəliş” müsabiqəsinin 20 qalibini bir il ərzində idarəçi rəhbərlərdən – iri şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər tərəfindən birillik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2022-ci il dekabrın 20-də üçüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.

Əvvəlki məqalə

Bakı-Sumqayıt qatarında biznes sinif vaqonlar ləğv olunur

Sonrakı məqalə

Azərbaycan bayrağı yandırıldığına görə dünya çempionatı Ermənistana verilməyib