Hirkan Parkında ağacları kütləvi qırıb mebel sexlərinə satan dəstə ələ keçib –-FOTOLAR

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşələrin İnkişafı Xidmətinin mütəxəssislərinin iştirakı ilə ölkə ərazisində meşə massivlərində ağacların qanunsuz olaraq kəsilməsi və emal edilməsi ilə məşğul olan daha bir dəstənin üzvlərinin saxlanılması istiqamətində əməliyyatlar keçirilib.
Belə ki, ölkənin cənub rayonlarında yerləşən meşə massivlərində, eləcə də “Hirkan” Milli Parkı ərazisində ağacların kütləvi olaraq qırılması barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumatlar daxil olub. Həmin məlumatlar nəzarətə götürülüb və araşdırılıb, zəruri əməliyyat tədbirləri həyata keçirilib. Nəticədə qeyd edilən ərazilərdə fıstıq, ağcaqayın, qızılağac və s. qiymətli ağac növlərinin kütləvi şəkildə kəsildiyi müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin ağacların kəsilməsi ilə məşğul olan mütəşəkkil dəstənin başçıları Anar İbrahimov, Ramin Qafarov, Rasif Ağayev, həmçinin onlar tərəfindən ağacların kəsilməsinə cəlb edilən Alim Əliyev, Emin Sadıxov, Rahim Rəhimov, Niyaməddin Nəbiyev, Ramin İbadov, Elsevər Qafarov və Hafiz Məmmədov müəyyən edilərək saxlanılıblar. Dəstə üzvlərinin qanunsuz əməlləri, onların ağacları kəsməsi və satması təkzibedilməz faktlarla sübuta yetirilib.
Araşdırmalar zamanı məlum olub ki, saxlanılan şəxslər ağacları kəsərək emal edəndən sonra satışını həyata keçiriblər. Dəstə üzvlərinin qanunsuz olaraq ağac emalı sexlərinə satdıqları oduncaqlar, eləcə də digər maddi sübutlar onlara məxsus anbarlardan aşkar edilərək götürülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərinin rəyi əsasında müəyyən olunub ki, dəstə üzvləri tərəfindən kəsilən ağaclar yaş halda olub və nəticədə meşə massivinə külli miqdarda ziyan vurulub.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri aparılır. Ağacların kəsilməsi və emalında iştirak edən dəstənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
https://www.youtube.com/watch?v=MVVj1rTIAds
Əvvəlki məqalə

“Bütün Ukrayna raket və dronların hücumuna məruz qalır”

Sonrakı məqalə

Xarici diplomatlar Gəncədə raket düşən ərazidə olublar