İnsan resursları üzrə fəaliyyət göstərən HR İnstitution MMC əmək qanunvericiliyini pozduğuna görə cərimələnib.
AzPost-un əldə etdiyi məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş HR İnstitution ilə bağlı müraciətə baxılıb.
Hakim Rəfail Sadıxovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, HR İnstitution şirkətinə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, əmək qanunvericiliyinin pozulmasına görə fiziki şəxslər 1000 manatdan iki 2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə, hüquqi şəxslər 20000 manatdan 25000 manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, MMC 2021-ci ildə dövlət qeydiyyatına alınıb. İnstitut HR sertifikatlaşdırma və təlim proqramları, Liderlik və İdarəetmə proqramları, HRCI sertifikasiya hazırlığı, təşkilati inkişaf və strateji insan resursları üzrə konsultasiya, mentorluq proqramları, öyrənmə idarəetmə sistemləri (LMS) və HR və İdarəetmə üzrə beynəlxalq tədbirlərin təşkili kimi xidmətləri göstərir. Şirkətin təsisçisi və rəhbəri Emil Hüseynovdur.
