Husilər Qırmızı dənizdə Rusiya yüklərini daşıyan iki tankerə hücum ediblər.
Azpost.info xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin məlumatında deyilir.
Rusiyadan Çinə bitki yağı daşıyan Panama bayrağı altında üzən İsrailə məxsus “Bentley I” ilk vurulan tanker olub.
Husilər ona tərəf partlayıcı maddələr olan bir PUA və iki kiçik minalanmış qayıq göndərib, daha sonra gəmiyə doğru ballistik raket atıblar. Lakin onlar tankerə zərər verə bilməyiblər.
Daha sonra üsyançılar Liberiya bayraqlı, Marşal adalarında qeydiyyatdan keçmiş “Chios Lion” neft tankerini uzaqdan idarə olunan qayıqla atəşə tutub və zədələyiblər. Tanker Krasnodar diyarındakı Tuapse limanından 100 min ton xam neft daşıyırdı.
Nəticədə Yəmənin liman şəhəri Hudeydadan təxminən 185 km şimal-qərbdə, Qırmızı dənizdə neft sızması baş verib.
Qırmızı Dəniz və Ədən Körfəzinin Birgə Dəniz İnformasiya Mərkəzindən verilən məlumata görə, “Chios Lion”un sol tərəfinə cüzi ziyan dəyib.
Azpost.info