“İdeoloji və başqa təxribatlar ölkəyə kənardan gələ bilər” –

İlham Əliyev “ölkə daxilində risklər yoxdur” dedi
13 Fevral 2020 - 00:33

“Dünyada, regionumuzda gedən proseslər əlbəttə ki, bizə də təsir göstərir. Əfsuslar olsun ki, bu gün regionumuzda proseslər mənfi istiqamətdə gedir, biz bunu görürük. Yeni münaqişə, yeni qarşıdurma ocaqları, müharibələr, vətəndaş müharibələri – bütün bu mənfi meyillər, o cümlədən iqtisadi sahədə dünyada yaşanan böhran bizə də təsir göstərə bilər və göstərir”.

Azpost.info bildirir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında çıxışı zamanı deyib.

Dövlət başçısının fikrincə, ona görə biz dünyada gedən prosesləri yaxından izləyərək öz addımlarımızı, o cümlədən taktiki addımlarımızı buna uyğun atmalıyıq: “Nəzərə alsaq ki, ölkə daxilində risklər yoxdur, – nə siyasi risklər, nə sosial, nə iqtisadi, nə fiziki risklər, – bütün mümkün olan problemlər kənardan gələ bilər. Həm ideoloji təxribat, – bu barədə mən artıq öz sözümü dedim, – həm də ki, başqa təxribatlar”.

İlham Əliyev bildirib ki, ona görə biz ölkəmizi, sərhədlərimizi qorumalıyıq, informasiya sərhədlərimizi, mənəvi sərhədlərimizi elə möhkəm inşa etməliyik ki, heç bir kənar qüvvə bizim nə milli-mənəvi dəyərlərimizə, nə müstəqilliyimizə, nə də gələcək uğurlu inkişafımıza mane ola bilməsin: “Nə qədər ki, mən bu vəzifədəyəm Azərbaycan müstəqillik, azadlıq və inkişaf yolu ilə gedəcək. Elə etməliyik ki, bizdən sonra gələn nəsillər, gənclər öz fəaliyyətlərini bu istiqamətdə qursunlar və təxribatlara uymasınlar, bəzi beynəlxalq təşkilatların yalan məruzələrinə inanmasınlar. Onların arxasında çox ciddi siyasi maraqlar dayanır. Nə üçün Azərbaycan bəzi hallarda beynəlxalq müstəvidə təzyiqlərlə üzləşir? Çünki heç kimin qarşısında baş əymir və əyməyəcək. Heç kimin sözü ilə oturub-durmur və düz də edirik. Ona görə ölkəmizdə sabitlik, inkişaf, əmin-amanlıq var.

Baxın, başqa ölkələrə, onlar böyük dövlətlərin təsiri altına düşmüşlər. Onların gününə baxın, orada vətəndaş müharibələri, kütləvi itaətsizlik baş alıb gedir, siyasi və iqtisadi böhran davam edir. O ölkələr faktiki olaraq xarici idarəetmə altındadırlar və öz müstəqilliyini kiminsə sərəncamına vermişlər. Amma biz ləyaqətli siyasət aparırıq. Mən həmişə demişəm ki, Azərbaycan dövlətinin taleyi xalqımızın əlindədir. Biz, nəhayət ki, müstəqil dövlət kimi yaşayırıq və heç kimdən asılı deyilik”.