Rusiyanın Omsk vilayətində hərbi helikopterin yandırılması ilə bağlı məhkəmə qərarı açıqlanıb. AzPost.az xəbər verir ki, iki yeniyetmə hərbi aerodrom ərazisində Mi-8 tipli helikopteri yandırdıqlarına görə azadlıqdan məhrum edilib.
Məlumata görə, hadisə 2024-cü ilin sentyabr ayında baş verib. 2008-ci il təvəllüdlü iki məktəbli gecə saatlarında “Omsk-Şimal” hərbi aerodromunun ərazisinə daxil olaraq əl ilə hazırlanmış yandırıcı qarışıqdan istifadə etməklə helikopteri alışdırıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları yeniyetmələri bir sutka ərzində saxlayıblar. Araşdırma zamanı onların bu addımı xarici ölkəyə məxsus olduğu bildirilən bir şəxsin tapşırığı ilə atdıqları qeyd olunub. İddialara görə, həmin şəxs yazışma tətbiqi vasitəsilə onlara 20 min dollar məbləğində pul vəd edib. Lakin yeniyetmələr vəd olunan məbləği almayıblar.
Məhkəmənin hökmünə əsasən, onlardan biri 7 il, digəri isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmçinin təqsirləndirilən şəxslər 668 milyon rubl məbləğində maddi zərəri ödəməlidirlər.
Faktla bağlı terror əməli törətmə maddəsi ilə cinayət işi açılıb. Araşdırma materiallarına əsasən, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş terror cinayəti kimi qiymətləndirilib.