“İndi Avropaya qaz lazımdır, ona görə qapımızı döyürlər…” –ZƏRDÜŞT ƏLİZADƏ

“Avropa İttifaqı ilə Azərbaycan arasında Enerji sahəsində strateji əməkdaşlıq haqqında memorandumun imzalanması böyük hadisədir, Azərbaycanın maraqlarına cavab verir. Hazırda Avropanın qaza ehtiyacı yaranıb. Azərbaycan da qaz ixrac edən ölkələrdən biridir”.

Azpost.info bildirir ki, bu fikirləri Reyting.az-a politoloq Zərdüşt Əlizadə ötən gün Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında Enerji sahəsində strateji əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumunu şərh edərkən deyib.

Z. Əlizadə diqqətə çatdırıb ki, Avropa hazırda strateji xətasının acısını çəkir: “Vaxtı ilə Avropa öz iqtisadiyyatını Rusiyanın ucuz neft və qazına söykəyəndə bəzi siyasətçiləri deyirdi ki, ehtiyatlı olmaq lazımdır, bu qədər yüksək həddə asılılıq təhlükəlidir, Rusiya bundan siyasi silah kimi istifadə edə bilər. Amma həmin adamların dediklərinə əhəmiyyət vermirdilər. Xüsusilə, Almaniya rus qaz və neftindən asılı vəziyyətə düşdü. Məqamı yetişəndə Rusiya başladı bu asılılıqdan siyasi silah kimi istifadə etməyə. Belə olduqda Avropa alternativ mənbə axtarışına başladı. Belə mənbələrdən biri də Azərbaycandır. Odur ki, Bakının qapısını döyməyə başladılar. Amma Azərbaycanla bağlı məsələdə də Avropanın xətaları var. Vaxtı ilə Azərbaycan deyirdi ki, siz pul ayırın, yüksək tutumlu qaz boru xətti çəkək. Amma Avropa cavab verdi ki, yox, bizim qazımız gəlir, əgər siz istəyirsinizsə, öz pulunuzla özünüz çəkin. Bizim də imkanımız nəyə çatdısa, onu etdik. İtaliyaya qədər çəkib apara bildik. İndi Avropaya qaz lazım olanda gəlib deyirlər ki, bizə qaz verin. Azərbaycan da deyir ki, mənim borumun tutumu budur, sizin istəklərinizi maksimum təmin edə bilmərik”.

Z. Əlizadə müqayisə üçün əlavə edib ki, elə il olub Rusiya Avropaya 200 milyard kubmetr qaz verib: “Səhv etmirəmsə, ötən il 145 milyard kubmetr veriblər. Azərbaycan isə 10 milyar kubametr qaz satır. Sözümün canı odur ki, çoxlarının düşündüyündən fərqli olaraq burada Azərbaycan heç kimə rəqib deyil. O cümlədən qaz bazarında Rusiyaya. Amma bütün hallarda qazımız var. Bəzi Avropa ölkələri məhz Azərbaycan qazının hesabına hazırda problemlə üzləşmir. Məsələn, Bolqarıstan, Yunanıstan, müəyyən qədər İtaliya. Onlar Azərbaycan qazının alıcısıdır. Halbuki zamanında Avropa İttifaqı maliyyə ayırsaydı, Azərbaycanın qaz kəməri daha geniş, daha tutumlu olardı”.

Politoloq qeyd edib ki, Avropa Komissiyasının sədri Ursula von der Leyen Bakıya gələrək Azərbaycanla tərəfdaş olduğunu bildirib: “Eyni zamanda Azərbaycan qazının Avropaya satışının 20 milyard kubmetrə çatdırılmasını xahiş edib. Bu qədər qazı təmin etmək böyük işdir. Eyni zamanda başqa mənbələr də tapılmalıdır. Bölgəyə baxanda Azərbaycanla yanaşı iki nəhəng qaz mənbəyi var – Türkmənistan və İran. Amma İran sanksiyalar altındadır və texnoloji geriliyə malikdir. Üstəlik, qazını nəql etmək üçün yolu da yoxdur. Olan yolları da Qərb bağlayır. İndi mümkündür ki, İran Azərbaycana qaz versin. Eyni zamanda müəyyən miqdarda qaz Türkmənistandan İran vasitəsilə Azərbaycana çatdırılsın. Bu baxımdan da Azərbaycan Avropa üçün əhəmiyyətli tərəf müqabilidir”.

Z. Əlizadə sonda diqqətə çatdırıb ki, Azərbaycana qarşı bir çox tənqidlərə əsas olan hadisələr əslində Ermənistanda və digər ölkələrdə də var: “Ancaq Ermənistanın başını sığallayırlar. Üstəlik, Ermənistan müharibədə məğlub olmasına baxmayaraq, bizim xalqımızın və dövlətimizin hüquqlarını tanımaq istəmir. Belə bir şəraitdə Avropa baxır Ermənistana və görür ki, bu ölkənin boş iddiasından başqa heç nəyi yoxdur. Amma Azərbaycanın hər şeyi var və əməkdaşlığa da hazırdır. Ona görə də Azərbaycana münasibət daha müsbətdir, nəinki al-yalavac Ermənistana.

İkincisi, Azərbaycanın yeni texnologiyalara çıxışı var və bu texnologiyalar Avropada mövcuddur. Sabah biz istəsək istehlak edən deyil, istehsal edən ölkəyə çevrilək, bu zaman Avropa bizə “yox” deməyəcək. Bəli, Rusiyaya “yox” deyib, başlayır Çinə “yox” deməyə, elə bəzi ərəb ölkələrinə də “yox” cavabı veriblər. Ancaq bizə “yox” deməyəcəklər, çünki biz onun tərəf müqabiliyik və kiçik də olsaq, onun enerji təhlükəsizliyi prosesində vacib yer tuturuq. Bu, müsbət haldır. Qısası, belə bir memorandumun imzalanmasının Azərbaycana faydası çoxdur”.

Əvvəlki məqalə

Putin İranda səfərdədir

Sonrakı məqalə

“İran-Ermənistan sərhədi bağlansa, Tehran buna qarşı çıxacaq” –