“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu “Səkkizinci gün” onlayn proqramına müsahibəsində 2003-cü il seçkilərindən sonra yaşadığı həbs həyatından, bu gün tutduğu mövqedən danışıb, maraqlı məqamlara toxunub.
Azpost.info bildirir ki, R.Arifoğlu 2003-cü ilin oktyabrında həbs olunduğunu deyib: “Sərdar Cəlaloğlu, Pənah Hüseyn, İqbal, rəhmətlik Etimad, Arif Hacılı ilə həbsdə olduq. Həbsxana elə yerdir ki, üzündəki və mahiyyətindəki bütün masklar 2-3 aya düşür. Orada çoxunun mahiyyəti üzə çıxdı, bəyəndim, dostlaşdıq”.
O, həbsdə olduğu dönəmdə üzvü olduğu Müsavat partiyası ilə münasibətinin korlandığını açıqlayıb: “Müsavat partiyasının rəhbərliyindən ömürlük küsüdm. Orada qərar verdim ki, bunlarla yol getmək olmaz. 17 ay həbsxanada yatdım, bir dəfə evimin qapısını açmadılar. Azyaşlı, körpə uşaqlarım var idi. Onlarla görüşmədilər, ata-anamı qəbul edib ürək-dirək vermədilər. Üzlərində də demişəm. Sonra mən partiya fəaliyyətimi ətalətə görə davam etdirdim”.
R.Arifoğlunun sözlərinə görə, o zaman həbsdə olarkən İsa Qəmbərdən başqa digərlərinin hamısı məhkəmədə onun əleyhinə ifadə verib: “35 tanınmış şəxs…Siyasətdə bu gün gördüyünüz bütün saqallı-saqallsız siyasətçilər əleyhimə ifadə vermişdi. Hamısı məni hədəf göstərmişdilər ki, hər şeyi edən budur”.
Baş redaktor deyib ki, indi də onlarla münasibət saxladığı, dostluğunun korlandığı adamlar da var.
“Biz iqtidara İsa Qəmbəri gətirmək istəyirdik. Bir də baxdıq ki, meydanda hamımız varıq, İsa Qəmbər yoxdur. Müdrikcəsinə çıxıb evinə getmişdi. Meydanda biz qalmışdıq, bizi də tutdular”-deyə R.Arifoğlu keçmiş günlərə ayna tutub.
O, başçılıq etdiyi medianın müxalifət mövqeyini dəyişməklə bağlı iddilarına cavabında bildirib: “Böyük milli məsələlərdə medianın hakimiyyəti təqdr etməsi lazmdır. Azərbaycan son 200 ildə yaşamadığı günləri yaşadı. Bunu bizə yaşadanları necə təqdir eləməyəsən?”
“Ali Baş Komandan təqvimlərimizi, iddialarımızı, arzularımızı, keçmişə baxışımızı dəyişdi. Bəzi iddialara görə, “tərəf dəyişdi” iddiasına tuş gələn Rauf Arifoğlunu haqlı və uzaqgörən çıxardı. Zamanınıda Qarabağ azad edəcək “Ağ atlı oğlan”ın tərəfinə keçmək çox doğru addım imiş. İndi İlham Əliyevin, “Zəfər hərəkatının yanında olmamaq xəyanətdir”-deyə R.Arifoğlu vurğulayıb.
Azpost.info