Süni intellektin inkişafı gələcəkdə insanların 1000 ildən çox yaşamasına imkan yarada bilər. Alimlər hesab edirlər ki, yeni texnologiyalar tibb sahəsində və qocalma prosesinin öyrənilməsində mühüm elmi sıçrayışları sürətləndirəcək.
Azpost.info bildirir ki, bu barədə “Business Insider” portalı yazır.
Nəşrin məlumatına görə, bioloji qocalma prosesini tamamilə dayandırmaq mümkün olarsa, insan ömrü nəzəri olaraq 1200–1400 ilə çata bilər. Ekspertlər süni intellekt və biotibb sahəsindəki yeniliklərin belə bir perspektiv yarada biləcəyini istisna etmirlər. Bunun üçün ilk növbədə qocalma prosesini dayandırmaq və ölüm riskini sağlam 20 yaşlı insanlarda müşahidə olunan səviyyədə saxlamaq mümkün olmalıdır.
“Əgər qocalmadığımız halda ömrümüzün nə qədər ola biləcəyini düşünsək, bu, təxminən 1200, bəlkə də 1400 il təşkil edərdi”, – ekspert bildirib.
O əlavə edib ki, bədbəxt hadisələr və digər ölüm səbəblərindən yaranan risklərin azaldılması insan ömrünü daha da uzada bilər.
Süni intellektin inkişafı ilə bağlı dilemma
Süni intellektin təhlükəsizliyi ətrafında müzakirələrə toxunan ekspert onun inkişafının sürətləndirilməsi ilə etibarlı nəzarət mexanizmlərinin yaradılması arasında tarazlığın tapılmasının çətin olduğunu vurğulayıb. Söhbət Oksford Universitetində İnsanlığın Gələcəyi İnstitutunu yaratmış, insan inkişafı və yeni texnologiyalar üzrə mütəxəssis Nik Bostromdan gedir. İnstitut 2024-cü ildə fəaliyyətini dayandırıb.
Bostromun fikrincə, süni intellektin inkişafının ləngidilməsi bəşəriyyətə mövcudluq üçün təhlükə yaradan riskləri azaltmaq baxımından əlavə vaxt qazandıra bilər. Lakin o, texnoloji tərəqqinin gecikdirilməsinin də öz qiyməti olduğunu düşünür. Belə ki, hər il milyonlarla insan yeni texnologiyaların qarşısını ala biləcəyi xəstəliklər və digər səbəblərdən həyatını itirməkdə davam edir.
N.Talıblı