“Hakimiyyətlə müxalifət arasında başlanan dialoq prosesi intensiv xarakter daşımır. Lakin əvvəlki illərlə müqayisədə iqtidar-müxalifət münasibətləri kontektstində dialoq prosesini irəliyə doğru bir addım kimi qiymətləndirmək olar”.
Bu sözləri Azpost.info-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.
Partiya sədri qeyd edib ki, iqtidar-müxalifət dialoqu müsbət proses olsa da, məqsədə çatmaq üçün yetərli deyil.
Sərdar Cəlaloğlunun sözlərinə görə, müxalifətin dövlətdə, cəmiyyətdə roluna maneə yaradılmamalı, siyasi partiyaların normal fəaliyyətinə yaşıl işıq yandırılmalıdır. “Müzakirələrdə əlbəttə bu məsələləri qaldırırıq. Təkliflərimizi səsləndiririk. Hesab edirik ki, mühüm məsələlərdə müxalifətin də rəyi nəzərə alınmalıdır. Dialoq xatirinə dialoqun hər hansı effekti olmayacaq. İqtidar-müxalifət münasibətləri demokratik ölkələrdəki kimi olmalıdır”, – deyə ADP sədri əlavə edib.
Azpost.info