Ermənistan və Azərbaycan rəsmilərinin yenidən sərhəd məsələsini müzakirə edəcəyi gözlənir.
Bəs Bakı ilə İrəvan ümumi sərhədlərini razılaşdıranda Ermənistan Qarabağa getmək üçün Azərbaycandan icazə almağa razılaşacaqmı?
Vaşinqtonda siyasi şərhçi Pol Gobl Azadlıq Radiosuna açıqlamasında deyib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərlə bağlı əsas məqam elə budur, bunu həll etmək mümkün olsa, sülh də olacaq: “Bakı və İrəvanın sərhədlərin 95 faizi ilə bağlı razılığa gəlmələri tamamilə mümkündür. Sual bundan ibarətdir ki, Ermənistan Laçın dəhlizi ərazisindən keçən sərhədi tanıyacaqmı? Qəbul edəcəkmi ki, bu Azərbaycan ərazisidir və sərhədi keçən hər kəs Azərbaycan sərhədçiləri tərəfindən yoxlanacaq. Azərbaycanın indi təkid etdiyi budur. Əgər Ermənistan bunu qəbul etməsə, onda Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınması olmayacaq. Çünki Qarabağ həmin sərhəd xəttinin arxasındadır. Məncə, Ermənistan bunu etməyəcək və onda da yekun sülh müqaviləsi mümkün olmayacaq”.
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülqarov bildirib ki, özlüyündə sərhədlər məsələsi texniki məsələdir: “Əsas məsələ odur ki, Ermənistan Azərbaycana ərazi iddiasından əl çəksin”.
Sabiq nazirin sözlərinə görə, Ermənistanın yeni açıqladığı altı bəndlik təklifdən elə görünür ki, rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyü tanımır. “Çünki 3-cü bənddə deyilir ki, Qarabağın yekun statusunun müəyyən edilməsi prinsipial məsələdir. Halbuki Azərbaycan status məsələsini qapanmış sayır. Onlar hələ də sülhməramlıların ərazisində silahlı qüvvələrini saxlamaq istəyirlər”.
Ermənistandan olan siyasi şərhçi Boris Novosardyan deyib ki, Qarabağda yaşayan ermənilərin taleyi Ermənistan üçün mühümdür, ona görə də Yerevanın bu məsələdən geri çəkiləcəyini gözləmək doğru olmazdı. Sərhədlərin müəyyənləşməsinə gəlincə, Boris Novosardyanın sözlərinə görə, delimitasiya və demarkasiya uzun çəkə bilər. Amma baza prinsiplər razılaşdırıldıqdan sonra sülh prosesi sürətlənəcək: “Fikrimcə, sərhəd elə yerdən keçməlidir ki, sərhədyanı toqquşmaların qarşısı maksimum alınsın. Məsələn, mümkündür ki, hazırkı sərhəd gərginlikləri Ermənistan və Azərbaycan arasında olan yeni toqquşma ocaqları yaratsın. Delimitasiya və demarkasiya məsələsində bunu nəzərə almaq lazımdır”.
2020-ci il Qarabağda 44 günlük müharibədən sonra Azərbaycan və Ermənistan atəşkəs sazişi imzalasalar da, ortada hələ ki, yekun sülh müqaviləsi hələ imzalanmayıb.