“İrəvan Azərbaycan və Türkiyə ilə münasibətlərini yeniləməlidir” –HİKMƏT HACIYEV

“Ermənistan Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “TRT World” telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Qafqaz regionu dəyişib.

“Azərbaycan Ermənistana münasibətlərin normallaşması prosesinə başlamağı təklif etdi. Bu istiqamətdə ilk addım Ermənistan və Azərbaycan arasında potensial sülh müqaviləsi üzrə danışıqlardan başladı, hansı ki, yekun olaraq tərəflər bir-birinin ərazi bütövlüyünü, suverenliyini, sərhədlərin toxunulmazlığını tanımalıdır”, – H.Hacıyev bildirib.

Prezidentin köməkçisi vurğulayıb ki, bu prosesə paralel olaraq Türkiyə də Ermənistanla diplomatik səviyyədə əlaqə yaratmağa başlayır:

“Biz bu prosesin Ermənistan-Azərbaycan, eləcə də, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində sinxron və paralel inkişafını dəstəkləyirik. Bizim niyyətimiz müsbətdir, çünki Ermənistana mehriban qonşuluq münasibətləri təklif edirik. Ermənistanın Qafqazdakı strateji regionu dəyərləndirməsinin vaxtı çatıb. Belə ki, İrəvan öz qonşuları, xüsusən Azərbaycan və Türkiyə ilə dostluq münasibətlərini yeniləməyə qərar verməlidir”.

H.Hacıyev Ermənistanla münasibətlərin normallaşdırılmasına dair 5 bəndlik sənəddən də danışıb.

“Biz erməni tərəfinə beynəlxalq hüquq prinsipləri və mehriban qonşuluq münasibətlərinə əsaslanan sülh müqaviləsinin əsas müddəalarını təqdim etdik. İlk növbədə Ermənistan ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanımalıdır. O, həmçinin, bizə qarşı ərazi iddialarından çəkinməlidir. Bütün bunlar Helsinki sazişinin prinsiplərini özündə əks etdirən bu sənəddə qeyd olunub”, – Prezidentin köməkçisi bildirib.

Prezident Administrasiyasının şöbə müdiri Azərbaycan-İran münasibətlərinə də toxunub:

“Bu gün biz diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Bu illər ərzində biz həmişə mehriban qonşuluq münasibətlərini möhkəmləndirmişik. Bu yaxınlarda imzalanmış anlaşma memorandumu regionun nəqliyyat xəritəsini dəyişir.

Beləliklə, Zəngilan rayonu ərazisində Astaraçay çayı üzərində hazırda iki körpünün tikintisi aparılır. Biri dəmir yolu, digəri isə avtomobil yolu olmaqla İran ərazisindən Naxçıvana keçəcək, bununla da Türkiyə, İran və Azərbaycanı birləşdirəcək”. (Report)

Əvvəlki məqalə

Kiyev vilayəti tam azad edilib –

Sonrakı məqalə

Bakıda gecə klubunda partlayış olub –