İranın bütün əyalətlərində cümə namazı təxirə salındı

Koronavirusun tüğyan etdiyi İranda kütləvi tədbirlər təxirə salınır.

“Report” “CNNTürk”ə istinadən xəbər verir ki, ölkənin bütün əyalətlərində koronavirusa görə qılınması planlaşdırılan cümə namazları ləğv edilib.

Bununla bağlı aidiyyəti qurum tərəfindən qərar qəbul olunub.

Ötən həftə də paytaxt Tehran daxil olmaqla 23 əyalətdə cümə namazı təxirə salınmışdı.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayının 92 nəfər olduğunu açıqlayıb. Daha 586 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 922 nəfərə çatıb. Eyni zamanda 552 nəfər koronavirusdan sağalıb.

Ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar və sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi və İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi koronavirusdan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 81 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 94 239-a çatıb. Bunların 51 187 nəfəri sağalıb, 3 219 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağstafada 10 ədəd subartezian quyusu qazılacaq

Sonrakı məqalə

Tovuzda yol tikintisinə 15.8 milyon manat ayrılıb