İslahatların indikatoru olan siyasi dialoq

Siyasi partiyalarla dialoq və əməkdaşlıq Azərbaycanda siyasi islahatların yeni  müstəvisini müəyyən edən indikator oldu.

Prezident İlham Əliyevin elan etdiyi bu əməkdaşlıq formatı yeni dövrün tələblərini şərtləndirir və Azərbaycanın siyasi tarixində yeni mərhələnin başlanğıcı saymaq olar.

2021-ci martında keçirilən Yeni Azərbaycan Partiyasının VII qurultayında çıxış edən Prezident İlham Əliyev ölkədə daxili sabitliyn əsas amil olmasını vurğulayaraq ölkəmizdə buna  nail olunduğunu bildirdi. Dövlət başçısı yeni dövrün tələblərini diqqətə çatdırdı və siyasi dialoqun daha da dərinləşdirilməsinin vacibliyini vurğuladı.

“Bu prosesə müharibədən əvvəl start verildi və hesab edirəm ki, qısa müddət ərzində yaxşı nəticələr əldə olundu. Demək olar ki, bütün partiyalar, bütün siyasi qüvvələr dialoqa meyil göstərmişlər, bizim təşəbbüsümüzü alqışlamışlar və artıq bu dialoq baş tutub. Belə qərara gəldik ki, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir, necə deyərlər, fərqli fikir ola bilməz. Ümumi məsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyaların fəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqların bərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasi dialoq aparılır. Mən bunu çox təqdir edirəm”.

Prezident ölkəmizin gələcək siyasi sistemi üçün bunun böyük əhəmiyyəti olduğunu bildirib.

 

Dövlət Başçısının bu mesajı çoxpartiyalı sistemin qurulması üçün siyasi iradənin nümayişi, elan etdiyi genişmiqyaslı islahatların vacib detalı idi.

Vətən Müharibəsindən sonra başlanan dövlətçilik tarixinin yeni mərhələsi bu plaformanın qurulması üçün yeni fürsətlər açıb. Sağlam əsasda yaranan iqtidar-müxalifət dialoqu, əməkdaşlığın yeni konfiqurasiyası, ölkənin sabitliyi üçün mühümdür.

Qarşılıqlı təmaslar yeni təklifləri ortaya qoyub. Artıq səmərəli tərəfdaşlığın nəticəsi olaraq “Siyasi partiyalar haqqında” yeni qanunun layihəsinə dair siyasi partiyalar tərəfindən təqdim olunmuş təkliflər müzakirəyə çıxarılır. Bu əməkdaşlıq nəticəsində qərargahı olmayan 22 siyasi partiya üçün ofislər ayrılıb, 25 siyasi partiya qurultaylarını  keçirib, uzun fasilədən sonra 7 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb.

Siyasi partiyaların mütləq əksəriyyəti  xarici təhdidlərə qarşı birlik nümayiş etdirib. Xüsusən Vətən müharibəsi zamanı dünyaya nümayiş etdirilən iqtidar-müxalifətin milli həmrəyliyi bir çox xarici dairələr üçün gözlənilməz olmuşdu. Ölkəmizdə fəaliyyət göstərən 48 siyasi partiya Zəfər Günü münasibətilə ayrı-ayrılıqda bəyanatlar imzalayaraq Vətən müharibəsi nəticəsində əldə olunmuş Zəfərin Azərbaycanın müstəqillik tarixində müstəsna əhəmiyyəti qeyd edib, Qələbəni Azərbaycana bəxş etmiş Ali Baş Komandan, Prezident İlham Əliyevə və cəsur hərbçilərimizə, dövlət başçısının ətrafında birləşmiş Azərbaycan xalqına minnətdarlıq bildirdilər.

2021-ci il siyasi partiya rəhbərlərinin Ağdama və Şuşaya səfərləri böyük rəmzi məna daşıyan, milli həmrəyliyi nümayiş etdirən birgə səfər olub.

Belə dialoq və əməkdaşlıq siyasi iradənin təzahürü olmaqla dövlətin daxili siyasi həyatında harmoniya yaradır və kənar müdaxilə imkanlarını məhdudlaşdırır.

Bu əməkdaşlığın uğuru parlament timsalında özünü bir daha göstərir. 8 müxalifət partiyasının üzvləri müstəqil Azərbaycanın parlament tarixində ilk dəfə həm Milli Məclisin, həm də daimi komitələrin rəhbərliyində təmsil olunur. Bu, Azərbaycanda yeni siyasi münasibətlərin formalaşdığını göstərir.

Siyasi dialoq dövlət maraqlarının qorunması baxımından ümummilli məsələ sayılır. Hakimiyyət bu baxımdan əməkdaşlıqda formal təmaslara deyil, uzunmüddətli dialoqa hədəflənib.

Prezidentin elan etdiyi  islahatlar kursunun mühüm rıçaqı olan ölkənin həyatında rol oynayan qüvvələrlə siyasi əməkdaşlıq sistemin möhkəm özülünü yaradır və dövlətçilik maraqları üçün çox mühüm rol oynayır.

Bu siyasətin hədəfi geopolitik fırtınaların tüğyan etdiyi hazırkı mürəkkəb beynəlxalq müstəvidə sabit və etimada söykənən tərəfdaşlıq münasibətləri qurmaqdır.

Siyasi partiyaların dialoq platformasından gözləntiləri böyükdür. Ümid partiyasının sədri İqbal Ağazadə iqtidar-müxalifət arasındakı bütün təmasları, münasibətlər sistemini effektiv hesab edir. Onun sözlərinə görə, uzaqdan durub dalaşmaqdansa, masa arxasında fikir mübadiləsi aparmaq daha yaxşıdır.

Partiya sədrinin sözlərinə görə, iqtidarla müxalifət arasında problemlərin çözülməsi istiqamətində fürsətləri dəyərləndirməliyik. Bu fürsətlərin ən yaxşısı hətta uzun çəksə də, masa arxasında əyləşməkdir.

AMİP lideri Etibar Məmmədov da dialoq imkanlarını dövlət üçün vacib hesab etdiyini bildirir. Onun sözlərinə görə, bu təmaslar davam etməlidir. Çünki atılan addımlar kifayət eləmir.

ADP sədri Sərdar Cəlaloğlunun fikrincə, iqtidar-müxalifət münasibətləri demokratik ölkələrdəki kimi olmalıdır.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə iqtidar-müxalifət münasibətləri kontektstində dialoq prosesini irəliyə doğru bir addım kimi qiymətləndirmək olar.

Sərdar Cəlaloğlu bildirib ki, müxalifətin dövlətdə, cəmiyyətdə roluna maneə yaradılmamalı, siyasi partiyaların normal fəaliyyətinə yaşıl işıq yandırılmalıdır. “Müzakirələrdə əlbəttə bu məsələləri qaldırırıq. Təkliflərimizi səsləndiririk. Hesab edirik ki, mühüm məsələlərdə müxalifətin də rəyi nəzərə alınmalıdır”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyevin fikrincə, Azərbaycanda müəyyən problemlərin mövcudluğunu inkar etmək olmaz. Bu bu nöqsanlarla bağlı müzakirə aparılmalı, o cümlədən islahatların dərinləşməsi istiqamətində addımlar atılmalıdır.

Ölkədə aparılan islahatların mühüm müstəvisi sayılan iqtidar-müxalifət dialoqu Azərbaycan dövlətçiliyin qorunması və inkişafı üçün bir vasitədir. Dialoq münasibətlərdə yeni səhifə açaraq siyasi sabitliyi təmin edən əsas amillərdən birinə çevrilib. Belə əməkdaşlıq həmçinin  Azərbaycanda yaşanan siyasi plüralizmin nümayişinə çevrilib.

G.Hüseynova

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə  “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda hazırlanıb.

 

Əvvəlki məqalə

“Dünyada Çin-ABŞ rəqabət erası başlayıb” –

Sonrakı məqalə

Prezident İlham Əliyevin Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında çıxışı –