Depressiya zamanı insanın özünü daha yaxşı hiss etməsinə kömək edə biləcək hərəkətləri yerinə yetirməsi xüsusilə çətin olur.

Motivasiya sıfıra enəndə ən kiçik addımlar belə – gəzintiyə çıxmaq, dostuna zəng etmək – mümkünsüz görünə bilər. Bir neçə dəfə depressiv epizod keçirən “Psychology Today” müəllifi davranış aktivləşdirilməsi metodu vasitəsilə bu qapalı dairəni tədricən necə qırmağı öyrəndiyini bölüşüb.

“Psychology Today” yazır ki, müəllif depressiyanın ən ağır mərhələsində gəzintiyə çıxmaqdansa, yorğanın altında gizlənməyi daha asan hesab edirmiş.

O, salat əvəzinə kartof fri yeməyə, rəfiqəsi ilə görüşməkdənsə, axşamı “Netflix” qarşısında keçirməyə üstünlük verirmiş. Müəllifin sözlərinə görə, vəziyyəti çətinləşdirən başqa bir məqam da qarşısına qoyduğu məqsədlərin adətən real olmaması idi. Bu isə depressiv dövrəni daha da gücləndirirdi: məqsəd qoymaq, ona nail ola bilməmək, özünə inamın azalması və daha çox təcrid olunmaq.

Bu dövrəni qırmağa kömək edən elmi əsaslı strategiyalardan biri davranış aktivləşdirilməsi adlanır.

Melburndakı Monaş Universitetinin psixoloqu Emma Morton bildirib ki, bu metod depressiyanı gücləndirən süstlük, mənfi düşüncələr və davranışlar dövrəsini qırmağa yönəlib. “Depressiya zamanı marağın və əvvəllər zövq verən fəaliyyətlərdən alınan həzzin itməsi, yorğunluq və enerjisizliklə birlikdə insanın dünyasını çox kiçildə bilər”, – Morton bildirib.

Psixoloqun sözlərinə görə, tükənmişlik və stress zamanı istirahət etmək, özünə qapanmaq məntiqli reaksiya kimi görünə bilər. Lakin əslində bu davranışlar insanın əhvalını yaxşılaşdırmaq əvəzinə, depressiv vəziyyəti davam etdirir. İnsan ətraf aləmdən nə qədər çox təcrid olunursa, ünsiyyət və əhvalını yaxşılaşdıra biləcək müsbət təcrübələr üçün imkanları da bir o qədər azalır. Bunun əvəzində mənfi düşüncələrə və özünü təhlil etməyə daha çox vaxt qalır.

Məqalədə qeyd olunur ki, davranış aktivləşdirilməsinin əsasını iki növ fəaliyyətin tədricən artırılması təşkil edir: insana zövq verən və ya əvvəllər zövq vermiş məşğuliyyətlər, eləcə də insanda nəyəsə nail olmaq hissi yaradan fəaliyyətlər. Hər iki effekti birləşdirən məşğuliyyətlər daha faydalı hesab olunur.

Məqalənin müəllifi ilkin mərhələdə kiçik addımların dərhal özünü yaxşı hiss etdirəcəyini gözləməkdən vaz keçib. Onun sözlərinə görə, məhz bu yanaşma nəticə görmədiyi vaxtlarda belə başladığı işi davam etdirməsinə kömək edib. Əvvəlcə ona müəyyən məmnunluq gətirən məqsəd idman şalvarı və ev başmaqları əvəzinə cins şalvar və ayaqqabı geyinmək olub. Söhbət hətta gəzintiyə çıxmaqdan deyil, sadəcə buna hazır olmaqdan gedirmiş.

Emma Morton etiraf edib ki, bu yanaşma darıxdırıcı və həddindən artıq sadə görünə bilər. “Amma belə deyil. Digər elmi əsaslı üsullarla birlikdə istifadə edildikdə, bu, depressiv dövrəni qıra bilən güclü vasitədir”, – psixoloq vurğulayıb.

Məqalənin müəllifi qarşılaşdığı daxili maneələrdən birinin də çox kiçik və “mənasız” məqsədlər qoyduğuna görə özünü qınamaq olduğunu bildirib. O, bu hissin öhdəsindən gəlmək üçün özünə qarşı mərhəmətli və anlayışlı davranmağı öyrənib. Bu yanaşmanı terapevtindən, dostlarından və kitablarından, o cümlədən Pema Çodronun “Hər şey dağılanda” əsərindən götürüb.

Müəllif həftəlik işlər siyahısı hazırlayırmış. Məsələn, bazar ertəsi duş qəbul etmək, çərşənbə axşamı Petrina ilə söhbət etmək, çərşənbə günü isə Lea ilə yaşadığı məhəllənin ətrafında gəzmək planlaşdırılırmış. Cümə axşamı evdə sağlam yemək hazırlamaq, cümə günü isə “Grey's Anatomy” serialına dörd saat əvəzinə iki saat baxmaq nəzərdə tutulurmuş.

Müəllifin sözlərinə görə, vəziyyətin yaxşılaşması çox yavaş – həftələr və aylar ərzində baş verib. Bu dəyişiklik təkcə kiçik uğurların toplanması ilə deyil, həm də dərman qəbulu, psixiatr və məsləhətçi ilə görüşlər, yuxu rejiminə əməl etmək və meditasiya ilə bağlı olub.

Məqalədə vurğulanır ki, yorğunluq və apatiya hətta gündəlik işləri görməyə mane olursa, insandan kəskin dəyişikliklər tələb etmək düzgün deyil. Daha yaxşısı gündəlik bir kiçik və real addımla başlamaqdır.

Əgər uzun müddət davam edən depressiv əhval-ruhiyyə insanın gündəlik həyatına təsir göstərirsə, mütəxəssisə müraciət etmək və dəstək almaq vacibdir.

Sunay Aydın