Son dövrlərdə iqlim dəyişikliyi dünyanı düşündürən qlobal problemlər sırasındadır. Hazırda dünya əhalisinin yarıdan çoxu şəhərdə yaşayır və bu artmaqda olan tendensiyadır.
Bu sözləri Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev COP29-a hazırlıq çərçivəsində “Azərbaycanda Yaşıl Tikinti” mövzusunda keçirilən dəyirmi masada deyib.
O bildirib ki, bu da yaşıl məkanların və biomüxtəlifliyin azalmasına səbəb olur, insanların rifahına təsir göstərir.
“Bütün istixana qazlarının 40 faizdən çoxu məhz şəhərlərdə istehlak olunur. Tikinti sənayesi iqtisadi və sosial inkişaf baxımından ən vacib fəaliyyət sahələrindən biridir. Orta hesabla karbon emissiyasının 37 faizdən çoxu bu sektorun payına düşür. Tikinti sektoru ətraf mühitə təsir edən əsas sahələrdən biridir. Binalar dünyanın təbii ehtiyatların 50 faizdən 70 faizə qədərini ehtiva edir”, – deyə Anar Quliyev vurğulayıb.
O əlavə edib ki, Azərbaycanda qlobal çağırışlara uyğun sənayenin bütün sahələrində ətraf mühitin qorunması, enerji səmərəliliyi və təbii resurslardan optimal istifadənin tətbiqi ilə bağlı mühüm addımlar atılır: “Ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və Azərbaycanın COP sammitinə ev sahibliyi etməsi ölkəmizin qlobal iqlim dəyişkənliyinə qarşı mübarizədə qətiyyətli oduğunu bir daha sübut edir”(azərtac).