Kədərli gözləri ilə yadda qalan Baş Nazir –

Artur Rəsizadənin 85 yaşı tamam olub (FOTO)
27 Fevral 2020 - 18:36

Azərbaycanın sabiq Baş Naziri Artur Rəsizadənin 85 yaşı tamam olub.

Azpost.info bildirir ki,  bu gün Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib.

A. Rəsizadə 26 fevral 1935-ci ildə Gəncədə anadan olub. 1952-ci ildə  Lənkəran şəhər 4 №-li orta məktəbi bitirib. Əslən Naxçıvan Muxtar Respublikasındandır.

1957-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra əmək fəaliyyətinə başlayıb. 1978-81-ci illərdə Azərbaycan SSR Dövlət Plan Komitəsi sədrinin müavini olub. 1986-1992-ci illərdə Nazirlər Soveti Sədrinin birinci müavini (sonradan Baş nazirinin birinci müavini) vəzifələrində çalışıb. 1992-94-cü  illərdə İqtisadi İslahatlar Fondunun məsləhətçisi, 1994-cü ildə “DEKA-B” şirkətində məsləhətçi, 1994-96- cı illərdə İqtisadi Islahatlar Fondunda məsləhətçi vəzifəsində işləyib. 1996-cı ildə Azərbyacan Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi təyin edilib. 1996-cı ilin may ayından Baş Nazirinin birinci müavini, 1996-2003-cü illərdə Baş Nazir, 2003-cü ilin avqust-noyabr aylarında Baş Nazirin birinci müavini vəzifələrində işləyib.

2003-cü ilin noyabr ayından 21 aprel 2018-ci ilədək Baş nazir olub.

Artur Rasi-zadə kənd təsərrüfatı mütəxəssisi, şair Tahir Rasizadənin oğlu, dahi Azərbaycan ədibi Hüseyn Cavidin  qardaşı nəvəsidir.

2018-ci ilin aprelində istefaya göndərilən sabiq Baş nazir bu iki ildə çox nadir hallarda KİV-də görünüb.  2019-cu ilin  fevralında sözləri azxeber.com-a qısa açıqlamasında vaxtının çoxunu mütaliə etmək və ailəsi ilə birgə keçirdiyini demişdi: “Allah hamıya ömür versin ki, nəticələri ilə vaxt keçirə bilsin. Hazırda nəticələrimlə oynayıram və onları bir həftə görməyəndə darıxıram”

A.Rəsizadə deyib ki, vaxtımın çoxunu dünayada gedən prosesləri izləməklə keçirir: “Bundan başqa köhnə əsərləri oxuyuram və vaxtaşırı olaraq klassik musiqilər dinləyirəm”.   

Artur Rasizadə nəticələri haqda da danışıb: “Zaman elə gətirdi ki, işlərimlə bağlı olaraq nəvələrimə çox vaxt ayıra bilmədim. Çalışıram ki, yerdə qalan ömrümü nəticələrimə həsr edim. Nəvələrim artıq böyükdür, mən günü nəticələrimə həsr edirəm. O gün olsun hamı üçün olsun. Onlarla birlikdə vaxt keçirmək mənim üçün ən böyük istirahətdir. Onları bir neçə gün görməyəndə çox pis oluram, görürəm ki, dəyişiblər, böyüyüblər”.
Həmin ilin may ayında demokrat.az-a verdiyi müsahibəsində  ölkə Prezidentinin apardığı siyasəti dəstəklədiyini açıqlayıb: “Bu gün Azərbaycan müharibə şəraitində yaşayır, bizim üçün ən çətin məsələ Qarabağ problemidir. Bu gün dünyada gedən geosiyasi proseslər vəziyyəti daha mürəkkəbləşdirir. Hazırda dünyada qütbləşmə prosesi gedir. Biz buna misal kimi qonşu Gürcüstan məsələsini də deyə bilərik. Bu nöqteyi-nəzərdən ən vacib məsələ müstəqilliyin qorunmasıdır”. 

Sabiq Baş nazir 30 ilə yaxındır ki, torpaqlarımızın işğal altında olduğunu bildirib. O, Ermənistanı danışıqlar prosesini pozmaqda ittiham etmişdi: “Qarabağ münaqişəsinin həllinə mane olanlar da var. Amma mən hər zaman bunu söyləmişəm və indi də deyirəm: Qarabağ münaqişəsinin açarı özümüzdədir” –deyə A.Rəsizadə vurğulamışdı.

Azpost.info