Vergi Məcəlləsinin 2023-cü il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin satışdankənar gəlirləri, kənd təsərrüfatı məhsullarının istehsalı ilə əlaqədar hüquqi şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyalar, habelə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) rezident hüquqi şəxslərin iştirakçıları olan hüquqi şəxslərin dividend gəlirləri cari ilin yanvarın 1-dən 1 il müddətinə mənfəət vergisindən azaddır.
Dövlət Vergi Xidməti xəbər verir ki, qeyd olunanlara əsasən, dövlət büdcəsi vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxsə ayrılan subsidiya məbləği hüquqi şəxsin satışdankənar gəlirlərinə aid edilməklə mənfəət vergisindən azaddır.