Tarixi təcrübə göstərir ki, mahiyyəti dürüst və anlaşıqlı ifadə edən ideoloji struktur olmadıqda, dövlətin və ölkə ərazisində yaşayan əhalinin siyasi, iqtisadi vəmənəvi inkişafının əsasını təşkil edən yaşarı və hamı tərəfindən rahatlıqla qəbuledilən canlı ideoloji prinsiplər olmadıqda hökmən cəmiyyətdə boşluq yaranır. Nəticədə müxtəlif və bəzən də bir-birinə zidd, ənənəvi sosial-mədəni normalara uyğun olmayan fikirlərin və ideyaların qarışığı baş verir ki, bu da dövlətçiliyin formalaşmasına mənfi təsir göstərmiş olur.
A.A.Bakıxanov, M.F.Axundov, H.B.Zərdabi kimi ziyalıların təməlini qoyduğu maarifçilik hərəkatı, sonralar Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, M.Ə.Rəsulzadə, Topçubaşov və başqa ziyalılarımız tərəfindən inkişaf etdirildi və azərbaycançılığın nəzəri əsasları yaradıldı. Milli ideologiya və azərbaycançılıq məfkurəsi M.Ə.Rəsulzadənin yaradıcılığında özünəməxsus yer tutur. O, “Azərbaycan Cümhuriyyəti” əsərində Azərbaycan məfkurəsinin əsaslarını daha da inkişaf etdirərək göstərirdi ki, azərbaycanlılar milliyyət etibarilə türk, din etibarilə İslam, mədəniyyət
etibarilə şərqlidirlər”.
Məhz yuxarıda qeyd edilən amilləri nəzərdə tutan M.Ə.Rəsulzadə yazırdı: “İnkişafa meyilli olduqlarını göstərmək üçün bu, kafi deyilmi ki, ilk türk dramaturqu azərbaycanlı, ilk türk bəstəkarı azərbaycanlı, Rusiya türkləri arasında ilk qəzet yaradıcısı azərbaycanlı, məzhəb fərqini ilk olaraq ortadan qaldıran yenə azərbaycanlı, əlifba islahatını ilk düşünən azərbaycanlı, nəhayət, İslam aləmində ilk dəfə Cümhuriyyət elan edən də azərbaycanlıdır”.
Əvvəlcə özümüzə belə bir sual verək, bu gün bizə ideologiya lazımdırmı? Hazırda bu sual çox vacib sualdır. Çünki, çoxları iddia edir ki, müasir dövrdə dünyada sürətlə gedən qloballaşma prosesi fonunda hər hansı bir ideologiyanın əhəmiyyəti yoxdur, yəni, ideologiya olmadan da cəmiyyət mövcud ola bilər və inkişaf edər. Bu suala cavab verməzdən əvvəl, biz əlavə olaraq iki suala da cavab axtarmalıyıq.
Birinci ‒ ümumiyyətlə, ideologiya deyilən nəsnə nədir? İkinci ‒ ideologiya nə deməkdir?
Mənim cavabım belədir: ‒ Baş verən hadisələri qavramaq və izah etmək üçün bizə sadə müşahidədən əlavə, müəyyən qanunauyğun davranış tərzi lazımdır. Hər hansı ideoloji düstur (struktur) cəmiyyətdə sosial-mədəni, ictimai-siyasi normaları tənzimliyə bilmirsə, hadisələri müəyyən qanunauyğunluğa əsasən izah edə bilmirsə, deməli, cəmiyyət
onlara lazımi reaksiya da verə bilməyəcək.
Bu günün özündə də çoxları belə düşünür ki, əgər biz demokratik cəmiyyət qururuqsa, rəsmi hakim ideologiya ola bilməz. Bəziləri bir qədər də uzağa gedir, qabaqcıl ölkələrin inkişaf tarixindən nəticə çıxararaq deyirlər: "Hər cür ideologiya buxovundan azad olmaq lazımdır", "cəmiyyətin mütərəqqi inkişafı onun ideologiyasızlaşdırılmasındadır.
Tarixi təcrübə göstərir ki, cəmiyyətdə müəyyən inkişaf istiqamətlərini müəyyənləşdirən ideologiya olmadıqda dövlətin və xalqın siyasi, iqtisadi və mənəvi durumunda sapmalar baş verir, birgəyaşayış qaydalarında boşluqlar yaranır. Bu isə öz növbəsində cəmiyyət daxilində bir-birinə zidd, ənənəvi sosial- mənəvi dəyərlərlə vəhdət təşkil etməyən yad ideyaların yaranmasına gətirib çıxarır.
İdeologiyanın yoxluğu cəmiyyətdə kütləvi təşkilatlanmanın olmamağını və müxtəlif ayırıcı ideyalara xidmət edən qrupların meydana gəlməsini şərtləndirir. Demək, cəmiyyətin və dövlətin səmərəli idarə olunmasında vahid ideologiyanın yaranması vacib şərtdir.
Vahid ideologiya ‒ bir xalqın adət-ənənəsini, həyat tərzini, yaşam formasını və fəaliyyət istiqamətlərini özündə ehtiva edən baxışlar sistemidir. Bu birinci sualın cavabı.
İkinciyə cavab axtaraq.
Burada bir sıra vacib əhəmiyyət kəsb edən, lakin illər, hətta əsrlər boyu unudulan məqamlara toxunmaq lazım gəlir. Söhbət o məqamlardan gedir ki, bu amillər təkcə hazırkı dövrün tələbləri ilə şərtlənmir. Bu məqamlar bütövlükdə xalqımızın tarixi mövcudluğu, elmi-mədəni ənənəsi və irsi ilə bağlıdır. Həmin məqamlara və ya onunla əlaqədar məsələlərə diqqət yetirmədikcə, dövlətçilik və cəmiyyət quruculuğunda çox çətinliklərlə, maneələrlə üzləşirik. Taleyimizi zamanın gedişatına, yadların mərhəmətinə, təsir gücü olan dövlətlərin ümidinə buraxırıq. Sonra da öz fədakarlığımızın, öz zəkamızdan və zəhmətimizdən doğan əzmkarlığın lazımınca olmamağını ört-basdır etməklə kimlərisə, nələrisə yamsılayırıq, gülüş və təəssüf doğuran inadkarlıqla primitiv uyğunlaşma həyata keçiririk.
Müstəqillik dövrünə qədər başqalarından ümid gözləməklə, köklü fikir ortaya qoymadan, sistemli bir əməli iş aparmadan kimlərisə yamsılamaq vərdişi bizlərdə o dərəcədə olub ki, dəbə yoluxaraq keçmişimizi lənətləməyə hazır olmuşuq. Ədəb- ərkandan, məntiqdən, məsuliyyət və vicdan hissindən uzaqlaşıb, kənar təsirlərə sadiqlik göstərməklə kimlərisə, nəyisə birtərəfli qaydada, ifrat subyektiv mövqedən ya nifrət yağışı yağdırmışıq, ya da heç bir ölçü-əndazə qoymadan sevmişik, tərifləmişik. “…Göstərən saatdə dövrani-fələk bir inqilab” baş verdikdə kimlərisə günahkar saymışıq, tariximizi unutdurublar demişik və hələ də bu işlə məşğuluq… Nə üçün belə olmağımızın səbəblərini götür-qoy etdikdə çox şeyləri sadalamaq olar: uzunmüddətli asılılıq və suverenliyin təkrar-təkrar pozulması, totalitar ideologiyanın və kütlə psixologiyasının təsiri, xarici siyasi rejimlərin və güc mərkəzlərinin basqısı, millətləşmə və
demokratikləşmə prosesində yaranan maneələr, birləşmə düsturunun, eyni zamanda milli ideologiyanın aparıcı və başlıca prinsipi olan azərbaycançılığın kifayət qədər işlənməməyi, idarəçilikdə buraxılan ciddi səhvlər və s.
Lakin, fikrimizcə, əsas olan bir mühüm səbəb də var ki, müstəsna əhəmiyyət kəsb etsə də, bir çox xalqlarda olduğu kimi, bizdə bütün əhali tərəfindən rahatlıqla qəbul ediləcək prinsiplər barəsində nə keçmişdə, nə də sonralar xüsusi elmi araşdırma aparılıb, məsələ bizim fəlsəfi, sosial- siyasi, bədii düşüncənin maraq dairəsindən kənarda qalıb.
Azərbaycan müstəqillik əldə etdikdən sonra Ulu öndər Heydər Əliyev azərbaycançılıq ideologiyasının elmi-nəzəri bazasının müasir dövrün tələbləri əsasında formalaşmasında mühüm rol oynadı. Ümummilli lider haqlı olaraq
deyirdi: “Milli ideologiyamız tarixi keçmişimizlə, millətimizin adət-ənənələri ilə, xalqımızın, dövlətimizin bu günü və gələcəyi ilə bağlı olmalıdır. Bu ideologiya bütün xalqın, dövlətin mənafeyinə uyğun olmalı, müxtəlif sosial təbəqələrin bir ideya ətrafında birləşməsinə yol açmalıdır”. Ulu öndər azərbaycançılığın və Kamil milli ideologiyanın əsas prinsiplərinin dövlətçilik və milli vətənpərvərlikdən ibarət olduğunu dəfələrlə vurğulayıb.
Ümumiyyətlə, min illər boyu tarixi inkişaf prosesində, Azərbaycanın maddi və mənəvi dəyərlər sisteminin təməl dayağı olan azərbaycançılıq məfkurəsi istər dövlətçilik dəyərlərimizin, istərsə də sosial-mədəni həyatımızın
bütövlüyünün qorunmasında müstəsna dərəcədə rola sahib olubdur. Onu da vurğulamaq lazımdır ki, azərbaycançılıq ideologiyası təkcə milli-mənəvi dəyərləri qorumaq və yaşatmaq demək deyildir. Eyni zamanda, bu dəyərlərin tərkib hissəsi olan milli kimliyinlə, mənsub olduğun dövlətinlə fəxr etmək, qürur duymaqdır. Məhz Ümummilli liderin dediyi kimi, “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” Ulu öndər öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, kamil milli ideologiyanın başlıca vəzifəsi insan, cəmiyyət və milli durumu mədəniyyət atributuna çevirməkdə yardımçı olmaqdır, birgəyaşayışın əxlaq qaydalarının zəruriliyini və mahiyyətini aşılamaqdır. Kamil milli ideologiya birləşdirici simvola çevrilməli, tale yüklü problemlərin həllində dövlətə və cəmiyyətə dayaq olmalıdır. Demək, ikinci sualın cavabı Kamil milli ideologiyanın yaradılması imiş.
Beləliklə, cəmiyyətin iqtisadi, siyasi, sosial və mənəvi fəaliyyət sahələrində, həmçinin beynəlxalq aləmlə dövlətin münasibətlərində əsas kimi qəbul olunan və rəhbər tutulan ideya və prinsiplərin, müddəa və şərtlərin cəmini ifadə edən milli ideologiyanın mühüm təyinatı aşağıdakı müddəalardan ibarətdir:
– cəmiyyətin müxtəlif həyat sahələrinin təşkili və idarə olunması:
– ölkənin bütün spesifik cəhətləri nəzərə alınmaqla fərdlər və qruplar arasında sosial tarazlıq, maraqların təmin edilməsi:
– vətəndaş-dövlət münasibətlərinin qanunla tənzimlənməsi və cəmiyyətdaxili normaların məqsəd kimi reallaşması.
Bütün bunlardan çıxış edərək Azərbaycan cəmiyyətini mənən dirçəltməyə, yaradıcılıq potensialını gücləndirməyə, ictimai şüuru dövlət quruculuğunun başlıca amilinə çevirməyə qadir olan ideoloji struktur ‒ Azərbaycançılıq ideologiyasını yaratmaq ideyası Heydər Əliyev siyasətinin əsas prinsipi kimi yaşayır və yaşayacaqdır.
Milli ideologiyamız olan azərbaycançılıq ideologiyası ölkədə kimliyindən asılı olmayaraq bütün fərqli etnikləri bir arada birləşdirir.
Sağlam təməllərə söykənərək birləşdirici, barışdırıcı, həmrəylik missiyasını özündə ifadə edir. Ona görə də azərbaycançılıq ideologiyasının təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb
edir. Bu ideologiya siyasi və dövlətçilik ideologiyası kimi toplumun və dövlətin inkişafına, güclü olmasına xidmət edir. Ona görə də azərbaycançılıq ideologiyasının ölkədə yaşayan hər bir vətəndaşa hakim olması üçün daha geniş tədbirlər həyata keçirilməlidir. Güclü maarifləndirmə işi aparılmalı, ideologiyanın təbliği və onun təməl prinsiplərinin cəmiyyətə çatdırılması hamı üçün başlıca məqsəd olmalıdır. Çünki milli ideologiyasız heç bir millət ayaqda dura bilməz. Azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının da vahid ideya ətrafında birləşməsini şərtləndirən, xaricdə yaşayan soydaşlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində dövlətin qarşısında duran vəzifələri,
onların Azərbaycana münasibətdə üzərinə düşən mənəvi öhdəlikləri, habelə azərbaycanlı anlayışının sosial-fəlsəfi məzmununu müəyyənləşdirən konsepsiyadır. Azərbaycançılıq millətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan vətəndaşların həmrəyliyi üçün möhkəm istinad mənbəyi, ideoloji bünövrədir.
Azərbaycançılığı şərtləndirən ən mühüm amillərdən biri də milli ənənədir. Milli düşüncə sisteminin genetik qaynağı olan azərbaycançılığın inkişaf stimulyatoru da məhz ənənədir. Ənənə uzun əsrlərin sınağından keçərək tarixi təcrübəni yığır, xalqın müdrikliyi, onun mənəvi mədəniyyəti və s. amillər bu anlayışda ifadə olunur. O, keçmişlə gələcəyi əlaqələndirir, etnokulturoloji mövcudluğu qoruyur. Bu ənənələr xalqın keçdiyi zəngin tarixi
yolun mütərəqqi yaşam təcrübəsini özündə qoruyub saxlayır. Deməli, azərbaycançılıq ideologiyası həm də xalqın tarixən tapındığı mütərəqqi ənənələri gələcək nəsillərə ötürən mənəvi körpüdür. Azərbaycançılığın gücü, eyni zamanda, fərdi maraq və meyilləri dövlət siyasəti ilə birləşdirmək, xalqın milli-mədəni eyniyyətini qoruyub saxlamaq imkanları ilə ölçülür.
Dövlətçilik hisslərinə malik olmayan xalq milli dövlətini inkişaf etdirə bilməz. Bu mənada, azərbaycançılıq ideologiyası milləti, xalqı, dövləti qəlbən sevməyi, onun naminə yorulmadan çalışmağı bütün mahiyyəti ilə təşviq edir.
Xalqın milli varlığını ifadə edən rəmzlərə, adət-ənənələrə, ali mənəvi dəyərlərə yüksək sədaqət, ana dilinə məhəbbət, bəşəri ideallara hörmət azərbaycançılığın milli mahiyyətini açmaqla yanaşı, onun humanist səciyyə daşıdığını göstərir.
Azərbaycançılığın əsasında yer alan ünsiyyət birliyi isə vahid ana dilimiz vasitəsilə həyata keçirilir. Azərbaycan dili milliliyin ifadə vasitəsi olduğu üçün azərbaycançılıq ideologiyasının komponenti kimi çıxış edir.
Bu gün siyasi baxışlarından asılı olmayaraq, hamı etiraf edir ki, Heydər Əliyevin 1993-cü ildə xalqın istəyi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda əldə edilmiş milli birlik respublikamızın ən qiymətli mənəvi-
ideoloji sərvətlərindən biridir. Xalqın nəzərində bütöv, milli şəxsiyyət kimi təcəssüm olunan Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirmiş, bu siyasi xətti özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycançılıq ideyasının təkamül dövrü özünəməxsus dinamizm ilə seçilən bu ideologiyanı zənginləşdirir, milli-ictimai şüurun əsaslarını müəyyən edir.
Azərbaycan xalqının dünya birliyi arasında mövqeyini yüksəldir. İlham Əliyev azərbaycanşılıq məfkurəsini dövlətçiliyimizin ideoloji əsası kimi səciyyələndirərək demişdir: “ Əsrlər boyu biz millət, xalq olaraq öz dəyərlərimizi qoruyub saxlamışıq. Bu gün bu suala çox diqqət yetirilir. Bu gün çətinliklə üzləşən, qlobollaşan dünyada milli dəyərlərimiz dövlətçiliyin əsasını təşkil edir. Dövlətçiliyimiz güclü ideoloji əsaslara söykənir. Azərbaycançılıq ideyası bizim əsas ideoloji dayağımızdır”.
Nəticə olaraq demək lazımdır ki, Ulu öndər Heydər Əliyevin xalqımıza bəxş etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən kamil milli ideologiya ‒ Azərbaycançılıq ideyası həmişəyaşar və əbədi mənəvi sərvətimizdir.
Ayıq SƏMƏDOV