Vətəndaş Mirkərim Məmmədov Kapital Bank-dan şikayətçidir. AzPost xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında yazıb. Bildirir ki, mart ayında 12 gün (qeyri-iş günlərində) bank kartına əsassız olaraq sərəncam qoyulub.
Vətəndaş qeyd edir ki, 1 aprel tarixində sərəncam aradan qaldırılıb. Mirkərim Məmmədov bu müddət ərzində kartından istifadə edə bilməyib. “600 manatlıq əməliyyat olub, hər hansı şübhəli bir fəaliyyət baş verməyib. Amma nədənsə 12 qeyri-iş günündə kartıma sərəncam qoyulur”.
Vətəndaş bununla bağlı bankın 196 çağrı mərkəzinə 10 dəfə zəng etdiyini, mobil tətbiq vasitəsilə 5 sorğu yaratdığını və 3 dəfə müvafiq olaraq bankın fiallarına getdiyini bildirir. Lakin 23 gündür bank vətəndaşa qoyulan sərəncamla bağlı səbəbi açıqlamır.
Mirkərim Məmmədov qeyd edir ki, son 5 ildə Kapital Bankın xidmətlərindən istifadə edir. Lakin cari ilin yanvar ayından etibarən ardıcıl olaraq problemlərlə üzləşir. “Heç bir nəticə yoxdur. Yalnız deyirsiz narazılığınızı qeydə almışıq, amma bir səbəb deyən yoxdur ki, niyə 12 gün kartıma səbəbsiz sərəncam qoyulub və 1 aprel tarixində öz-özünə açılıb. Niyə? Nə səbəbə? Bir səbəb tapa bilmirsiz. Açıq aşkar mülkiyyət hüququnun pozulmasıdır” – deyə müştəri şikatəyində qeyd edib.

Bank əməkdaşı isə vətəndaşın şikayətinə “Salam, Hörmətli Mirkərim Məmmədov. Zəhmət olmasa, ad, soyad, ata adınızı və icrada olan müraciətinizin kodunu səhifəmizin şəxsi mesaj bölməsinə qeyd edin. Sizə geri dönüş edəcəyik” açıqlamasını yazıb.
AzPost məsələ ilə bağlı Kapital Bank-a rəsmi olaraq sorğu ünvanlayıb.