Min illərdir əbədi buzlaqda qalan bakteriyalar ərimədən sonra yenidən aktivləşir.
ABŞ-ın Kolorado Universitetinin Boulder şəhərindəki tədqiqatçılarının apardığı eksperiment bunu üzə çıxarıb.
Alimlər Alyaskadan götürülmüş, yaşı bir neçə min ildən təxminən 40 min ilədək olan torpaq nümunələrini əridiblər. Altı ay sonra mikrobların bir hissəsi adi gözlə görünən bakteriya koloniyaları əmələ gətirib.
Azpost.info bildirir ki, Futura-Sciences nəşrinin məlumatına görə, nümunələr ABŞ Ordusunun Mühəndis Qoşunlarına məxsus xüsusi tuneldən götürülüb. Tunel donmuş torpağın təxminən 110 metr dərinliyinə qədər uzanır.
Eksperiment necə aparılıb?
Tədqiqatçılar donmuş torpaq nümunələrinə su əlavə edərək onları 3–12 dərəcə Selsi temperaturunda saxlayıblar. Bununla alimlər yay mövsümünün uzanması və iqlimin tədricən istiləşməsi nəticəsində Arktikada yarana biləcək şəraiti modelləşdirməyə çalışıblar. İlk vaxtlar bakteriya koloniyaları yavaş inkişaf edib. Bu isə qısamüddətli istiləşmə dalğasının istixana qazlarının emissiyasını kəskin artırmaq üçün kifayət etməyəcəyini ehtimal etməyə əsas verib.
Lakin altı aydan sonra vəziyyət dəyişib. Bəzi bakteriya koloniyaları selikli strukturlar – biofilmlər əmələ gətirib.
Tədqiqat müəlliflərinin sözlərinə görə, uzunmüddətli yay istiləri mikrobların aktivləşməsi və üzvi qalıqları geniş miqyasda parçalamağa başlaması üçün kifayət qədər vaxt yarada bilər.
Əsas təhlükə miqyasla bağlıdır.
Alimlərin hesablamalarına görə, əbədi buzlaqda təxminən 1500 giqaton üzvi karbon toplanıb. Hazırda atmosferdə karbonun CO₂ formasında olan miqdarı bundan təxminən iki dəfə azdır. Mikroblar üzvi maddələri parçaladıqda karbon qazı və metan buraxırlar. Bu qazlar isə qlobal istiləşməni daha da gücləndirir. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun da bununla bağlı proqnozu var. Qurumun qiymətləndirməsinə görə, 2100-cü ilədək əriyən əbədi donuşluq atmosferə hər milyon hissəyə 100 hissəyədək əlavə CO₂ daxil olmasına səbəb ola bilər.
Bununla belə, tədqiqat müəllifləri eksperimentin nəticələrini hələlik planetin digər bölgələrinə şamil etməyin mümkün olmadığını etiraf edirlər. Çünki həmin ərazilərdə proseslərin eyni şəkildə baş verib-verməyəcəyi məlum deyil.
Tədqiqat üzərində geoloq və bioloqlardan ibarət qrup çalışıb. Nəticələr JGR Biogeosciences elmi jurnalında dərc olunub.
Nümunələrin götürüldüyü tunel Alyaskanın Feyrbanks şəhəri yaxınlığında yerləşir. Çoxillik buzlaq Şimal yarımkürəsinin quru ərazilərinin təxminən dörddə birini əhatə edir. Burada qədim heyvan və bitki qalıqları, eləcə də çoxsaylı bakteriyalar qorunub saxlanılır. Arktikada istiləşmə davam edərsə və yay mövsümü uzanarsa, əbədi donuşluqda bakteriyaların oyanması birdəfəlik eksperiment deyil, müntəzəm prosesə çevrilə bilər.
Bu isə donmuş torpaqda toplanmış karbon və metanın atmosferə buraxılmasını sürətləndirərək istiləşməni daha da gücləndirə bilər.
Hələlik Alyaskadakı tuneldə müşahidə olunan ssenarinin dünyanın digər bölgələrində də təkrarlanıb-təkrarlanmayacağı məlum deyil. Buna görə də nəticələri bütün planetə şamil etmək üçün hələ tezdir.
N.Talıblı