Romadakı məşhur Trevi fəvvarəsinə atılan pulların miqdarı azalıb.
Uzun illərdir turistlər Romaya yenidən qayıtmaq arzusu ilə bu fəvvarəyə sikkələr atırlar. Lakin bu il fəvvarəyə daxil olan pul axını nəzərəçarpacaq dərəcədə zəifləyib. Bunun səbəbi fəvvarəyə yaxınlaşmaq üçün hər ziyarətçidən alınan 2 avroluq giriş haqqı ola bilər.
2025-ci ildə İtaliya paytaxtının mərkəzində yerləşən, 26 metr hündürlüyündəki Trevi fəvvarəsindən 1,86 milyon avro dəyərində sikkə toplanıb.
Bild nəşrinin məlumatına görə, Caritas Roma təşkilatı artıq altı ildir ki, bu vəsait hesabına ehtiyacı olan insanlara dəstək göstərir və sosial layihələri maliyyələşdirir.
Lakin The Guardian qəzetinin məlumatına əsasən, bu il fəvvarədən toplanan pulların miqdarı təxminən 238 min avro azalıb. Buna səbəb 2026-cı ilin fevralından tətbiq edilən yeni giriş haqqı ola bilər.
Caritas Roma təşkilatının direktoru Custino Trinça Il Messaggero qəzetinə açıqlamasında bildirib:
“Trevi fəvvarəsinə birbaşa girişin məhdudlaşdırılması bu azalmanın səbəblərindən biri ola bilər”.
Giriş haqqının tətbiq edilməsinə səbəb hər il fəvvarəni 4 milyondan çox turistin ziyarət etməsi olub. Ərazidə həddindən artıq sıxlıq yaranır, sikkə oğurluğu, ətraf mühitin çirkləndirilməsi və tarixi abidəyə ziyan vurulması halları baş verirdi.
Giriş haqlarından əldə olunan gəlirlərin fəvvarənin və digər tarixi görməli yerlərin saxlanmasına yönəldilməsi nəzərdə tutulur.
Şəhər şurasının məlumatına görə, ödəniş tətbiq edildikdən sonra ilk ay ərzində şəhər büdcəsinə 435 min avrodan çox vəsait daxil olub. Bu, turistlərin əvvəllər fəvvarəyə atdıqları pullardan əlavə gəlirdir.
Romadakı Caritas təşkilatı isə toplanan vəsaitin azalması ilə bağlı əlavə şərh vermək istəmir.
Təşkilatın nümayəndəsi The Guardian qəzetinə bildirib ki, bu ilki hesablamalarda hələlik xarici ölkələrin sikkələri nəzərə alınmayıb:
“Bəlkə də azalma heç də göründüyü qədər ciddi deyil”.
Trevi fəvvarəsi Romanın Poli sarayının qarşısında yerləşən monumental memarlıq abidəsidir. Fəvvarə 1732–1762-ci illərdə XII Papa Klementin sifarişi ilə inşa edilib və barokko memarlığının şah əsərlərindən biri hesab olunur.
N.Talıblı