“Hazırda daşınmaz əmlak bazarı ilə bağlı hansısa fikir bildirmək olmur, çünki bazar faktiki olaraq mövcud deyil”.
Bunu açıqlamasında daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev bildirib.
R.Əliyev qeyd edib ki, koronavirus səbəbindən bütün sahələrdə olduğu kimi burada da proseslər dayanıb:
“Karantin şəraitində bazar aktivliyindən söhbət belə gedə bilməz. Nəzərə almaq lazımdır ki, daşınmaz əmlak bazarındakı durğunluq hələ koronavirus pandemiyasından əvvəl də müşahidə edilirdi. Sözsüz ki, neft qiymətlərinin aşağı düşməsilə müşahidə edilən neqativ gözləntilər bazara əlavə təsirlər göstərir. Koronavirusa görə tətbiq edilən karantin isə yekun zərbə oldu”.
“Postkarantində bizi nə gözləyir”
Ekspert bildirib ki, hazırda postkarantin dövrü barədə düşünmək lazımdır:
“Ona görə də sadəcə gözləmə mövqeyindəyik. Hələ xəstəlik lokallaşdırılandan sonra da problemlər yaşayacağıq. Çünki daşınmz əmlak bazarındakı problemlər sırf koronavirusla bağlı deyil. Hazırda bazarda ilk gözlənti pandemiyanın neçə müddət çəkəcəyi və dünya iqtisadiyyatına təsirlərinin nədən ibarət olacağıdır.
Çünki bu, təsirdən və neftin qiymətindən asılı olaraq formalaşacaq. Bunlar həm də manatın məzənnəsinin dayanıqlığına təsir edən amillərdir. Bir sözlə proseslər zəncirvari olaraq bir-birilə bağlıdır. Ona görə də qısamüddətli perspektivdə daşınmaz əmlak bazarında ürəkaçan nəsə gözlənilmir. Daşınmaz əmlak bazarı iqtisadiyyatın güzgüsü olduğu üçün baş verən proseslər burada öz əksini tapır. Hazırda bazarda texniki faktorlar yoxdur, hər şey fundamental göstəricilərlə bağlıdır. Proseslərin hansı istiqamətdə cərəyan edəcəyi ən əsas gözləntimizdir. Dünya iqtisadçılarının pozitiv ehtimalları ondan ibarətdir ki, pandemiyadan sonra dünya iqtisadiyyatı “V” şəkilli-eniş, sərt eniş və yüksəliş temptində inkişaf edəcək və bütün itkilər tez müddət ərzində aradan qaldırılacaq. Optimist ssenari budur. Bu şəraitdə neftə olan tələbatın artımı və manat üzərində olan təzyiqin aradan qadırılması gözlənilir.”.
“Bazardakı vəziyyət manatdan asılı olacaq”
R.Əliyev qeyd edib ki, bazar dayandığından alıcı və satıcı da yoxdur:
“Hamı bir növ gözləmə mövqeyindədir. Təbii ki, əlacsızlıqdan əmlakını satmaq istəyənlər də var, amma alıcı olmadığından onu daha ucuz təklif edir. Bazar olmadığından biz faktiki qiymətləri müşahidə edə bilmirik. Amma indiki halda yalnız qiymət azalmalarından söhbət gedə bilər. Yəni əgər manatın məzənnəsi sabit qalarsa, bu halda daşınmaz əmlak bazarında qiymət bahalaşması deyil, ucuzlaşması müşahidə ediləcək. Yəni bazardakı vəziyyət həm də manatın məzənnəsinin sabitliyindən asılıdır”. (Modern)