Kolleclərə qəbul olanlar üçün qeydiyyat prosesi başlayır- Nazirlik

Sentyabrın 12-də saat 12:00-da tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar üçün qeydiyyat prosesinə start verilir.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, müraciətçilər https://portal.edu.az/ üzərindən qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçə bilərlər.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi və qəbul məlumatlarının təsdiq edilməsi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Həmçinin müraciət zamanı sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların təqdim edilməsi hissəsi də mövcuddur.

Elektron sistem üzrə qeydiyyat sentyabrın 21-i saat 23:59-da yekunlaşacaq. Qeydiyyat üçün müraciət etməyən şəxslər qəbul olunanların siyahısından xaric ediləcəklər.

Əvvəlki məqalə

“Ordumuzun Qırmızı Bazar istiqamətində atəş açması yalandır”

Sonrakı məqalə

Sabah hava necə olacaq?