Ötən il korrupsiya cinayətləri ilə bağlı müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 118 təqdimat göndərilib, 35 halda vətəndaş və ya vəzifəli şəxslərə rəsmi xəbərdarlıq edilib.
Bunu Baş prokurorun müavini-Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev 2019-cu ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ötən ildə Baş İdarə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi və İqtisadiyyat Nazirlikləri, Dövlət Gömrük Komitəsi və Qida Təhlükəsizliyi Agentliyi arasında qurulmuş səmərəli və işgüzar əməkdaşlıq ələqələri intensivləşib: “Bu da öz növbəsində qabaqlayıcı əhəmiyyətə malik olmaqla, həmin sahələrdə korrupsiya cinayətlərinin və digər hüquqpozmaların vaxtında aşkar edilməsinə, onların aradan qaldırılmasına, həmin qanun pozuntularına yol vermiş şəxslərin ifşa edilərək cinayət və inzibati məsuliyyətə cəlb edilmələrinə və bununla da digər şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsinin qarşısının alınmasına böyük töhfə verib”.
Əliyev qeyd edib ki, 2019-cu il ərzində Baş İdarəyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş 32, Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş 25, İqtisadiyyat Nazirliyindən daxil olmuş 21, Dövlət Gömrük Komitəsindən daxil olmuş 7 material əsasında araşdırma aparılıb və bir sıra hallarda cinayət işləri başlanıb.
K.Əliyev həmçinin bildirib ki, hesabat dövrü ərzində cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma faktları üzrə 7 cinayət işinin istintaqı tamamlanıb: “Hüquqi şəxslərə cinayət-hüquqi tədbirlərin tətbiq olunması barədə 3 cinayət işi üzrə 3 hüquqi şəxs barədə qərar qəbul olunaraq, hüquqi şəxslər və onların rəhbərliyi məhkəmə məsuliyyətinə verilib.
“Baş İdarənin əməliyyat qurumlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində 19 şəxs cinayət başında yaxalanıb, 17 nəfər axtarışda olan şəxs saxlanılıb, əməliyyat üsul və vasitələrindən istifadə etməklə korrupsiya hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında 49 cinayət işi başlanıb” –deyə Kamran Əliyev vurğulayıb.
O bildirib ki, 2019-cu il ərzində Baş İdarədə 497 şəxs barəsində 310 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib: “Həmin cinayət işlərindən 101 şəxs barəsində 59 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 69 şəxs barəsində 55 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 36 şəxs barəsində 18 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 52 şəxs barəsində 20 iş rüşvət alma (passiv rüşvətxorluq), 68 şəxs barəsində 43 iş rüşvət vermə (aktiv rüşvətxorluq) və şəxsi rüşvət verməyə təhrik etmə, qalanları isə digər korrupsiya cinayətləri ilə bağlı olub”.
Onun sözlərinə görə, Baş İdarə tərəfindən vətəndaşların 8447 müraciətinə baxılıb, həmçinin 317 cinayət xarakterli material araşdırılıb. Həmin materialların 231-i (72.90 %) üzrə cinayət işi başlanıb, 86 (27.10 %) material üzrə digər prokuror təsir aktları tətbiq edilib.
Hesabat dövründə “161-Qaynar xətt” əlaqə mərkəzinə yerli icra hakimiyyətləri, səhiyyə, sosial müdafiə, təhsil, bələdiyyə və digər sahələri əhatə edən 3849 müraciət üzrə əlaqəli dövlət qurumları ilə birgə görülmüş tədbirlər nəticəsində müraciətlərin müsbət həll olunması təmin edilməklə vətəndaşların pozulmuş hüquqları bərpa edilib.
“19 halda müraciət üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanıb, habelə aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması məqsədi ilə müvafiq təşkilatlara təqdimatlar göndərilib, görülmüş tədbirlər nəticəsində 47 vəzifəli şəxs intizam məsuliyyətinə cəlb edilib”, – deyə K. Əliyev vurğulayıb.