Kreditlərin 80 faizi Bakıda və Abşeronda olan sahibkarlara verilir –Bəs rayonlar? /RƏQƏMLƏR

Azərbaycanda kreditlərin 80 faizə yaxını Bakı və Abşeron-Xızı iqtisadi rayonunun payına düşür. Bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev danışıb.

Son ilin göstəricilərinə görə, Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının kredit portfeli 20.3 milyard manat təşkil edib.

Azərbaycanda 2004-cü ildən etibarən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları reallaşdırılır. Bəs belə isə, ümumu kredit portfelində əyalətlərə belə az pay ayrılmasına səbəb nədir?

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Turan”a bildirilib ki, Azərbaycanda sahibkarlar maliyyələşmə mənbəyi kimi daha çox banklara üstünlük verirlər: “Bankların kredit portfeli geniş olsa da, kreditləşmədə regionların payı 23 faiz, Bakı üzrə isə 77 faizdir”.

Qurumdan əlavə olunub ki, müraciətlərin, sorğuların təhlilinə, beynəlxalq təşkilatların hesabatlarına əsasən, KOB-ların maliyyə mənbələrinə çıxışı sahəsində üzləşdikləri əsas çətinliklər yüksək faiz dərəcəsi, sərt girov şərtləri, risklərin bölüşdürmə və kreditlərə zəmanət mexanizmlərinin əlyetərli olmamasıdır: “Ölkəmizdə kredit zəmanət mexanizminin formalaşması təqdirəlayiqdir, lakin KOB sektoruna yönəlik təminat sisteminin daha da təkmilləşməsinə ehtiyac var”.

Sahibkarlığın İnkişafı Fondundan isə deyilib ki, 2022-ci ildə dövlət xətti ilə onlar ümumi dəyəri 399.4 milyon manat olan 2 min 726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145.9 milyon manat güzəştli kredit veriblər: “Bu kreditlər hesabına 3 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb”.

Fondan qeyd olunub ki, kreditlərin 59.8 faizi kənd təsərrüfatı, 23.9 faizi sənaye məhsullarının istehsalı, emalı, 6.5 faizi turizmin inkişafına yönəldilib: “Güzəştli kreditlərin 70.6 faizi regionların, 29.4 faizi isə Bakı şəhəri və Abşeronun payına düşür”.

Mövzu ilə bağlı banklar ilə isə danışmaq mümkün olmayıb.

İqtisadçı Rəşad Həsənov da Azadlıq Radiosuna bildirib ki, mövcud proporsiyalar çox da təəccüblü deyil: “Çünki kredit iqtisadi subyektlərə verilir, iqtisadiyyatın 75-80 faizi isə məhz Abşeron yarımadasında yerləşib…”.

Bununla belə, onun sözlərinə görə, burada digər mühüm məqam da regionlarda kreditləşmə siyasəti ilə bağlı bankların mövqeyidir. O qeyd edib ki, regionlarda girov götürülən əmlak likvidli deyil: “Son 30 ildə vətəndaşlar bazar iqtisadiyyatı rejimində çalışır, müəyyən yığmalar etməyə çalışırlar. Amma iqtisadiyyatın keçid dövrü və böhranlar vətəndaşlarda ciddi imkanın yaranmasına gətirib çıxarmayıb. Nəticədə biznesi irəli aparmağın yeganə maliyyə yolu bank sektorundan qaynaqlanır. Banklar isə kredit vermədiyi təqdirdə bu, biznesin inkişaf imkanlarını məhdudlaşdırır, iş yerlərinin artmasının qarşısını alır və nəticədə paytaxta doğru axın baş verir. Bu da ölkədə sosial həyatının da müəyyən mənada xaosa doğru yönəlməsinə gətirib çıxarır”.

Əvvəlki məqalə

Prokuroru hamam fotoları ilə şantaj edən dəstəyə 36 il həbs cəzası verildi

Sonrakı məqalə

ABŞ Ukraynaya 400 milyonluq yeni hərbi yardım paketi ayırdı